Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatı hakimiyyətin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir

Azərbaycan mətbuatı hakimiyyətin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir

28.07.2015 [09:39]

Prezident İlham Əliyev: Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Bu kontekstdə davamlı islahatların həyata keçirilməsini isə xüsusi vurğulamaq gərəkdir.
Modern hüquqi dövlət olan Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi - institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir.
Dolayısıyla, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir. Yeri gəlmişkən, iyulun 21-də milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb: “Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Şübhəsiz, bütün bunlar onu göstərir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Yəni Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr uğurla yerinə yetirilib. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin”.
Mətbuatın ictimai institut kimi inkişafı dövlətin diqqət mərkəzindədir
Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini sosial institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ümumiyyətlə, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin, əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Yeri gəlmişkən, dövlətimizin başçısı vurğulayıb ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil: “Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər”.
Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
Ümummilli lider Heydər Əliyenin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan dövlət vəsaiti Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını bəzi neqativ tendensiyalardan müəyyən mənada ayırdı.
Yeri gəlmişkən, Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanması və bundan sonra mühüm tədbirlərin keçirilməsi də xüsusi vurğulanmalıdır.
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir hadisə baş verdi. Belə ki, 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu. Bununla yanaşı, jurnalistlər üçün yeni binanın təməli atıldı - 2013-cü il iyulun 22-də Azərbaycan Prezidenti KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoydu.
Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır: “İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən, Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Onu da qeyd etmək lazımdır ki, bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev mətbuatın operativliyi məsələsinə də toxunub və milli medianın yaydığı məlumatların ölkədaxili proseslərin obyektiv öyrənilməsi baxımından əhəmiyyətinə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı deyib ki, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir: “Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki, yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir”.
Nurlan QƏLƏNDƏRLİ

 
Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31