Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclası keçirilib

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclası keçirilib

14.06.2014 [10:38]

İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov V plenar iclasda aparılacaq fikir mübadilələrinin, veriləcək tövsiyələrin, qəbul olunacaq qərarların təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcəyinə əminliyini bildirib.
Milli Məclisin sədri türkdilli xalqların tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Bildirilib ki, tarix boyu dünyanın çox geniş bir ərazisinin geosiyasi mənzərəsini müəyyən edən türkdilli xalqlar vahid sivilizasiya əlamətlərini heç zaman itirməyiblər.
Vurğulanıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası 5 ildən artıq fəaliyyəti ilə özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilib. Assambleya çərçivəsində işbirliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb.
Oqtay Əsədov deyib: “TürkPA-nın üzvü olan parlamentlər öz ölkələrinin siyasi və ictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi ümumi məqsədlərimizin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir. TürkPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır.
Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası dünyanın nüfuzlu regional qurumlarından biridir. Təşkilatımız Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında müşahidəçi statusuna malikdir, ATƏT-in Parlament Assambleyasında xüsusi qonaq kimi iştirak edir.
Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Rusiya Federal Məclisinin Federasiya Şurası ilə əməkdaşlıq əlaqələri həyata keçirilir. Təşkilatın beynəlxalq fəaliyyətinin bir uğuru da TürkPA-nın baş katibinin Parlament Baş Katibləri Assosiasiyasına üzv qəbul edilməsi olmuşdur”.
Oqtay Əsədov bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayan parlament diplomatiyası dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə sanballı töhfə verir.
O.Əsədov deyib: “TürkPA-nın üzvü olan hər bir dövlətin uğuru digər dövlətlərin uğurudur. Bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarsa, onların ümumi işimizə verə biləcəyi töhfə də bir o qədər böyük olar”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri təəssüflə qeyd edib ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır, həm də regional inteqrasiya proseslərinin inkişafına mane olur: “İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan çox vətəndaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Biz əminik ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına kömək edə bilər”.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin diqqətini dövlətimiz üçün ən vacib problemin həllinə cəlb etməyə çalışır.
Sonra çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Djakupov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə ötən sədrlik dövründəki səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türkiyə tərəfinin ötən ilki fəaliyyəti üzv dövlətlər arasında əlaqələrin daha da inkişafına xüsusi töhfələrini verib.
Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov da TürkPA-nın ötən bir illik fəaliyyətini yüksək qiymətləndirib. O, Türkiyə tərəfinə qurumun inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.
Qeyd edilib ki, TürkPA-ya üzv dövlətlər arasında münasibətlər möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Təşkilat tərəfindən qəbul olunan bütün qərarlar xalqlarımızın təhlükəsiz yaşamasına və rifah halının yaxşılaşmasına xidmət edir. Bizim inkişafımız üçün bir yerdə olmağımız, bütün problemlərimizi birgə həll etməyimiz çox önəmlidir.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək bu toplantının ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında möhkəm bir əməkdaşlığın qurulmasına xidmət edəcəyinə əminliyini bildirib. O, türkdilli dövlətlər arasındakı əməkdaşlığın xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıb. Əlavə edib ki, bu münasibətləri daha da möhkəmləndirmək qarşıya qoyulmuş ən əsas məqsədlərimizdəndir.
Türk dünyası ölkələrinin qardaş olduqlarını vurğulayan C.Çiçək bu xalqların sevincləri ilə yanaşı, kədərlərinin də ortaq olduğunu vurğulayıb. O, deyib: “Bizim vəzifəmiz hər zaman bir-birimizin yanında olmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən önəmli problemdir. Azərbaycan torpaqlarının işğalı davam edir. Bu, haqsızlıqdır. Regionda sabitliyin bərpa olunması işğala son qoyulması, bir milyondan artıq insanın yenidən doğma torpaqlarına geri qayıtması ilə bağlıdır. TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən və Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə mövqe tutmaqdan geri çəkilməyəcəyik. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. İştirak etdiyim bütün tədbirlərdə dəfələrlə vurğulayıram ki, bu problem həm də bizim problemimizdir”.
Daha sonra plenar iclasın gündəliyi təsdiqlənib.
TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov Macarıstan Milli Məclisinə TürkPA-da müşahidəçi statusunun verildiyini söyləyib. Bildirilib ki, iyunun 13-də keçirilən TürkPA Şurasının V iclasında Macarıstan Milli Məclisinə Assambleyada müşahidəçi statusun verilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.
Sonra Macarıstan Milli Assambleyasının vitse-spikeri Sandor Lezsak çıxış edib. O, qurumun türkdilli ölkələr arasında əməkdaşlığın formalaşdırılması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb. S.Lezsak TürkPA-ya üzv ölkələrə təkliflərini müsbət dəyərləndirdiklərinə görə təşəkkürünü bildirib.
Sonra QDİƏT Parlament Assambleyasının sədr müavini Mehmet Necati Çətinkaya, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali, Marmara Qrupu Fondunun prezidenti Akkan Suver, Dünya Türk Gəncləri Birliyinin baş əlaqələndiricisi Elşad Abdullayev və başqaları çıxış edərək qurumun fəaliyyətini yüksək qiymətləndirib, Bakıda keçirilən növbəti iclasın da üzv ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
İclasda üzv dövlətlərin nümayəndə heyətləri “TürkPA fəaliyyətinin məzmunu” mövzusunda müzakirələr aparıblar. Bundan başqa, daimi komissiyaların sonuncu toplantılarında təsdiqlənmiş hesabat məruzələri və tövsiyə qərarları müzakirə olunub.
Beşinci plenar iclasda, həmçinin daimi komissiyaların sədr və sədr müavinləri seçilib, Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və qurumun 2015-ci il üçün büdcəsi təsdiq olunub.
İclasın sonunda Bakı Bəyannaməsi qəbul olunub.

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31