Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / TAP layihəsi Azərbaycanın Avropanın enerji bazarındakı yerini möhkəmləndirir

TAP layihəsi Azərbaycanın Avropanın enerji bazarındakı yerini möhkəmləndirir

14.08.2013 [09:14]

Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda, biz Avropa İttifaqının timsalında yeni bazarlar tapmışıq
Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələri əhatə edən iqtisadi tərəfdaşlığın çox mühüm tərkib hissəsini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu əməkdaşlıq hazırda Azərbaycan qazını Avropaya çıxaracaq boru xətti kimi Transadriatik qaz kəmərinin (TAP) seçilməsindən sonra yeni zirvəyə yüksəlib. Təsadüfi deyil ki, bu günlərdə ölkəmizdə səfərdə olan İtaliyanın Baş naziri Enriko Letta ilə görüşündə Prezident İlham Əliyev TAP qaz kəmərinə dair qərarın verilməsinin İtaliya ilə yanaşı, Avropanın böyük hissəsi üçün də vacib olduğunu bildirib. Dövlət başçısı enerji sahəsində əməkdaşlığın bütün tərəflər üçün sərfəli olduğunu qeyd edib: “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda, biz Avropa İttifaqının timsalında yeni bazarlar tapmışıq”.
Qeyd edək ki, TAP layihəsi, əslində, birdən-birə qazanılmış uğur olmayıb, Azərbaycanın Gürcüstan, Türkiyə, eləcə də, Avropa məkanı ilə düşünülmüş enerji əməkdaşlığının nəticəsidir. Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur. Hazırda Azərbaycanın neft və neft məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir. Eyni zamanda, bir sıra qonşu ölkələrə təbii qaz ixrac edən Azərbaycan Avropa bazarlarında əsas “mavi yanacaq” ixracatçılarından birinə çevrilməkdədir. Məlum olduğu kimi, Azərbaycan son illərdə mühüm təbii qaz ixracatçısı potensialı ilə Avropanın diqqətini özünə cəlb edir. Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq region dövlətləri üçün enerji təhlükəsizliyinin təminatına, Azərbaycanın maraqları baxımından isə ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin sürətli inkişafına və bütövlükdə ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir. 1999-cu ildə “Şahdəniz” yatağında zəngin qaz ehtiyatlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Azərbaycanın 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş həcmində dəyərləndirilən qaz ehtiyatları Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və Azərbaycan qazı bu kəmərlə Gürcüstana və 2007-ci ildən Türkiyəyə nəql olunur. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi.
Bu istiqamətdə mühüm addım 2011 və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökumətləri arasında Transanadolu qaz kəməri (TANAP) layihəsinə dair sazişlər imzalandı. Bu boru xətti BTƏ-dən gələn qazı Yunanıstanla sərhədə çıxaracaq. TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
BTƏ və TANAP “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələridir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin müəyyən edilməsi isə “Cənub qaz dəhlizi”nin böyük hissəsinin razılaşdırılması deməkdir. Bu layihə NABUCCO, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələri içərisindən seçilib.
Beləliklə, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazın Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək.
Qeyd edək ki, “Şahdəniz” Konsorsiumunun TAP layihəsini seçməsi ilk gündən beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb.
Aİ Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: “Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək “Cənub qaz dəhlizi”nin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir”.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts bildirmişdi ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası “Cənub qaz dəhlizi” çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir.
ABŞ Dövlət Departamentindən isə bildirilib ki, TAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Şahdəniz” Konsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.
Bu günlərdə ölkəmizdə səfərdə olan İtaliyanın baş naziri Enriko Letta isə Prezident İlham Əliyevlə birlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı TAP layihəsinin əhəmiyyətini olduqca yüksək qiymətləndirib: “Bu, təkcə İtaliyanın deyil, eyni zamanda, regionun gələcəyi üçün müstəsna əhəmiyyətə malik layihədir. Bu, böyük bir enerji çərçivəsini dəyişmiş olacaq bir layihədir”.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də mühüm təbii qaz ixracatçısı kimi böyük potensiala sahibdir və ölkəmizin enerji siyasəti Avropa dövlətlərinin bu sahədə qərarlarına və bölgənin enerji xəritəsinin formalaşmasına çox ciddi təsir göstərir. Azərbaycanın mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və bu siyasətlə ölkəmiz yanacaq bazarındakı ədalətli qiymət siyasətinə, azad rəqabət imkanlarına öz töhfəsini vermiş olur.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31