Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anti-Azərbaycan dairələrin “qara piar” kampaniyasının yeni elementləri...

Anti-Azərbaycan dairələrin “qara piar” kampaniyasının yeni elementləri...

19.06.2015 [09:40]

Yaxud “The Guardian” nəşrinin növbəti spekulyasiyası nəyə xidmət edir?
Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Məhz iyunun 12-də baş tutan ilk Avropa Oyunlarının möhtəşəm açılışı da ölkəmizin qüdrətini nümayiş etdirmiş oldu. Yerli və xarici ekspertlər də bu qənaətdədirlər ki, ölkəmizdə keçirilən bu mötəbər beynəlxalq tədbir Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə kimi xarakterizə edilməlidir.
Fiaskoya uğramış kampaniyanı yenidən dirçəltmək cəhdləri...
Sirr deyil ki, bütün bunlara rəğmən, ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı “qara piar” kampaniyasında fəallaşdılar. Bu kontekstdə birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar daha çox diqqət çəkdi. Bütövlükdə isə, erməni lobbisinin, anti-Azərbaycan şəbəkənin təsirində olan bəzi beynəlxalq təşkilatların birinci Avropa Oyunlarını “boykot” çağırışı, xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv kampaniya açılış mərasimindən sonra iflasa uğradı. Amma anti-Azərbaycan şəbəkə birinci Avropa Oyunlarına qarşı öz uğursuz fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir zamanlar dünyaya azad söz dəyərlərini, jurnalistlərin peşə kodeksini təqdim etmiş Britaniya mediası indi bu dəyərləri və peşə prinsiplərini kobudcasına pozmaqdadır. BBC, “The Guardian”, “The İndependent” kimi Britaniya KİV-ləri qərəzli kampaniyaya öncüllük edirlər. Qeyd edək ki, “The Guardian” aldığı sifarişə uyğun olaraq bu dəfə UNİCEF-i Avropa Oyunlarına “dəstək vermək”də və “Oyunların tərkib hissəsi”nə çevrilməkdə ittiham edir.
“The Guardian” köhnə ampluasında...
Bu məqamda bir neçə nüansa xüsusi olaraq diqqət yetirmək gərəkdir. İlk növbədə, “The Guardian” qəzetində bundan öncə də ilk Avropa Oyunlarını hədəfə alan qərəzli və qeyri-obyektiv yazılar dərc olunub. Məsələn, məqalələrin birində ilk Avropa Oyunlarının əhəmiyyəti məqsədli şəkildə təhrif edilir - azaldılır və qeyd edilir ki, guya, iştirakçı ölkələr ikinci dərəcəli idmançılarını bu Oyunlara cəlb edəcəklər. Amma hazırkı reallıq göstərir ki, qəzetin yazdıqları subyektiv mülahizələrdən və dezinformasiyadan başqa bir şey deyil.
UNİCEF-lə bağlı spekulyasiya nəyin ifadəsidir?
UNİCEF-lə bağlı spekulyasiya xarakterli məlumatların isə mahiyyətini aşkar etmək üçün bir sıra məqamlara toxunmaq lazımdır. Belə ki, UNİCEF humanitar missiya daşıyan, uşaq və yeniyetmələrin hüquqlarını müdafiə edən təşkilatdır. Qərb ölkələrinin dövlət büdcəsindən maliyyələşən, aldıqları maliyyəni doğrultmaq üçün açıq şəkildə qərəzli fəaliyyətlə məşğul olan beynəlxalq QHT-lərdən fərqli olaraq UNİCEF BMT tərəfindən təsis edilib.
UNİCEF-in fəaliyyət və hədəfləri də ilk Avropa Oyunlarının məramına uyğundur. Təşkilat rəsmən bəyan edir ki, birinci Avropa Oyunları ilə əməkdaşlıq təhlükəsizlik hüququnun, təcrid olunmuş uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasında bir vasitə kimi idmanın rolunun təbliği məqsədi güdür.
Həqiqətən də, Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsidir. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar - sülh, həmrəylik, sosial inteqrasiya haqqında məlumatlar alırsa, nə səbəbə UNİCEF Qərbin bəlli dairələrinin nəzarətində olan GONGO-lara qoşulub bu oyunların tərkib hissəsi olmasın?
UNİCEF-in idman yarışlarında partnyor kimi çıxış etməsi ilk dəfə deyil. Məsələn, təşkilat uzun müddətdir “Barselona” idman klubu ilə də əməkdaşlıq edir. Amma bu səbəbdən qurumu “Barselona”nın bağlı olduğu Kataloniya siyasi çevrələrinə yaxın olmağa görə kimsə ittiham etmir.
Digər tərəfdən, anti-Azərbaycan fəaliyyəti ilə yaxşı tanınan Rebekka Vinsentin nifrətindən doğan subyektiv mülahizələrin məhsulu olan yazıda digər beynəlxalq QHT-lərin, hüquq müdafiəçilərinin ölkəmizdə fəaliyyətinin məhdudlaşdırıldığı, UNİCEF-in fəaliyyətinə isə imkan yaradıldığı iddia olunur. Bu iddia özlüyündə yazıda qoyulmuş bir çox suallara dolayı cavab da sayıla bilər. Deməli, Azərbaycanın milli qanunvericiliyini, öz nizamnamələrini pozmayan, qanunamüvafiq şəkildə ölkəmizdə qeydə alınan istənilən təşkilatın fəaliyyətinə maneə yoxdur. Ölkəmizə jurnalist kimi gəlib idman yarışlarını işıqlandırmaq istəyən heç bir media nümayəndəsinə də maneə yaradılmadı. Bunun üçün əvvəlcədən müəyyənləşdirilmiş prosedurlara əməl edib akkreditasiyadan keçmək lazım idi.
“Qoca qitə”dəki bəzi transmilli media qurumları Avropanın özünə qarşı...
Belə olan halda ortaya sual çıxır: nə üçün Avropadakı bəzi transmilli media qurumları bu Oyunlara qarşı “qara piar” kampaniyası aparır, həqiqətə uyğun olmayan informasiyaları dövriyyəyə buraxırlar? Axı dünya idman ictimaiyyətinin yüksək qiymətləndirdiyi bu Oyunlar adından da göründüyü kimi, Avropanı birləşdirən mötəbər beynəlxalq idman hadisəsi olmaqla müstəsna əhəmiyyət daşıyır...
Şübhəsiz, ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan və islamofob dairələrin transmilli media qurumları vasitəsilə Azərbaycana qarşı təzyiq etməsi təəccüblü və təsadüfi deyil. Çünki Qərbdəki anti-Azərbaycan dairələrin ruporu olan müəyyən nəşrlər aldıqları direktivlər əsasında birinci Avropa Oyunları ərəfəsində bu cür manipulyasiyalarla Azərbaycanın pozitiv beynəlxalq imicinə xələl gətirməyə çalışırlar.
Bütün hallarda Azərbaycan öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və mötəbər idman hadisəsi olan ilk Avropa Oyunlarının əhəmiyyətini azaltmaq mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ictimai rəyə təsir göstərə bilər.
NURLAN

 
Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31