Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkənin yol-nəqliyyat infrastrukturu yenilənir

Ölkənin yol-nəqliyyat infrastrukturu yenilənir

02.08.2014 [11:34]

Prezident İlham Əliyev: Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır
Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkə miqyasında həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, xüsusilə diqqəti cəlb edir. Məlum olduğu kimi, son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt Bakıda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Qeyd edək ki, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafı siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, vaxtilə “Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” deyən Ümummilli liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində sözügedən sahədə mühüm addımlar atılıb.
Ümumiyyətlə, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri, heç şübhəsiz ki, yol təsərrüfatıdır. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan yol-nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir.
Beləliklə, ölkəmizdə çox böyük sosial-iqtisadi əhəmiyyət daşıyan yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenilənməsi məmnunluq doğurur. İlk növbədə, onu vurğulayaq ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi üçün güclü maddi-texniki baza yaradılıb. Son 10 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol-tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt-beton zavodu işə salınıb.
Yaradılan güclü maddi-texniki baza ən çətin coğrafi şəraitdə belə yolların və yol qurğularının sürətlə və yüksək keyfiyyətlə inşasına imkan verir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr vaxtında reallaşdırılır. Son 10 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. 2003-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib.
Hazırda beynəlxalq miqyaslı İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində tikinti və yenidənqurma işləri uğurla davam etdirilir. İndiyədək magistralın 312,5 kilometrlik 2-ci texniki dərəcəli və 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib.
Ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir.
Digər strateji əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik hissəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək olan hissəsi, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri istifadəyə verilib.
Bundan başqa, tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirəcək H.Z.Tağıyev qəsəbəsi-Sahil avtomobil yolunun yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4 kilometr olan bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin edəcək və hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaldacaq.
Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin böyük bir qismi paytaxt Bakıda və ətraf qəsəbələrdə həyata keçirilir. Qeyd edək ki, bir vaxtlar Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Paytaxtda tıxacların aradan qaldırılması məqsədilə kompleks tədbirlərin görülməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə geniş müzakirə olundu və dövlət başçısı Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsini təmin etmək məqsədilə geniş proqram hazırlanması barədə əlaqədar qurumlara tapşırıq verdi. Bundan sonra Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açıb. Bu layihələrin icrası nəticəsində son illərdə paytaxtda 60-dan artıq yol ötürücüsü və tunel tikilərək istifadəyə verilib.
Bundan əlavə, Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sürücülərlə yanaşı, piyadaların da rahatlığını təmin edib. Belə ki, son illərdə paytaxtda 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yerüstü və yeraltı piyada keçidi tikilib.
Beləliklə, Bakı şəhərinin və onun qəsəbələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol təsərrüfatındakı problemlərin böyük hissəsi öz həllini tapıb. Ümumiyyətlə, 2008-2013-cü illərdə paytaxtda yeni tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş yolların uzunluğu 703,3 kilometrə çatır. Bu qəbildən olan yolların sırasında Zabrat-Balaxanı-Mehdiabad-Binəqədi-Xırdalan, Zığ dairəsi-Hava limanı, Böyükşor dairəsi-Hava limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştağa-Buzovna, Zığ dairəsi-Hava limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən yol, həmçinin, bir sıra prospekt və küçələr vardır.
Məlumdur ki, hazırda paytaxtımız 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşır. Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun əldə olunması, eyni zamanda, paytaxtın yol infrastrukturunda yeni layihələr həyata keçirilməsi zərurətini yaradıb. Bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən paytaxtın yol-nəqliyyat şəbəkəsi üzrə tədbirlər planı təsdiq edilib və ayrı-ayrı layihələr üzrə görüləcək işlər müəyyənləşdirilib. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev Birinci Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda həyata keçirilən işlərlə yaxından maraqlanır. Dövlət başçısı bu günlərdə Bakı Olimpiya Stadionunun ətrafında inşası davam etdirilən yeni yol-nəqliyyat infrastrukturunun tikintisi ilə şəxsən tanış olub. Dövlət başçısına məlumat verilib ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi yerinə yetirilib. Çəkilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə 3 körpünün inşası nəzərdə tutulur. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 162, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Ərazidə, həmçinin, uzunluğu 900 metrə yaxın olan piyada keçidi və iki tunel tikiləcək. Buradan keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.
Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi bundan sonra da intensiv şəkildə davam etdiriləcək. Prezident İlham Əliyev cari ildə respublikanın müxtəlif bölgələrində avtomobil yollarının yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı, Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi, Qobu-Lökbatan-Güzdək-Puta, Quba rayonunun Quba-Küpçal-Küsnət və digər avtomobil yollarının tikintisi məqsədilə maliyyə vəsaiti ayrılıb. Hazırda həmin ünvanlarda yol-inşaat işləri uğurla davam etdirilir.
Ümumiyyətlə, Prezident İlham Əliyev qarşıdakı mərhələdə respublikanın bütün ərazisində kənd yollarının asfaltlaşdırılmasını bir vəzifə kimi qarşıya qoyub. İyulun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı kənd yollarının asfaltlaşdırılması, kəndlərdə yaşayan əhalinin yaxşı yollarla təmin edilməsi barədə hədəfləri bir daha diqqətə çatdıraraq vurğulayıb: “Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31