Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni yalanları Azərbaycan-Türkiyə qardaşlığı qarşısında iflasa uğramağa məhkumdur

Erməni yalanları Azərbaycan-Türkiyə qardaşlığı qarşısında iflasa uğramağa məhkumdur

30.04.2014 [09:21]

Prezident İlham Əliyevin “Şərq tərəfdaşlığı” Sammitindəki çıxışı bir daha Azərbaycanın bütün sahələrdə artan gücünü, prinsipial diplomatiyasını və qardaş Türkiyə ilə sarsılmaz münasibətlərini təsdiq etdi
Məlum olduğu kimi, aprelin 24-də Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammitdə iştirak edən Prezident İlham Əliyevin çıxışı xarici KİV-lərdə, o cümlədən, Türkiyə mediasında böyük rezonans doğurub. Belə ki, tədbirdə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəni qondarma “soyqırımı” iddialarını qəbul etməməsi və Ermənistanla sərhəddi açmaması ilə bağlı ittihamlarına dövlət başçımız tutarlı cavab verərək, işğalçı ölkə rəhbərinin əsassız ittihamlarını puça çıxarıb. Prezident İlham Əliyevin sözügedən çıxışı bir daha Azərbaycanın bütün sahələrdə artan gücünü, prinsipial diplomatiyasını, həmçinin, qardaş Türkiyə ilə sarsılmaz münasibətlərini və Ermənistanın təcavüzkar siyasətini təsdiq etdi.
İQTİSADİ, SİYASİ, HƏRBİ GÜCÜN TƏMƏLİNDƏ DAYANAN GÜCLÜ LİDER AMİLİ
Şübhəsiz, hər bir dövlətin beynəlxalq hüquq çərçivəsində öz milli maraqlarını qoruması üçün ölkənin hərtərəfli güclənməsi və inkişafı mühüm önəm kəsb edir. Bu baxımdan, Azərbaycan sözün həqiqi mənasında müstəqil inkişaf edən və beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətdir. Bu isə məhz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub. Bildiyimiz kimi, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib, ümumi daxili məhsul 3 dəfədən çox artıb, yoxsulluq isə 5 faizə enib. Bundan əlavə, demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin olunması da prioritet sahələr olaraq həyata keçirilən siyasi, hüquqi islahatların mərkəzində dayanır. Azərbaycan Cənubi Qafqazda üstün hərbi gücə, yüksək səviyyədə təchiz olunmuş orduya sahib olan ölkədir. Sürətli iqtisadi inkişaf tempi ilə yanaşı, daxili sosial-siyasi sabitliyə və sarsılmaz xalq-iqtidar birliyinə malik olan respublikamızın beynəlxalq siyasi münasibətlərdəki nüfuzu artır, dünya bazarlarındakı mövqeyi möhkəmlənir. Düşünülmüş neft strategiyasının sayəsində ölkəmiz enerji sahəsində Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi göstəriciləri nüfuzlu beynəlxalq qurumların reytinq cədvəllərində yüksək qiymətləndirilir. Dünya səviyyəsində Azərbaycana olan hörmətin artmasında, heç şübhəsiz, Prezident İlham Əliyevin konkret və milli maraq kəsb edən məsələlərə münasibətdə qəti və aydın mövqeyini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasının da böyük rolu var.
AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI: ERMƏNİ RİYAKARLIĞINA QARŞI ƏN GÜCLÜ SİPƏR
Məlum olduğu kimi, qardaş və dost ölkələr olan Azərbaycan və Türkiyə bir çox məsələlərdə ortaq siyasi, iqtisadi, təhlükəsizlik maraqlarına malikdir. Bu münasibətlər erməni yalanlarına və riyakarlığına qarşı möhkəm sipər rolunu oynayır. Plenar iclasdakı çıxışı zamanı Prezident İlham Əliyevin Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürən Sarkisyanın cavabını layiqincə verməsi Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını bir daha göstərdi. Dövlət başçımızın söylədiyi kimi, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürən Ermənistan prezidenti bu ölkənin nümayəndələrinin tədbirdə olmamasından fürsət kimi yararlanmağa çalışıb: “Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin Azərbaycanın və Türkiyənin regionda sülh, barış cəhdlərinə və çağırışlarına adekvat cavab vermədiyini də diqqətə çağırıb: “Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır”.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ İKİNCİ ERMƏNİ DÖVLƏTİNİN YARADILMASI YOLVERİLMƏZDİR
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsidir. Dövlət başçımız Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə ifşa edərək, Dağlıq Qarabağ və ətraf rayonlardakı azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, işğalın bu günədək davam etdiyini vurğulayıb: “Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir”.
Dövlət başçısı ona da qeyd edib ki, Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub və öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır: “Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib”.
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQININ SUALINI DÜNYA LİDERLƏRİNƏ ÜNVANLAYIB
Məlumdur ki, Azərbaycan ictimaiyyəti işğalçı Ermənistanın dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq, cəzalandırılmasını, işğalçı ölkə rəhbərliyinə hər yerdə layiq olduğu münasibətin göstərilməsini istəyir. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilənən ikili yanaşma işğalçıya qarşı qlobal miqyasda effektli addımların atılmasına mane olur.
Hər zaman Azərbaycan xalqının haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev bu məsələdə də cəmiyyətimizi narahat edən sualı plenar iclas vasitəsilə beynəlxalq ictimaiyyətə ünvanlayıb: “Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Göründüyü kimi, Prezident İlham Əliyevin bütövlükdə toplantıda səsləndirdiyi fikirlər Azərbaycan rəhbərliyinin möhkəm siyasi iradəsindən, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət qarşısındakı haqlı tələblərindən və Azərbaycan-Türkiyə qardaşlığından irəli gəlir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31