/ / Azərbaycanda həyata keçirilən yeni layihələr paytaxt Bakının və regionların su təminatında böyük dönüş yaradıb
Azərbaycanda həyata keçirilən yeni layihələr paytaxt Bakının və regionların su təminatında böyük dönüş yaradıb
30.10.2015 [10:24]
Prezident İlham Əliyev: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir
Sirr deyil ki, ölkəmizdə müstəqil dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili əsas götürülür. Bu strateji kursa uyğun olaraq son 12 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanılaraq paytaxt Bakıda və bölgələrdə geniş sosial proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, sağlamlığı, məişət şəraitlərinin yaxşılaşdırılması ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev paytaxtda və bölgələrdə yeni istifadəyə verilən əksər sosial təyinatlı infrastruktur obyektlərinin açılışında şəxsən iştirak edib və öz tövsiyələrini verib.
Bu günlərdə isə dövlət başçısının iştirakı ilə böyük sosial əhəmiyyətə malik daha bir infrastruktur obyekti - Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Prezident İlham Əliyev kompleksin açılışında söylədiyi nitqində bir daha Azərbaycanın sosial dövlət olduğuna diqqət çəkərək vurğulayıb: “Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır”.
Əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalıb
Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər.
Həqiqətən də, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalmışdır. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatıb
Son illərədək Bakı sakinlərinin təxminən 60 faizi içməli suyu fasilələrlə alırdı. Bundan başqa, əhaliyə verilən suyun tərkibi də arzuolunan səviyyədə deyildi. Prezident İlham Əliyevin səyləri sayəsində reallaşdırılan yeni su layihələri paytaxtımızın və ətraf qəsəbələrin su təminatında əhəmiyyətli dönüş yaradıb. Dövlət başçısı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Bakı şəhərinə fasiləsiz içməli suyun verilməsinin 80 faizə çatmasını tarixi nailiyyət kimi səciyyələndirərək deyib: “Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz”.
Son illərdə paytaxtımızın su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasında Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi mühüm rol oynayıb. Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilib. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan 55 kilometrlik hissəsi polad borulardan tikilib.
Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılıb. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxtımıza özüaxımlı rejimdə verilən su Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.
Son illərdə Bakının su təminatı sahəsində qazanılan uğurlar sevindirici olsa da, paytaxtın müvafiq təsərrüfatı getdikcə daha müasir dövlətə çevrilən Azərbaycanın standartlarına tam cavab vermir. Dövlət başçısının qeyd etdiyi kimi, Bakı şəhərinin su təsərrüfatı daha sürətlə yeniləşməlidir: “Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq...”.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı böyük və tarixi hadisədir
Qeyd etdiyimiz kimi, bu günlərdə Bakının və bütövlükdə Abşeron yarımadasının su təchizatının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq yeni infrastruktur layihəsi - Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı baş tutub. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Prezident İlham Əliyev yeni su layihəsinin uğurla reallaşdırılmasını tarixi hadisə kimi səciyyələndirib: “Bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür. Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da, böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək”.
Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı saniyədə 6,6 kubmetrdir. Gələcəkdə əlavə modulların quraşdırılması, eləcə də elektromexaniki sistemin köməyi ilə emal gücünün artırılaraq saniyədə 7,5 kubmetrə çatdırılması mümkündür.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələri, o cümlədən də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi müstəqil Azərbaycan dövlətinin siyasi iradəsini və gücünü nümayiş etdirir. Prezident İlham Əliyev belə bir unikal, geniş texniki parametrlərə malik qurğunun ölkəmizdə istismara verilməsindən qürur duyduğunu bildirib: “Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb”.
Bakının etibarlı su təchizatına nail olunması ilə bağlı qarşıya qoyulan hədəflər real zəminə əsaslanır
Gələcəkdə isə Bakının 24 saat fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulub. Prezident İlham Əliyev diqqəti qarşıya qoyulan hədəfə yönəldərək vurğulayıb: “Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq”.
Qeyd edək ki, paytaxt Bakının və ətraf qəsəbələrin su təminatının etibarlı şəkildə yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan hədəflər real zəminə əsaslanır. Son illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmizin iqtisadi potensialı əhəmiyyətli dərəcədə genişlənib və Azərbaycan güclü maliyyə təminatına malik ölkəyə çevrilib. Dinamik inkişafın sayəsində ölkəmiz istənilən infrastruktur layihəsini reallaşdırmaq iqtidarındadır. Prezident İlham Əliyev ölkənin güclü iqtisadi və maliyyə imkanlarına əsaslanaraq Bakının su təminatının yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan məqsədlərə çatılacağına əminliyini ifadə edib: “İqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Onların içində, əlbəttə ki, ilk növbədə, içməli su layihələridir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07

