Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xarici əlaqələrində ikitərəfli formata üstünlük verir

Azərbaycan xarici əlaqələrində ikitərəfli formata üstünlük verir

09.07.2014 [10:46]

Prezident İlham Əliyev: Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format bizim maraqlarımıza cavab verir
Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın beynəlxalq nüfuzu, eləcə də, tərəfdaşlarının sayı durmadan artmaqdadır. Beynəlxalq hüquq normalarına, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, çoxşaxəlilik prinsiplərinə söykənən Azərbaycan xarici siyasətinin əsasında milli maraqların təmin olunması dayanır. Bu siyasətin tərkib hissəsi olaraq, Azərbaycan ikitərəfli və üçtərəfli formatda əlaqələrin qurulmasına böyük diqqət yetirir.
ÜÇTƏRƏFLİ FORMAtDAN İSTİFADƏ YENİ ƏMƏKDAŞLIQ İMKANLARI YARADIR
Əvvəlcə qeyd edək ki, Avropa və Asiya qitələrinin birləşdiyi məkanda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyəti, Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları irimiqyaslı layihələrin həyata keçirilməsi üçün geniş formatda əməkdaşlığa əlverişli imkan yaradır. Belə bir məkanda yerləşən Azərbaycan özünün geoiqtisadi potensialından geniş yararlanaraq regionda uğurlu iqtisadi əməkdaşlığın əsas təşəbbüsçüsünə çevrilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində Prezident İlham Əliyev ölkəmizin üçtərəfli əməkdaşlıq nümunələrindən bəhs edib: “Bizim təşəbbüsümüzlə son illərdə üçtərəfli formatlar müəyyən edilmişdir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları vardır. Burada həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır”.
Göründüyü kimi, üçtərəfli formatda əlaqələrə nümunə olaraq, dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığını qeyd edib. Hər üç formatda öz yerini tutan Azərbaycan üçün bu formatlar regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqların təminatı baxımından çox böyük önəm daşıyır.
Sadalanan formatlar içərisində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Yeri gəlmişkən, üç ölkə arasında tərəfdaşlığın fasiləsiz olaraq genişləndirilməsinin təsdiqi olaraq, cari ilin fevralında Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Gəncədə görüş baş tutub. Görüşün yekunları əsasında qəbul olunan birgə Bəyannamədə nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Üç ölkə prezidentlərinin iştirakı ilə may ayında Tbilisidə baş tutan Sammit də dövlətlərin əlaqələrinin bundan sonra da genişləndirmək əzmini ortaya qoyub. Sammitdə çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, bu əməkdaşlığın təməlində ortaq maraqlar dayanır və mövcud əlaqələr regional və qlobal səviyyədə əhəmiyyət daşıyır.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli formatda yaradılan əlaqələrin inkişafı isə Xəzərin şərq sahillərindən enerji daşıyıcılarının və digər ticarət məhsullarının Avropaya çıxarılmasına geniş imkan yaradan əlamətdar prosesdir. Bu ilin may ayında Bakıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü bu prosesə və daha geniş əməkdaşlığa önəmli təkan kimi qeyd oluna bilər.
Həmçinin, Urmiya, Naxçıvan və nəhayət, bu ilin martında Van şəhərində keçirilən Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşləri regional əhəmiyyət daşıyan mühüm üçtərəfli tərəfdaşlığın möhkəm təməlinin qoyulmasından xəbər verir.
Əlbəttə ki, sadalanan əməkdaşlıq formatları üzrə görüşlərin bir qisminin Azərbaycanda keçirilməsi ölkəmizin regional siyasi mərkəz kimi rolunu təsdiq edir.
MÜXTƏLİF ÖLKƏLƏRLƏ UĞURLU İKİTƏRƏFLİ ƏLAQƏLƏR QURULUB
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan xarici siyasətində, əsasən, ikitərəfli əlaqələrə üstünlük verir. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində Prezident İlham Əliyevin söylədiyi kimi, ikitərəfli format ən uğurlu formatdır: “Biz, əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. İkitərəfli format ən uğurlu formatdır”.
Bu çərçivədə, ölkəmiz, ilk olaraq, işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq qurub. Bu, həm də regionda sabitləşdirici rol oynayan Azərbaycanın bölgədə təhlükəsizliyin gücləndirilməsinə verdiyi töhfə kimi dəyərləndirilə bilər.
Azərbaycanın həm də dünyanın ən müxtəlif regionlarındakı ölkələrlə uğurlu ikitərəfli əlaqələri mövcuddur. Bu çərçivədə, dövlət başçısının da qeyd etdiyi kimi, müsəlman ölkələri ilə əlaqələr çox möhkəmdir: “Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq”.
Həqiqətən də, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal maarifləndirmə işinin nəticəsi olaraq, qurumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edən sənədlər qəbul olunub. Azərbaycan İƏT-ə daxil olan müsəlman dövlətləri ilə ikitərəfli qaydada əlaqələrini də möhkəmləndirir. Buna nümunə olaraq, cari il iyun ayının 27-də Milli Məclisdə “Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin açılması haqqında” qanun layihəsinin qəbul edilməsini göstərmək olar. Həyata keçirilən siyasət Azərbaycanın müsəlman ölkələri ilə olan tarixi əlaqələrini yeni müstəviyə qaldırdığını təsdiq edir.
AVROPA ÖLKƏLƏRİ AZƏRBAYCANIN MÜHÜM TƏRƏFDAŞLARIDIR
Dövlət başçısının sözügedən tədbirdə də söylədiyi kimi, Azərbaycan Avropa ölkələri ilə də ikitərəfli əlaqələrə önəm verir: “Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır”.
Qeyd olunduğu kimi, Avropa Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin, Avropa dövlətləri və qurumları ilə əlaqələr çərçivəsində Azərbaycanda siyasi islahatlar davam etdirilir.
Məlumdur ki, Azərbaycanın Avropa ölkələri ilə əlaqələrində enerji amili xüsusi yer tutur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. 30-dək ölkəyə neft ixrac edən Azərbaycan təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu baxımdan, “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin inşası Azərbaycanın Avropa enerji bazarlarındakı mövqeyini möhkəmləndirəcək. Bu layihələrin gerçəkləşəcəyi təqdirdə, Azərbaycan Avrasiya iqtisadi məkanında ən mühüm iştirakçılardan birinə çevriləcək. Əlbəttə, qeyd olunduğu kimi, bütün bu nailiyyətlər Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir.
ÖLKƏMİZ ASİYADA YENİ TƏRƏFDAŞLAR QAZANIR
Çoxşaxəli xarici siyasət yürüdən Azərbaycan son illərdə Asiya qitəsi ölkələri ilə də əməkdaşlığını sürətlə inkişaf etdirir. Azərbaycan Prezidentinin bölgəyə, eləcə də, Asiya dövlətlərinin rəhbərlərinin ölkəmizə səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət bu münasibətləri təcəssüm etdirir. Dövlət başçısının da söylədiyi kimi, Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial var.
Həqiqətən də, Azərbaycanın artan maliyyə imkanları, iqtisadi inkişafı ölkəmizi beynəlxalq aləmdə və regionda daha cəlbedici tərəfdaşa çevirib. İndi ayrı-ayrı dövlətlər Azərbaycana təkcə investisiyaların yatırımı üçün əlverişli ölkə kimi deyil, həm də investor ölkə kimi yanaşırlar.
Göründüyü kimi, bütün bu nailiyyətlər Azərbaycanın xarici siyasətdə əməkdaşlığın müxtəlif formatlarından, o cümlədən, ikitərəfli əlaqələrdən uğurla istifadəsinin nəticəsidir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31