Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yüksək mənəvi keyfiyyətlərə malik cəmiyyət Azərbaycan dövlətinin təməl gücüdür

Yüksək mənəvi keyfiyyətlərə malik cəmiyyət Azərbaycan dövlətinin təməl gücüdür

22.07.2014 [09:30]

Prezident İlham Əliyev: Gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur
Hər bir dövlətin davamlı inkişafı, qlobal rəqabətə tab gətirməsi onun siyasi, sosial, iqtisadi, hərbi sferalardakı kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət parametrlərindən, o cümlədən, mənəvi amillərdən də asılıdır. Yeri gəlmişkən, bu günlərdə müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqində Prezident İlham Əliyev də məhz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində mənəvi dayaqların əhəmiyyətindən bəhs edib. Dövlət başçısının sözlərindən də aydın olur ki, dövlətin iqtisadi inkişafı onun mənəvi dayaqlarının gücləndirilməsi ilə tamamlanmalıdır: “Eyni zamanda, mənəvi dayaqlar - cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir”.
Ümumiyyətlə, cəmiyyətdə güclü milli şüurun, sağlam düşüncənin, mənəvi-psixoloji mühitin mövcudluğu dövlətin mənəvi əsaslarının möhkəmliyindən xəbər verir. Dövlətin mənəvi əsaslarının davamlı etibarlılığını təmin etmək üçün isə gənc nəsil düzgün ruhda yetişdirilməli, mövcud mənəvi dəyərlər yeni nəslə ötürülməlidir. Təsadüfi deyil ki, iftar mərasimindəki nitqində dövlət başçısı gənc nəslin düzgün tərbiyə olunmasının əhəmiyyətindən geniş bəhs edərək, mənəvi sütunu olmayan hər hansı bir ölkənin gələcəkdən məhrum olduğunu bildirib: “Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur”.
Buradan da göründüyü kimi, gənc nəslin vətənpərvər, milli ruhda yetişdirilməsi və bu prosesə şüurlu yanaşma prinsipləri önə çəkilir. Sadalanan üç məqam modern düşüncəli, yüksək sosial-mənəvi göstəricilərə malik şəxsiyyətin, vətəndaşın formalaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Onların hər birinə ayrılıqda nəzər yetirməklə qeyd olunan parametrlərə uyğun vətəndaşların yetişməsinin dövlətin milli gücünün keyfiyyət göstəricisinə təsirini aydınlaşdırmaq mümkündür.
VƏTƏNPƏRVƏR NƏSİL DÖVLƏTİN DAİMİ SUVERENLİYİNİN BAŞLICA SÜTUNUDUR
Məlumdur ki, vətənpərvərlik hər bir milli dövlətin mövcudluğunun başlıca ideya əsasıdır. Milli ictimai şüurda vətənpərvərlik ruhunun, vətən qavrayışının güclü olduğu cəmiyyətlər dövlətin ətrafında sıx birləşir, suverenlik, ərazi bütövlüyü, siyasi, iqtisadi müstəqilliyin, mədəni identikliyin, dövlət rəmzlərinə hörmətin qorunması məsələlərində güclü milli iradə nümayiş etdirir.
Milli dövlətçiliyə dayaq olan vətənpərvərlik milləti, xalqı qloballaşmanın mənfi təsirlərindən qoruyur, dağıdıcı kosmopolitizmə, dünya hökuməti qurulması cəhdlərinə qarşı sipər rolunu yerinə yetirir. Təsadüfi deyil ki, dünya dövlətlərinin vahid, yaxud məhdud sayda mərkəzdən yönləndirilməsi ideyasını dəstəkləyən ideoloqlar vətənpərvərliyi, başqa sözlə, patriotizmi bu məqsədə gedən yolda başlıca maneə olaraq görürlər.
Azərbaycana gəlincə, vətənpərvər nəslin formalaşması, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin prinsipial mövqeyinə ardıcıl ictimai dəstəyin qorunub saxlanması baxımından önəm daşıyır. Vətənpərvər gənclik dövlətin bu məsələ ilə əlaqədar siyasi, hərbi, iqtisadi, informasiya fəaliyyətinə dəstək olur, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfələrini verir.
Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanda vətənpərvər gəncliyin yetişdirilməsi Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin təməlində dayanıb. Ulu öndərin əsasını qoyduğu bu siyasətin əsas məqsədi müstəqil Azərbaycanda öz milli-mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, əqidəli, Azərbaycanın sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni bir nəslin formalaşmasına dəstəkdir. Bu gün də ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların vətənpərvər ruhda böyüməsi üçün dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. İlk növbədə, yeni nəslin təlim-tədris prosesində, xüsusən də, orta məktəblərdəki tədris proqramında, dərs vəsaitlərinin hazırlanmasında bu məqam nəzərə alınır. Həmçinin, təhsil prosesində gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsi də həyata keçirilir. Gənclərin incəsənət, yaradıcılıq, idman sahələrində öz bacarıqlarını gerçəkləşdirməsinə yaradılan şərait onların hər bir sahədə ölkənin inkişafına dəstəyinin təmin olunması deməkdir.
Beləliklə, Azərbaycanda dövlətin güclənməsinin, daimi inkişafının keşiyində dayanan vətənpərvər gənclər ordusu formalaşıb.
YÜKSƏK MİLLİ RUHA MALİK CƏMİYYƏT DAĞIDICI PROSESLƏRDƏN QORUNUR
Vətənpərvərlik duyğusu ilə yanaşı, milli ruhun güclü olduğu cəmiyyətlərdə milli dəyərlərə, mədəniyyətə bağlılıq, milli identiklik, milli birlik hissi də möhkəm olur. Belə cəmiyyətlər sanki vahid orqanizm kimi fəaliyyət göstərir, istər cəmiyyətin daxilində meydana gələn, istərsə də xaricdən qaynaqlanan dağıdıcı ünsürlərə qarşı reflektiv özünütəmizləmə və özünümüdafiə nümayiş etdirir. Bu gün vahid milli ruhun olmadığı cəmiyyətlərdə yaşanan neqativ hallarla bağlı ayrı-ayrı cəmiyyətlərin timsalında bir çox nümunələr görmək mümkündür. Kənar qüvvələrin əli ilə alovlandırılan cəmiyyətdaxili ziddiyyətlər vətəndaş qarşıdurmasına, radikalizmə söykənən əməllərə gətirib çıxarır. Belə olan halda, milli dövlət maraqları ciddi hədələrlə üzləşir, bəzən suverenliyin bir və ya bir neçə atributu itirilir, kənardan idarə olunan xaos həmin cəmiyyətlərin gündəlik yaşam tərzinə çevrilir.
Bu gün Azərbaycan gəncliyinin milli ruhda böyüdülməsi ölkəni hədəfə alan təhlükəli siyasi, sosial, mədəni meyillərə qarşı davamlı ictimai müqavimət formalaşdırır. Bu səbəbdən də, Azərbaycan müxtəlif münaqişələrin kəskinləşdiyi qonşu regionların fonunda sabitlik adası təəssüratı yaradır.
Milli ruhun qorunub saxlanmasında milli dəyərlərə söykənən dövlət quruculuğunun da rolu böyükdür. Milli mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması yönündə Azərbaycanda dövlətin dəstəyi ilə xeyli işlər görülür, milli bayramlarımız dövlət səviyyəsində qeyd edilir, muzeylərimiz bərpa olunur, yeniləri yaradılır, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, milli dəyərlərə bağlılığının artırılması yönündə müsabiqələr, tədbirlər təşkil olunur.
Beləliklə, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi indiki qloballaşma şəraitində Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi xüsusi önəm daşıyır. Əminliklə demək olar ki, qloballaşan dünyada Azərbaycan xalqı bu mənəvi xüsusiyyəti və milli ruhu bundan sonra qoruyub saxlaya biləcək. Çünki Azərbaycan dövlətçiliyi məhz bu dəyərlər üzərində qurulub və dövlətin siyasəti də buna yönəlib.
VƏTƏNDAŞLIQ ŞÜURU CƏMİYYƏTİ DÜZGÜN İSTİQAMƏTƏ YÖNLƏNDİRİR
Prezident İlham Əliyevin sözlərindən də aydın olduğu kimi, gənclərin vətənpərvər və milli ruhda tərbiyəsi vətəndaşlardan bu məsələdə şüurlu yanaşma tələb edir. Şüurlu yanaşma hər hansı bir fərdi və cəmiyyəti kortəbii millətçilik hissindən qoruyur. Məhz şüurlu yanaşma olduqda cəmiyyətlərdə milli təəssübkeşlik hissi heç də irqi, dini zəmində radikalizmə, ayrı-seçkiliyə, münaqişələrə səbəb olmur. Şüurlu yanaşma özünə və başqalarına hörmət deməkdir.
Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti sadalanan prinsiplərin hər üçünə, yəni vətənpərvərlik hissinə, milli ruha və hadisələrə yanaşmada yüsək siyasi, ictimai şüura sahibdir. Bu keyfiyyətlərin daşıyıcısı olan cəmiyyət dünyada gedən prosesləri düzgün dəyərləndirir, regional və qlobal miqyaslı hadisələrdə ölkənin yerini dəqiq müəyyənləşdirir. Siyasi, ictimai şüura sahib olan insan fərd olaraq özünün cəmiyyətdəki və dünyadakı yerini daha dolğun qavrayır, hadisələrə münasibətini düzgün formalaşdırır. Bu gün Azərbaycan vətəndaşı anlayır ki, hər bir kəsin fərdi mənafeləri Azərbaycan müstəvisində ümummilli mənafelərin tərkib hissəsidir. Başqa sözlə desək, bir fərdin maraqlarına vurulan ziyan cəmiyyətin digər üzvlərinə də mənfi təsir göstərir. Eyni fikri müsbət təsirlərlə bağlı da söyləmək olar. Bu səbəbdən də, qarşılıqlı hörmət və tolerantlıq əsasında qurulan harmonik münasibətlər fərdlərin və bütövlükdə cəmiyyətin maraqlarını təmin edir.
Beləliklə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər mövqedə dayanır. Sadalanan prinsiplər isə Azərbaycançılıq ideologiyasının tərkibində yer alır. Azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır. Bu gün Azərbaycançılıq respublikamızda tarixi ənənələrdən gələn müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradır. Vahid milli ideologiyanın mövcudluğu insanları özlərini cəmiyyətin tamhüquqlü üzvü kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində Azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Milli şüura sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən kosmopolit düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin, milli identikliyin və milli dövlətçiliyin qorunmasından ibarətdir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda formalaşan gənclik ölkənin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir: “Mən şadam ki, Azərbaycanda çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da, bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz, əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti olacaqdır”.
Hülya MƏmmƏdli

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31