Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü ilin birinci rübündə sosial infrastrukturun yaradılması istiqamətində önəmli addımlar atılıb

2014-cü ilin birinci rübündə sosial infrastrukturun yaradılması istiqamətində önəmli addımlar atılıb

23.04.2014 [09:36]

Prezident İlham Əliyev: Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda dövlət başçısı İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxarıb. Regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla reallaşdırılması, bütün sahələrdə islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun, özəl bölmənin inkişafının stimullaşdırılması ölkə iqtisadiyyatının potensialını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, uzun çəkən və bir sıra ağır fəsadlarla müşayiət olunan beynəlxalq maliyyə böhranının nəticələri dünyanın ayrı-ayrı ölkələrində hələ də hiss edilsə də, ötən dövrdə Azərbaycan iqtisadiyyatı möhkəm dayanıqlıq nümayiş etdirərək yüksək artım tempi ilə fərqlənib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının vurğuladığı kimi, Azərbaycan cari ilin 3 ayı ərzində də dinamik inkişaf templərini saxlamağa müvəffəq olub. Ölkə iqtisadiyyatının daha da möhkəmləndiyini makroiqtisadi vəziyyəti əks etdirən statistik göstəricilər də təsdiqləyir. Cari ilin əvvəlindən bəri iqtisadiyyatın davamlı inkişafı nəticəsində ümumi daxili məhsulun (ÜDM) həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat təşkil edib. Son illərdə ölkəmizdə böyük maliyyə tutumlu investisiya proqramlarının reallaşdırılmasına baxmayaraq, valyuta ehtiyatlarımız artmaqda davam edir. Respublikanın strateji valyuta ehtiyatları cari ilin birinci rübündə daha da artaraq 53 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Hazırda adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycan dünyada qabaqcıl ölkələr sırasında qərar tutub. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, ötən il olduğu kimi, cari ilin birinci rübündə də qeyri-neft sektorunda inkişaf daha intensiv xarakter daşıyıb. Belə ki, bu sahə üzrə rüb ərzində 8,8 faiz artıma nail olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi dərin məzmunlu nitqində bir daha vurğulayıb ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir: “İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır”.
İqtisadiyyatımızın möhkəmlənməsi, ölkənin maliyyə imkanlarının ilbəil genişlənməsi Prezident İlham Əliyevin iradəsi ilə müəyyənləşən və ölkə əhalisinin bütün təbəqələrini əhatə edən geniş məzmunlu sosial siyasətlə müşayiət olunur.
Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq maddi kapitalın insan kapitalına çevrilməsi, instisional inkişaf sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ümumiyyətlə, ölkədə reallaşdırılan sosial siyasət çoxaspektlidir. Əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, yeni səhiyyə ocaqlarının inşası, təmiri, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin müəyyən təbəqəsinə ünvanlı sosial yardımlar ayrılması, bütün ölkə boyu yeni məktəblərin tikintisi müstəqil Azərbaycanda insan amilinə verilən dəyərin bariz nümunələridir. Bura ölkəmizdə gənclərin əmək bazarının dəyişən tələblərinə uyğun yüksək səviyyəli kadrlar kimi yetişmələrinə göstərilən dəstəyi, Dövlət Proqramına uyğun olaraq gənclərin dünyanın ən mötəbər universitetlərində təhsil almalarına imkan yaradılmasını və digər belə tədbirləri də əlavə etsək, sosial sahədə dövlət siyasətinin mahiyyəti barədə konkret təsəvvür yaranar.
Ümumiyyətlə, ölkəmizdə sosial məsələlərin yüksək səviyyədə həll edilməsi, o cümlədən də, sosial infrastrukturun yenilənməsi və müasirləşdirilməsi davamlı xarakter alıb. Son 10 ildə ölkəmizdə 2700-dən çox yeni məktəb tikilib və 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin edilib, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub.
Ölkəmizdə Prezident İlham Əliyevin qayğısı ilə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətini də səhiyyə sahəsində müasir infrastrukturun yaradılması, o cümlədən də, tibb ocaqlarının müasir avadanlıqla və güclü kadr potensialı ilə təchiz edilməsi təşkil edir. Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük qayğı göstərməsinin sayəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılması ildən-ilə daha geniş vüsət alır. Son illərdə 500-dən artıq səhiyyə müəssisəsi tikilib istifadəyə verilib ki, onların da 70 faizi regionların payına düşür. Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.
Yeni tikilən və yaxud təmir olunan səhiyyə ocaqlarının hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə də mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.
Ölkəmizdə cari ilin əvvəlindən etibarən, Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, böyük sosial məna kəsb edən bir layihədir. Respublikamızın bütün bölgələrində müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzlərinin yaradılması belə geniş proqramı uğurla reallaşdırmağa imkan verir. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan müxtəlif tibbi müayinədən keçib. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır: “Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik”.
Respublikamızda dinamik iqtisadi inkişafın sosial məzmunlu siyasətlə müşayiət olunmasını həm də əhalinin pul gəlirlərinin mütəmadi qaydada artmasında müşahidə etmək mümkündür. Cari ilin birinci rübündə əhalinin pul gəlirləri 4,5 faiz yüksəlib, inflyasiya isə cəmi 2 faiz təşkil edib. Ölkə üzrə əməkhaqqı da ildən-ilə artır. Cari ilin birinci rübündə orta əmək haqqında 7 faizlik artıma nail olunub və ölkə üzrə orta əməkhaqqı 430 manat təşkil edib. Cari ilin birinci rübündə büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosialyönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manat və ya 6,5 faiz çox təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilib.
Ölkəmizdə son illərdə həyata keçirilən uğurlu sosial siyasətdən söhbət açarkən bu sahəyə Heydər Əliyev Fondunun verdiyi töhfələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə elm və təhsil, səhiyyə, uşaq evlərinin inkişafı, aztəminatlı ailələrə qayğı göstərilməsi və digər istiqamətlərdə soxlu sayda təşəbbüslər göstərilib və yeni-yeni layihələr həyata keçirilib.
Bir sözlə, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımızın yeni hədəflərə çatması, yüksək inkişaf göstəriciləri qazanması son nəticədə sosial siyasətin məzmununu daha da genişləndirməyə, bu vacib sahəyə daha böyük məbləğdə maliyyə yönəltməyə imkan verir. Əlbəttə, sosial sahədə qazanılan nailiyyətlərin miqyası nə qədər geniş olsa da, qarşıda yeni hədəflər və məqsədlər durur. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev diqqəti sosial sferada qarşıda duran vəzifələrə yönəldərək deyib: “Bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31