Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi iclası “Sian təşəbbüsü”nün qəbul edilməsi ilə başa çatıb

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi iclası “Sian təşəbbüsü”nün qəbul edilməsi ilə başa çatıb

04.06.2013 [00:41]

Çin Xalq Respublikasının Sian şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaq” mövzusunda xüsusi iclası keçirilib.
Asiya və Sakit okean hövzəsi ölkələrinin quruma üzv olan 50-dən çox siyasi partiyasından 100-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Mirkazım Kazımov təmsil ediblər.
Asiya regionunda ekoloji məsələlərin diqqət mərkəzində olduğu iclasda, həmçinin Latın Amerikası və Afrikadan müşahidəçi statusunda nümayəndə heyətləri də iştirak ediblər.
Xüsusi iclasın açılış mərasimində Çinin vitse-prezidenti Li Yuançao, Şri-Lankanın prezidenti Mahinda Racapaksa, İCAPP-ın Daimi Komitəsinin həmsədri Xose de Venesia və digərləri özünün yeni inkişaf dövrünü yaşayan Asiyada müxtəlif çağırışların ortaya çıxdığını bildiriblər. Vurğulanıb ki, bunlardan ən vacibi ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi məsələləridir. Ölkələrin aparıcı siyasi partiyalarının bu istiqamətdə görə biləcəyi işlər, birgə əməkdaşlıq, dövlət və hökumət qurumları ilə məsləhətləşmələr olduqca vacibdir. İCAPP-ın “Yaşıl inkişafı təşviq edək və birlikdə daha gözəl Asiya yaradaq” mövzusundakı xüsusi iclası da məhz bu mövzuların müzakirəsi baxımından önəmlidir.
Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti nümayiş olunub. Baş katib müraciətində iqtisadi inkişaf ilə ətraf mühitin mühafizəsi arasında tarazlığın pozulmasının vacibliyini ön plana çəkib.
Xüsusi iclasın seminarlarında nümayəndə heyətlərinin başçıları mövzu ilə əlaqədar çıxışlar ediblər. Çıxışlarda əsasən dünyanın ərazicə və əhalicə ən böyük qitəsi olan Asiyada ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişikliyi kimi mövzuların daim gündəmdə saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iclasda çıxışı zamanı qeyd edib ki, hazırda sağlam həyat, ətraf mühitin qorunması bəşəriyyətin əsas vəzifələrindən biridir. Biz gələcək nəsillərə daha təmiz ətraf mühitə malik planet verməliyik. Aydındır ki, ətraf mühitin qorunması ayrıca bir ölkənin işi deyildir. Bunun üçün hamının səylərini birləşdirmək daha məqsədəuyğundur. Bu istiqamətdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yeni qərarlara ehtiyac var.
M.Qurbanlı hazırda dünyanın bir sıra bölgələrində münaqişə ocaqlarının sülh üçün təhlükə mənbəyi olmaqla yanaşı, həmçinin ekologiyaya böyük ziyan vurduğunu da diqqətə çatdırıb. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ciddi ekoloji problemlər ortaya çıxıb, meşələr yandırılıb, flora və faunaya böyük ziyan vurulub. Sürətlə silahlanmaya, yeni-yeni silah növlərinin yaradılmasına ayrılan vəsaiti ekoloji problemlərin həllinə yönəltmək indiki şəraitdə dünya ölkələrinin əsas vəzifələrindəndir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin qorunması istiqamətində görülən işlərdən də danışıb, “Ekologiya ili” çərçivəsində həyata keçirilmiş tədbirlərin digər ölkələr üçün də örnək olduğunu deyib.
İkigünlük müzakirələrin sonunda iclasın yekun sənədi - “Sian təşəbbüsü” qəbul olunub. Sənəddə güclü iqtisadi inkişafın müşahidə olunduğu Asiyada yaşıl inkişafın dəstəklənməsinə diqqətin artırılmasının vacibliyi qeyd olunub. Yaşıl inkişaf ekologiyanı daha az korlayan istehsala və istehlaka üstünlüyün verilməsini nəzərdə tutur. Sənəddə “Daha gözəl Asiya” yaratmaq üçün beynəlxalq və dövlətlərarası əməkdaşlığa çağırış əksini tapıb. Bu istiqamətdə Asiya Yaşıl İnkişaf Fondunun, Asiyada Böyük Yaşıl Texnologiya Bazarının yaradılması ideyaları diqqəti çəkən məqamlardır. Xatırladaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı üzv ölkələr arasında qarşılıqlı etimadın və anlaşmanın gücləndirilməsinə, siyasi partiyaların iştirakı və dəstəyi ilə Asiya regionunun inkişafına dair əməkdaşlıq və fikir mübadiləsi aparmaq məqsədi ilə 2000-ci ildə yaradılıb.
Azərbaycan bu forumun fəal iştirakçılarından biridir. Belə ki, 2012-ci ilin noyabrında qurumun 7-ci Baş Məclisi, cari ilin aprelində isə Daimi Komitənin Qadınlar qolunun ilk iclası Bakıda keçirilib.
Bundan başqa, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov qurumun Daimi Komitəsinin üzvüdür.

Paylaş:
Baxılıb: 1132 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31