/ / ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası işini komitə iclasları və plenar iclasla davam etdirib
ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası işini komitə iclasları və plenar iclasla davam etdirib
02.07.2014 [10:03]
Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyulun 1-də işini komitə iclasları və plenar iclasla davam etdirib.
AzərTAc xəbər verir ki, sessiyanın dördüncü iş günü demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası ilə başlayıb.
İclası portuqaliyalı deputat xanım İzabel Santas açaraq gündəlik barədə məlumat verib.
Sonra Milli Məclisin deputatı Azay Quliyevin hazırladığı “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı müzakirələr aparılıb.
A.Quliyev mədəni dəyərlərlə bağlı fəaliyyətin BMT-nin Nizamnaməsinin məqsəd və prinsipləri ilə tam uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. O, layihənin qəbul edilməsinin ATƏT regionuna daxil olan münaqişə ərazilərindən mədəni mülkiyyətin qeyri-qanuni çıxarılmasının qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıb.
Layihə ilə bağlı çıxış edənlər sənədin qəbul olunmasının önəmini vurğulayıblar.
İclasda Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın ciddi cəhdlərinə, xahişinə və deputatlara yalvarışlı müraciətinə baxmayaraq, onun irəli sürdüyü təkliflər qətnamə müəllifinin əsaslı çıxışından sonra avropalı parlamentarilər tərəfindən rədd edilib. A.Quliyev bildirib ki, erməni deputatın narahatlığı yaxşı başadüşüləndir. Ancaq işğal altında olan torpaqlardakı tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsinin pislənilməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin yaradılması kimi məsələlərin əksini tapdığı qətnamənin qəbulu ATƏT-in missiyasına tamamilə uyğundur.
Sonra ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Kristofer Smitin müəllifi olduğu “Cinsi istismar məqsədi ilə uşaq alverinin qarşısının alınması və bu əmələ görə məhkəmə təqibi” adlı qətnamə layihəsinə düzəlişlər müzakirə edilib.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında cinsi istismara qarşı mübarizədə informasiya mübadiləsinin önəmli rol oynadığını bildirib, bu cinayətlərin sərhəd tanımadığını qeyd edib. Bahar Muradova deyib: “Bu sərhədlər çox şəffafdır və bu sərhədləri keçən cinayətin ardınca gedən yox, onu qabaqlayan mexanizmləri tapmaq lazımdır. Həmin mexanizmlər işlək olmalıdır ki, insanlar bu cinayətləri törətməsinlər”.
Daha sonra müəllifi portuqaliyalı deputat İzabel Santas olan “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnamə layihəsinə düzəlişlər müzakirə edilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu bildirib, onların problemlərini diqqətə çatdırıb.
Bahar Muradova qaçqınlara qarşı münasibətdə diskriminasiya hallarına yol verilməsinin qəbuledilməz olduğunu bildirib, onlara yanaşmalarda eyni mövqe sərgilənməsinin vacibliyini vurğulayıb. Qaçqın və məcburi köçkünlərin problemlərini həll etməyin çətin olduğunu bildirən Bahar Muradova deyib: “Biz əvvəlcə münaqişələrin qarşısını almalıyıq ki, bu problemlə üzləşməyək”.
Digər çıxış edənlər münaqişə, təbii fəlakət və ya aclıq səbəbindən yurd-yuvasını tərk etmiş və sığınacaq axtaran insanların maddi, fiziki və psixoloji vəziyyətinin yaxşılaşdırılması, iqtisadi böhranın yaratdığı çətinliklərin aradan qaldırılması, qaçqınların, məcburi köçkünlərin və sığınacaq istəyən insanların şərəf və ləyaqətinin qorunması ilə bağlı müzakirələr aparıblar.
Daha sonra müəllifi isveçrəli deputat xanım Kristina Egerzegi Obrist olan “İşgəncələrə qarşı mübarizə” adlı qətnamə layihəsinin müzakirəsi keçirilib.
İclasda səsvermə nəticəsində İzabel Santas ATƏT PA-nın 2015-ci il üçün demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin sədri, türkiyəli deputat Sevki Kulkuoğlu sədr müavini, xanım Qordina Komiç məruzəçi seçiliblər.
Sonra siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası keçirilib. Sloveniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roberto Batellinin müəllifi olduğu “Cənub-Şərqi Avropada regional əməkdaşlıq” adlı qətnamə layihəsinə düzəlişlərlə bağlı təkliflər müzakirə edilib.
Sonra rusiyalı deputat Nikolay Kovalyovun hazırladığı “Terrorizmlə mübarizə” adlı qətnamə layihəsinin müzakirəsi olub.
Milli Məclis sədrinin müavini Bahar Muradova dünyanın ayrı-ayrı yerlərində terrorizmin özünü müxtəlif formalarda büruzə verdiyini bildirib. O, əlavə edib ki, bəzi ölkələrdə daxili qruplar, bəzilərində xaricdən təzyiq vasitəsi kimi, bəzi hallarda qanuni hökumətlərin devrilməsinə cəhdlər şəklində, bəzi hallarda isə siyasi və ya dini baxışlarına görə insanların terrora məruz qalmaları halları ilə rastlaşırıq. B.Muradova deyib: “Acınacaqlı haldır ki, terrorçu qrupların fəaliyyətinə regional maraqlar xatirinə çox zaman ayrı-ayrı dairələrdən də dəstək verilir. Bunlar bizi narahat etməlidir. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Bu məsələ təkcə müzakirələrlə məhdudlaşmamalıdır, müəyyən öhdəliklərə çevrilərək ölkələr tərəfindən yerinə yetirilməsi vacib sənədlər kimi qəbul olunmalıdır.
Azərbaycan hər zaman beynəlxalq miqyasda terrorizmə qarşı mübarizədə fəal olmuş, onun bütün formalarına kəskin etirazını bildirmişdir. Biz beynəlxalq konvensiyaların üzvüyük. Öhdəliklərimizə də çox ciddi yanaşırıq. Amma bəzi hallarda ayrı-ayrı ölkələrdə siyasi və iqtisadi maraqlar bu cür hallara qarşı sayıqlığın azalmasına gətirib çıxarır. Hesab edirəm ki, belə sənədlərin müzakirəsi və qəbulu sayıqlığımızı artırır və biz öz ölkəsi daxilində terrora məruz qalan insanların faciələrini və ümumiyyətlə, ölkələrin inkişafını zəiflədən bu bəlanı hər birimizə qarşı təhdid kimi qəbul etməliyik”.
Qətnamə layihəsində terrorizmə qarşı birgə mübarizənin aparılması, milli zəmində baş verən terror hadisələrinin qəti şəkildə pislənilməsi və s. məsələlər əksini tapıb.
Daha sonra Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Önənin hazırladığı “ATƏT-in gələcəkdə Əfqanıstan ilə birgə əməkdaşlığı” adlı qətnamə layihəsi müzakirə edilib.
Sonda qətnamələr səsə qoyularaq qəbul edilib.
İclasda, həmçinin səsvermə nəticəsində isveçli deputat xanım Asa Lindestam ATƏT PA-nın 2015-ci il üçün siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin sədri, Milli Məclisin deputatı Azay Quliyev komitənin sədr müavini, finlandiyalı deputat xanım Pia Kauma məruzəçi seçiliblər.
Daha sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində plenar iclas keçirilib.
İclasda Ukraynadakı böhranın həlli ilə bağlı Bakı qrupu yaradılıb.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç çıxış edərək ATƏT-in regionda sülh və sabitliyin əsas sütunlarından biri olduğunu söyləyib.
Yeni yaranan Bakı qrupu ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədr müavini Bahar Muradova deyib: “Mən Bakı prosesinin başlanmasına bir qədər ümidliyəm. Çox istərdim ki, Bakı qrupunun taleyi Minsk qrupunun taleyinə bənzəməsin və biz başlanan bu prosesi çox qısa müddətdə başa çatdıra bilək. Biz hamımız Bakı qrupunun işinə töhfə verməliyik. Azərbaycan bu prosesdə yaxından iştirak etmək niyyətindədir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda, bu problemin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq”.
Milli Məclisin deputatı Azay Quliyev ATƏT regionunda Helsinki Yekun Aktı prinsiplərinin pozulmasına qarşı konkret təkliflərlə çıxış etməyin vaxtının gəlib çatdığını bildirib, bu prinsiplərin pozulması ilə bağlı hesabatın hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.
İclasda Benjamin Kardinin Ukraynada baş verən böhranın aradan qaldırılması ilə bağlı hazırladığı qətnamə layihəsi qəbul edilib.
Sessiya iyulun 2-də işini panel iclasla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

