Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ərazi bütövlüyünün bərpası növbəti 5 ildə prioritet məsələ olacaqdır

Ərazi bütövlüyünün bərpası növbəti 5 ildə prioritet məsələ olacaqdır

22.10.2013 [10:02]

Prezident İlham Əliyev: Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində prioritet məsələdir və son 10 ildə ölkə rəhbərliyi bu istiqamətdə çoxşaxəli fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Lakin əlbəttə ki, konfliktin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi, münaqişənin sülh yolu ilə ədalətli həllinə yardım etmək öhdəliyini üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səmərəli iş ortaya qoya bilməməsi, beynəlxalq birliyin digər aktorlarının bu məsələdə passivliyi özünü qabarıq göstərir. Bu baxımdan təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl baş tutan andiçmə mərasimindəki nitqində bu məsələyə ayrıca toxunub, münaqişənin indiyədək həllini tapmamasının başlıca səbəbləri kimi Ermənistanın riyakar siyasətini, qeyri-konstruktiv mövqeyini, eləcə də, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyini vuğulayıb.
AZƏRBAYCAN HƏR SAHƏDƏ ERMƏNİSTANDAN DƏFƏLƏRLƏ ÜSTÜNDÜR
Məlumdur ki, tarixi həqiqət, haqq-ədalət Azərbaycanın tərəfindədir. Bunun təsdiqi olaraq, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq faktını və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatının son 10 ildə qəbul etdiyi qərar və qətnamələri problemin ədalətli həlli üçün müəyyən hüquqi zəmin yaradıb.
Son 10 ildə Azərbaycan danışıqlar prosesində aktiv iştirak edib, özünün qətiyyətli mövqeyini ortaya qoyub, Ermənistanın destruktiv siyasətini ifşa edib. Lakin münaqişənin mövcud vəziyyəti, yəni, torpaqların işğal altında olması, məcburi köçkünlərin öz evlərinə qayıda bilməməsi və regional sabitliyin təhlükədə olması Azərbaycanı qane edə bilməz. Bu səbəbdən də, aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı Ermənistana qarşı təzyiq siyasətini həyata keçirməkdədir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, bu ölkənin daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləridir.
Əlbəttə ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə işğalçıya qarşı birbaşa atılan addımlarla məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün sosial-iqtisadi və hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Dövlət başçısının da qeyd etdiyi kimi, “bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır”.
Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
DİPLOMATİK HÜCUM SİYASƏTİ VƏ ERMƏNİSTANA TƏZYİQLƏR DAVAM ETDİRİLƏCƏK
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən də göründüyü kimi, növbəti 5 ildə ərazi bütövlüyünün bərpası prioritet məsələ olacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hücum diplomatiyası və ardıcıl siyasət davam etdiriləcək. Bu çərçivədə Xocalı soyqırımını, Qarabağ həqiqətlərini dünyada daha geniş şəkildə tanıtdırma istiqamətində tədbirlər ardıcıl həyata keçiriləcək.
Eyni zamanda, Azərbaycan özünün hərbi, siyasi, iqtisadi gücünü artırmaqda davam edəcək, paralel olaraq, Ermənistanın sosial, iqtisadi tənəzzülünün, depopulyasiyasının daha da dərinləşməsi istiqamətində səylər artırılacaq. Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışında Ermənistan rəhbərliyinə açıq mesajını da ünvanlayıb: “Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın”.
AZƏRBAYCANLILAR BÜTÜN TARİXİ TORPAQLARA QAYITMALIDIRLAR
Beləliklə, dövlət başçısı ərazi bütövlüyünün bərpası ilə bağlı strateji hədəf kimi azərbaycanlıların bütün tarixi torpaqlarımıza qayıtmasını və bu hədəfə çatmaq üçün gənc nəslin, vətənpərvər insanların və bütövlükdə cəmiyyətin bu amalla yaşamalı olduğunu göstərdi: “Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq”.
Nəhayət, Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, üzərindən 20 ildən artıq vaxtın keçməsinə baxmayaraq, cəmiyyətimizin işğalla barışmaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31