Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / USAID dünyada maliyyə fırıldaqları və destruktiv fəaliyyəti ilə məşhurdur

USAID dünyada maliyyə fırıldaqları və destruktiv fəaliyyəti ilə məşhurdur

17.07.2014 [04:41]

Təşkilatın Azərbaycanda mediaya dəstəklə bağlı 2,4 milyon dollarlıq qrant layihəsinin qeyri-şəffaflığı qanunazidd əməllərdən xəbər verir
Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon ABŞ dolları məbləğində qrant layihəsinin qeyri-şəffaflığı, rəqabətliliyin pozulması ictimaiyyətdə haqlı narazılıq doğurub. USAID-in fəaliyyəti ilə bağlı bir sıra məqamlara nəzər saldıqda isə narahatlığın haqlı olduğu özünü göstərir.
QRANT LAYİHƏLƏRİNİN GİZLİ VƏ QEYRİ-ŞƏFFAF OLMASI AZƏRBAYCAN QANUNVERİCİLİYİNƏ ZİDDİR
Hazırda, Azərbaycanda qeydiyyatdan keçmiş minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Ölkədə yaradılmış azad, demokratik mühit QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının ölkə qanunvericiliyi çərçivəsində sərbəst fəaliyyətinə imkan yaradır. Mövcud şəraitdə bir çox QHT-lər şəffaflıq prinsipi çərçivəsində yerli və xarici qurumların müxtəlif sahələrdə, o cümlədən media sferasında elan etdiyi qrant layihələrində iştirak edir, öz gəlirləri ilə bağlı ildə bir dəfə müvafiq qurumlara hesabatlarını təqdim edirlər. Lakin USAID-in Azərbaycanda medianın inkişafı ilə bağlı böyük bir layihəni ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışması qurumun fəaliyyətinin qaranlıq məqamlarından xəbər verir. Mətbuatda yayılan məlumatlara görə, USAID-in Azərbaycandakı ofisi sözügedən elan barədə yalnız tenderdə qalib ola biləcək Qərbyönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Belə olan təqdirdə, USAID ilə nəzərdə tutulan QHT-lər və media qurumları arasında qanunvericiliyə zidd razılığın əldə olunması ehtimalı ortaya çıxır.
Qeyd edək ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda QHT-yə ianə verən şəxsin həmin ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz, güzəşt alması və ya tələb etməsi qadağan olunub. Həmçinin, QHT-lər özlərinin maliyyə hesabatlarını da müvafiq qurumlara mütəmadi olaraq təqdim etməlidirlər.
Lakin USAID-in medianın inkişafı ilə bağlı qrant layihəsini qeyri-şəffaf və rəqabətsiz şəraitdə keçirmək cəhdi onu deməyə əsas verir ki, qrantın kimlərə veriləcəyi qabaqcadan müəyyən edilibmiş. “Beşinci kolon” funksiyasını yerinə yetirən bəzi media qurumları və QHT-lər isə alacaqları vəsaitdən ruhlanaraq antimilli təbliğatı, xarici dairələrin maraqlarının müdafiəsini bir qədər də gücləndirəcəkmişlər. Lakin yarıgizli qrant layihəsi barədə həqiqətlərin ictimailəşməsi USAID-in və “beşinci kolon”un planlarını alt-üst edib. Bu səbəbdən də, qrant layihəsində heç bir qurumun qalib gəlmədiyi elan olunub.
Təsadüfi deyil ki, bu vəziyyət layihədən müəyyən pay uman bəzi radikal media qurumlarını ciddi narahat edib. Onlar USAID-in qaranlıq planlarını üzə çıxaran KİV-ləri və ictimaiyyət nümayəndələrini tənqid etməklə gizli layihənin iştirakçısı olduqlarını, yaxud ən azından belə bir niyyəti daşıdıqlarını ifşa edirlər.
Həmçinin, USAID-in qeyri-şəffaflığa yol verdiyi 2,4 milyon dollarlıq layihəni hansı aqibətin gözlədiyini təxmin etmək üçün qurumun başqa ölkələrdəki fəaliyyətinin qaranlıq cəhətləri ilə bağlı bənzər təcrübələrinə nəzər salmaq kifayətdir.
USAID-in AFRİKA, HAİTİ, KUBA VƏ ƏFQANISTANDAKI MALİYYƏ FIRILDAQLARI
Məlumdur ki, bu gün bəzi beynəlxalq təşkilatlar “humanitar yardım”, “xeyriyyəçilik fəaliyyəti” adı altında böyük biznes qurublar. Humanitar, təbii fəlakət zonalarına, yoxsulluqdan, aclıqdan əziyyət çəkənlərə yardım adı altında könüllülərdən, müxtəlif təşkilatlardan, dövlət büdcələrindən toplanan böyük həcmdə vəsaitin bir hissəsi təyinatı üzrə xərclənməyərək mənimsənilir. Bu baxımdan, ABŞ vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşən USAID fəaliyyətində yol verdiyi xeyli korrupsiya, mənimsəmə halları ilə ABŞ mediasının və beynəlxalq ictimaiyyətin diqqətini daim cəlb edir.
Məsələn, “Wall Street Journal”ın 2013-cü ildə apardığı araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxıb. Belə ki, USAID-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci illərdə ABŞ büdcəsindən 2,5 milyard dollar xərclənsə də, vəsait hesabına alınan dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməyib. İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək qara bazarda 60 milyon dollar dəyərində satılıb.
Vəziyyətlə əlaqədar ABŞ-ın hökumətə bağlı “Judicial Watch” nəzarət qrupunun rəhbəri Tom Fitton yerli telekanallardan birinə müsahibəsində dövlət proqramı olan USAID-in xarici yardımlarla bağlı fəaliyyətinin əsasən korrupsiyalaşdığını etiraf edib: “Yardımın 20 faizi yoxa çıxıb. Əgər bu, özəl sektorda baş versə idi, (proqram) çoxdan bağlanmış olardı”.
Həmçinin, araşdırmalar nəticəsində Haitidə 2010-cu ildə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 3 il ərzində ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı da bir çox qaranlıq məqamlar üzə çıxıb. ABŞ Hökuməti Hesabatlılıq Ofisinin 2013-cü il yoxlamalarının nəticəsinə görə, ABŞ-dan Haitiyə yönəldilən 1,14 milyard dollarlıq vəsaitin yarısı israf olunub və ya uğursuz layihələrə xərclənib.
Ofisin 2006-cı il təftişinin nəticəsində isə məlum olub ki, USAID-in Kubada demokratiyanın təşviq olunmasına xərclədiyi 74 milyon dollar vəsaitin demək olar ki, hamısı rəqabətli tender və nəzarət olmadan bölüşdürülüb və nəticədə kütləvi fırıldaqçılığa və israfçılığa yol verilib. Araşdırmalardan da göründüyü kimi, vəsaitlər hesabına kompüter oyun cihazlarının və proqramlarının, dəri kürklərin, dağ velosipedinin alınmasının Kubada demokratiya quruculuğuna hansı “töhfələri” verdiyi maraq doğurur.
Əfqanıstanda bərpa işlərinə nəzarət edən Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi Baş İnspektor Ofisi (SIGAR) ötən ilin sentyabrında yaydığı hesabatda bu ölkənin dövlət səhiyyə proqramına ayrılan milyonlarla dollar həcmində ABŞ vəsaitinin “israf olunma, fırıldaqçılıq və sui-istifadə” təhlükəsi altında olduğunu bəyan edib. Hesabatda deyilir ki, vəsaitlərin xərclənməsindəki çatışmazlıqlara baxmayaraq, USAID bu ölkənin səhiyyə qurumlarına maliyyə ayırmaqda davam edir.
“İrs Fondu” (Heritage Foundation) isə bəyan edib ki, mövcud sui-istifadə halları davamlı iqtisadi artımın və inkişafın təmin edilməsində USAID yardım modelinin ardıcıl şəkildə uğursuzluğa düçar olduğunu göstərir.
USAID-in MEDİA SAHƏSİNDƏ ŞÜBHƏLİ LAYİHƏSİ VƏ YA USAID-in KUBADAKI UĞURSUZ CƏHDİ
USAID-in bir müddət əvvəl Azərbaycanda medianın inkişafı ilə bağlı elan etdiyi 2,4 milyon dollarlıq qrant layihəsinin qeyri-şəffaf xarakter daşıdığını nəzərə alaraq, təşkilatın bu sahədə məşhur uğursuz təşəbbüsünü xatırlatmaq lazım gəlir. Belə ki, bu ilin əvvəllərində “Associated Press”in araşdırması nəticəsində məlum olub ki, 2010-cu ildə Kubada yaradılan “Twitter”ə bənzər “ZunZuneo” adlı sosial şəbəkənin məqsədi ölkədə kütləvi iğtişaşlar və inqilab törətmək olub. USAID-in birbaşa maliyyə dəstəyi və nəzarəti altında gerçəkləşdirilən layihədə sosial şəbəkənin əvvəlcə idman, əyləncə, təbiət hadisələri kimi xəbərləri yaymaqla istifadəçilərinin sayını artırması nəzərdə tutulubmuş. Bu müddətdə istifadəçilərin yaş, cins, yaşayış yeri kimi şəxsi məlumatları toplanaraq təhlil edilib. Sosial şəbəkənin fəal istifadəçilərinin sayının yüzminlərlə üzvü əhatə etməsindən sonra isə şəbəkədə siyasi yönlü, əhalini kütləvi etirazlara sövq edən informasiyaların yerləşdirilməsi planlaşdırılırmış. Lakin nədənsə, 40 mindən artıq üzvü olan sosial şəbəkə 2012-ci ildə xəbərdarlıq edilmədən bağlanılıb. Təxminən iki il sonra isə layihənin arxasında dayanan gizli məqsədlər üzə çıxıb.
Belə olan halda, USAID-in Azərbaycanda “medianın inkişafı” adı altında irəli sürülən qeyri-şəffaf layihəsinə də şübhə ilə yanaşmağa kifayət qədər əsas var.
AZƏRBAYCAN İCTİMAİYYƏTİ USAID-dən ŞƏFFAF FƏALİYYƏT TƏLƏB EDİR
Əlbəttə ki, bütün sadalananlar USAID-in fəaliyyətində şəffaflığa kifayət qədər böyük ehtiyacın olduğunu deməyə əsas verir. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri də təşkilatdan bunu gözləyir.
Məsələn, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ayrılan pulların bölgüsü gizli saxlanılmaqla yanaşı, şəffaflıq prinsipinə də əməl olunmur və USAID kimi təşkilatlar özlərinə maraqlı olan, onların tapşırığına uyğun layihələri reallaşdıran təşkilatlara pul ayırırlar: “Azərbaycan Prezidenti mətbuat işçilərinə ev verdi və bu zaman heç bir ayrı-seçkilik olmadı. Hətta ən qatı müxalifət qəzetlərinin nümayəndələrinə də ev verildi. Zaman-zaman ölkə başçısı tərəfindən mətbuata dəstək olaraq, müəyyən borclar silinir, yardımlar edilir. Bu sırada ən radikal mövqedən çıxış edən mətbuat orqanlarının adlarını da görürük. Belə olan təqdirdə şəffaflığı və obyektivliyi uman təşkilatlar nə üçün bunu gizli saxlayırlar? Nə üçün ancaq müxalif, radikal meyilli mətbuat orqanlarına bu pullar ayrılır? Hesab edirəm ki, QHT-lərlə bağlı Milli Məclis tərəfindən qəbul olunan qanuna uyğun olaraq dövlət rəsmiləri, hüquq-mühafizə orqanları öz addımlarını atmalıdır”.
Ç.Qənizadə deyib ki, bəzən QHT-lər iri məbləğdə xaricdən qrantlar alır və bu pullar ölkədə ictimai-siyasi proseslərin pozulmasına, müəyyən qızışdırıcı hərəkətlərin həyata keçirilməsinə sərf olunur: “Azərbaycandakı sabitliyi, iqtisadi, siyasi uğurlarımızı gözü götürməyən bəzi xarici təşkilatlar maarifləndirici və ya dəstək adı altında müxtəlif yerli təşkilatlara pul ayırmaqla özlərinin çirkin məqsədlərini həyata keçirməyə çalışırlar”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə bildirib ki, USAID-in sözügedən qrant layihəsinin qalibləri qabaqcadan müəyyən edilib: “Həmin qrant alan təşkilatların içərisində korrupsiyaya bulaşmış çoxlu sayda qurum var. Bəzi xarici təşkilatlar Azərbaycanda demokratiya, vətəndaş cəmiyyəti quruculuğu altında ölkəyə təzyiq etmək, istədiyini qoparmaq məqsədi daşıyır. Bu tipli layihələrin bir çoxunun məqsədi həmin təşkilatların arxasında dayanan dövlətlərin mənafelərini reallaşdırmaqdır. Hesab edirəm ki, belə məsələlərdə cəmiyyət ayıq-sayıq olmalı, həyata keçirilən layihələrə ictimai nəzarət təşkil olunmalıdır ki, qeyri-qanuni əməllər vaxtında aşkar edilsin”.
Tətbiqi Tədqiqatlar Fondunun prezidenti İbrahim Əliyev də deyib ki, müəmmalı qrant layihələrinin mahiyyəti araşdırılmalıdır: “Düşünürəm ki, bu şəkildə qrant ayırmalarının diqqətə alınaraq araşdırılmasına ehtiyac vardır. Azad və müstəqil medianın inkişafına dəstək də açıq və şəffaf olmalıdır. Əgər bu sahədə xəlvətilik və müəmmalılıq varsa, bu, medianın özünün mahiyyətinə ziddir”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 769 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31