Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaq

Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaq

23.10.2013 [10:34]

Prezident İlham Əliyev: Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır
Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkilərində dövlət başçısı İlham Əliyev yenidən səs çoxluğu ilə böyük və inamlı qələbə qazanıb. Bu qələbənin kökündə son 10 ildə Azərbaycanda həyata keçirilən nəhəng layihələr, görülən işlər və əzəmətli nailiyyətlər dayanır. Başqa sözlə, yenidən Prezident İlham Əliyevə səs verməklə, Azərbaycan xalqı özünün parlaq və işıqlı gələcəyinin təminatına səs vermiş oldu. Bu, həm də o deməkdir ki, qarşıdakı dövrdə ötən illərdə həyata keçirilən siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq. Bunu oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqində də aydın görmək olar. Dövlət başçısı xalqa müraciətində Ona etimad göstərərək yenidən Prezident vəzifəsinə seçən vətəndaşlara minnətdarlığını bildirib və bundan sonra da doğma xalqına ləyaqətlə xidmət edəcəyinə, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyinə söz verib, konkret hədəflərini açıqlayıb. Ölkə iqtisadiyyatıın inkişaf etdirilməsi və neqativ halların aradan qaldırılması dövlət siyasətinin əsas hədəflərindən biri kimi irəli sürülüb. Dövlət başçısı növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılacağını diqqətə çatdırıb: “Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır”.
Məlum olduğu kimi, son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Müvafiq istiqamətdə həyata keçirilən sistemli islahatlar dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını və Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir tələblərə cavab verən normativ hüquqi baza yaradılıb və əksər dövlət qurumları öz əməkdaşlarının davranış qaydaları və kodekslərini təsdiq edib. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla da sıx əlaqə saxlayır və bir çox konvensiya və beynəlxalq sənədlərə imza atıb. Məsələn, Azərbaycan korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi çıxış edir. Həmçinin, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirləri müəyyən edir.
Dövlət başçısının müvafiq tapşırıqlarından sonra bu sahədə görülən işlər isə öz növbəsində islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub. Lakin bununla belə, yalnız inzibati tədbirlər bəzən yetərli olmur və cəmiyyəti inkişafdan saxlayan mövcud neqativ hallara qarşı ictimai müqavimət daha güclü olmalıdır.
Şübhəsiz, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla rastlaşdıqda qanun çərçivəsində öz haqqını tələb etməli, əksinə, hüquq pozuntularına yol verməməlidir. Bir sözlə, məmur və vətəndaşların düşüncəsi və hadisələrə yanaşma tərzi dəyişməli, korrupsiya və rüşvətxorluğa qarşı cəmiyyətin hər bir fərdi, hər bir vətəndaşı ayrılıqda mübarizə aparmalıdır. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalı, fəaliyyətlərinin əsas prinsipini insanlara qayğı təşkil etməlidir. Təsadüfi deyil ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni ümumxalq işi adlandıran dövlət başçısı İlham Əliyev məlum nitqində ölkəmizdə neqativ hallarla mübarizədə elektron xidmətlərin yaradılması sayəsində şəffaflığın təmin olunmasının vacibliyini də vurğulayıb: “Böyük ümidlərim əlbəttə ki, elektron xidmətlərədir. “Elektron hökumət” layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır”.
Bu yöndə də dövlət müvafiq işlər görüb. Hökumət vətəndaşların rastlaşdığı qanun pozuntuları ilə fərdi qaydada mübarizə aparmasının təşkili, yəni müvafiq orqanlara operativ şəkildə müraciət edə bilməsi üçün əlverişli şəraiti yaradıb.
Ümumilikdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə öz səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən də təsdiq edilir. Məsələn, ötən ay açıqlanan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatı və “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir.
Qeyd edildiyi kimi, 2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilib. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət -antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması üzrə istiqamətləri dəyərləndirilərək ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN - Xidmət” mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilib. Qeyd olunan sənəddə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verdiyi xüsusilə vurğulanıb və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi qeyd olunub.
Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 5-də “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Hər 2 Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.
Sözügedən hesabatda, həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilib.
Bununla yanaşı, qeyd olunan hesabatda, Azərbaycanda şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilib. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan “Vətəndaş İştirakçılığı haqqında” qanun layihəsinin parlamentdə 2 oxunuşdan keçməsi müsbət hal kimi dəyərləndirilib.
Bundan əlavə, cari il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiqləyib. Hesabata əsasən demək olar ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır. Belə ki, Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricisindən 3 dəfə artıqdır.
Beləliklə, deyilənlər sübut edir ki, Azərbaycan hökuməti ölkədə korrupsiyanın qarşısının alınması üçün ortaya ciddi siyasi iradə qoyub. Sistem xarakterli tədbirlər, institusional islahatlar, cəza tədbirləri və s. bir daha təsdiq edir ki, bu gün Azərbaycanda korrupsiya və digər neqativ hallara qarşı əsaslı mübarizə aparılır və cəmiyyət, beynəlxalq ictimaiyyət real nəticələri artıq hiss etməkdədir.
SEVİNC

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31