Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arye Qut: Azərbaycan MDB-də xarici siyasəti uğurla şaxələnmiş olan yeganə dövlətdir

Arye Qut: Azərbaycan MDB-də xarici siyasəti uğurla şaxələnmiş olan yeganə dövlətdir

25.12.2013 [09:44]

İsrailin “Birinci radio” radiostansiyasının israillilər arasında məşhur olan “Qəti məsələlər” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri, bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) rolu geniş şərh edilib.
İsrail radiosunun aparıcısı Mark Kriçevskinin Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri ilə bağlı suallarını cavablandıran beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib ki, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və xalq üçün çox vacib strateji xarakter daşıyır. Arye Qut deyib: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri, neft-qaz, telekommunikasiya, kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyaların təchizatında Azərbaycanın vacib strateji tərəfdaşıdır”.
Politoloqun fikrincə, Azərbaycan qeyd-şərtsiz Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideridir və bu, yalnız onun zəngin neft-qaz ehtiyatlarına görə deyildir. İsrailli analitik deyib: “Karbohidrogenlərlə zəngin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan enerji istehsalı məhsullarını daha geniş məqsədlərə yönəltmişdir. Postsovet Azərbaycanı sübut edə bilmişdir ki, o, zəif və asılı geosiyasi substansiya deyildir. O, Cənubi Qafqazda və Yaxın Şərqdə əsas rol oynayır. Bu, ola bilsin ki, MDB-də xarici siyasəti uğurla şaxələnmiş yeganə dövlətdir.
Azərbaycanın praqmatik yanaşması, dini dözümlülüyü, diplomatiyanın dünyanın bir çox başqa hissələrindəkindən daha mürəkkəb olduğu regiondakı qonşuları ilə konstruktiv münasibətləri - bütün bu amillər bu qədər uğurlu Azərbaycanın təşəkkülündə öz rolunu oynamışdır. Burada Prezident İlham Əliyevin 2009-cu ilin iyulunda İsrail siyasətinin patriarxı, İsrail dövlətinin başçısı Şimon Peresi dəvət etməsi və yüksək səviyyədə qəbul etməsi ilə bağlı cəsarətli geosiyasi və uzaqgörən qərarını qeyd etməyə dəyər”.
Mark Kriçevskinin Üçüncü Bakı Humanitar Forumu ilə bağlı sualını cavablandıran Arye Qut qeyd edib ki, Bakı Humanitar Forumu çox vacib beynəlxalq tədbirdir, beynəlxalq intellektual cəmiyyətin siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşdükləri həqiqi və real meydanıdır. Arye Qut deyib: “Forumda İsraili üç Nobel mükafatı laureatı - professorlar Dani Şextman, Ada Yonat və Arye Varşel təmsil etmişlər. Onların hər biri Üçüncü Bakı Humanitar Forumunun yüksək səviyyədə təşkili və Azərbaycanda qonaqpərvərliyin çox gözəl olması ilə bağlı böyük təəssüratlarını mənimlə bölüşmüşlər”.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanın İsraildəki həqiqi mənada diaspor təşkilatı olan “Azİz” Beynəlxalq Assosiasiyasının fəal işi, eləcə də İsrail Xarici İşlər Nazirliyinin başçısı Aviqdor Libermanın mühüm rolu sayəsində Azərbaycanın İsraildə nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Arye Qut deyib: “Mən İsrail vətəndaşı və Azərbaycanın İsraildəki diasporunun nümayəndəsi kimi qeyd etmişəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının adət-ənənələrinə qayğıkeş və isti münasibət göstərir. Yəhudilərin dünyada yeganə və unikal kompakt yaşayış yeri olan Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlərcə birgə yaşayırlar, özlərini doğma qardaşlar kimi hiss edirlər. Onları burada ümumi tale bir-birlərinə bağlamışdır, təsadüfi deyildir ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı, erməni daşnakları Azərbaycan şəhərlərində qanlı qırğın və qətliam törədərkən azərbaycanlılarla yanaşı, üç mindən artıq yəhudi həlak olmuşdur”.
Ekspertin sözlərinə görə, Azərbaycanın İsrail dövlətində əsl diaspor təşkilatı olan “Azİz” Beynəlxalq Assosiasiyasının Müqəddəs Torpaqda yaranması Azərbaycanın dözümlülük və tolerantlıq siyasətinin nəticəsidir. Arye Qut bildirib: “Bu, tarixi faktdır ki, məhz Azərbaycandan gəlmiş yəhudilər bu diaspor təşkilatının əsasını qoymuşlar. Bu gün bu, reallıqdır, Azərbaycan, təvazökarlıqdan uzaq olsa da, bununla fəxr edə bilər, İsraildə kifayət qədər güclü və qüdrətli Azərbaycan diaspor təşkilatı - “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu qurumun strateji tərəfdaşıdır”.
“Azİz” Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü qeyd edib ki, assosiasiya hər ay İsrailin müxtəlif şəhərlərində “Xocalıya ədalət” mövzusunda sənədli sərgi və Azərbaycan Günləri keçirir. Arye Qut vurğulayıb ki, Xocalı qırğınının ağır və sağalmayan yara kimi Azərbaycanın qəlbində həmişəlik qalacaq amansız və qəddar səhnələrini İsrailin hər yerində nümayiş etdiririk: “Soyuq qış gecəsində Xocalı faciəsi nəticəsində erməni faşistləri 613 nəfəri məhv ediblər. Onların çoxu görünməmiş işgəncələrə, təhqir və həqarətə məruz qalıb. Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmənin mərhələlərindən biri idi. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə barbar amansızlığının izahı yoxdur. Bu gün Ermənistanda yüksək vəzifə tutan şəxslər - Serj Sarkisyan, Seyran Ohanyan və başqaları həyata keçirilmiş qətliamın ideoloqları və iştirakçıları kimi bu qanlı faciədə günahkardırlar”.
A.Qutun sözlərinə görə, İsrail iyirmi minlik yəhudi icmasına isti və səmimi münasibət göstərilməsində müasir Azərbaycanın rəhbərliyinin rolunu yüksək qiymətləndirir. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü deyib: “Unutmayaq ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilmişdir və ölkənin hər yeddinci sakini qaçqındır. Azərbaycanda heç vaxt antisemitizm olmamışdır və biz Azərbaycan əsilli israillilər kimi, İsraildəki Azərbaycan diasporu kimi bu amillə fəxr edirik. Azərbaycan mədəniyyətlərarası dialoqun həqiqi nümunəsidir. Mənə başqa bir müsəlman və ya xristian ölkəsi göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Düşünürəm ki, bu cür başqa bir ölkəni siz sadəcə olaraq, tapa bilməzsiniz”.

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31