Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaq

Azərbaycanda 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaq

28.01.2016 [09:51]

Prezident İlham Əliyev: Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin
Məlum olduğu kimi, bir neçə ildir dünya ölkələri qlobal maliyyə böhranı ilə baş-başa qalıb. Artıq tarixə dönmüş 2015-ci ildə isə dünyada iqtisadi böhran daha da dərinləşib. Baş verən son proseslər dünya iqtisadiyyatının hələlik bu böhrandan çıxa bilmədiyindən xəbər verir. Lakin qlobal məkanda müşahidə edilən arzuolunmaz proseslərə baxmayaraq, Azərbaycan 2015-ci ildə də ölkədə möhkəm daxili sabitliyi qorumağa və öz iqtisadi potensialını artırmağa nail olub. Respublikada il ərzində nəzərdə tutulan bütün vəzifələr icra edilib, sosial layihələrin icrasında hər hansı ixtisarlar aparılmayıb. Ölkə iqtisadiyyatında 1,1 faiz artıma nail olunub, kənd təsərrüfatı 6,6 faiz genişlənib. Ən yüksək artım dinamikası isə 8,4 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb.
Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi bu uğurların mərkəzində duran başlıca məqam xalq-iqtidar birliyidir. Çünki dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bu məsələyə toxunaraq bildirib: “Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”.
Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir
Məhz bütün bunların fonunda 2015-ci ilin də ölkəmiz üçün uğurlu olduğunu deyən dövlət başçısı onu da bəyan edib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılmışdır: “Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. İştirak etmiş bütün müşahidəçilərin rəyinə görə parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilmişdir. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Çünki mən bu seçkilərin nəticələrini belə qəbul edirəm: Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir”.
Əlbəttə, dünyadakı mürəkkəb geosiyasi vəziyyət və iqtisadi böhranla müqayisədə Azərbaycanın əldə etdiyi göstəricilər böyük nailiyyətdir. Bununla belə, qlobal məkanda baş verən proseslər, o cümlədən də birjalarda neftin kəskin dəyər itirməsi, tərəfdaş ölkələrin milli valyutalarının 100 faizdən çox ucuzlaşması son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edən respublikamızın iqtisadiyyatına da öz təsirini göstərib. Yaranmış vəziyyət qarşıya yeni çağırışlar qoyub. Bütövlükdə götürdükdə, Azərbaycan iqtisadiyyatı sabit və dayanıqlıdır. Son illərdə respublikamızda diversifikasiyalı, neftdənkənar iqtisadiyyat qurulması üçün böyük işlər görülüb, zəruri infrastruktur qurulub, hüquqi təminatlar möhkəmləndirilib. Məhz bu kimi amillər də ölkəmizin yaranmış vəziyyətdən nisbətən az itkilərlə çıxacağına əminlik yaradır. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev yaranmış vəziyyətdən tez bir zamanda çıxmaq və qarşıdakı illərdə də inkişafın davamlılığını təmin etmək üçün güclü siyasi iradə nümayiş etdirir.
Dövlət başçısı bu məqsədlə ölkənin güclü iqtisadi potensialına əsaslanaraq bir sıra mühüm qərarlar qəbul edib, iqtisadiyyatın daha geniş və səmərəli şaxələndirilməsinə, investisiya qoyuluşunun, ixracyönümlü daxili istehsalın təşviq edilməsinə hesablanan Fərman və sərəncamlar imzalayıb. Bütün bunlara istinadən demək mümkündür ki, Azərbaycan qlobal təsirlərin ortaya çıxartdığı yeni çağırışlara uğurla adaptasiya olunaraq yeni iqtisadi inkişaf kursuna start verib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində qarşıda duran hədəfləri açıqlayıb. Azərbaycanın yaranmış vəziyyətdən uğurla çıxacağına əminlik ifadə edən dövlət başçısı bildirib ki, ölkəmizdə 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır: “...Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir
Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Son 12 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yerli istehsalın davamlı şəkildə dəstəklənməsi sayəsində ölkədə çoxlu sayda yeni istehsalatlar yaranıb. Son illərdə respublikamızda daxili istehsalın genişlənməsindən söhbət açarkən geniş potensiala malik aqrar sektorun imkanlarından daha səmərəli istifadə olunmasını xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, sənayedə və digər sahələrdə də daxili istehsalı artırmaq imkanları kifayət qədər genişdir.
O da qeyd edilməlidir ki, Azərbaycan əlverişli coğrafi məkanda yerləşir. Son illərdə yaradılan infrastruktur sayəsində ölkəmizin geniş tranzit imkanları yaranıb. Bundan başqa, respublikamız cəlbedici ixrac bazarları ilə əhatə olunub. Həmin bazarlarda müştərilər ənənəvi Azərbaycan mallarını yaxşı tanıyırlar və gözləyirlər. Təbii ki, respublikanın güclü iqtisadi və intellektual potensialı Azərbaycan brendi ilə buraxılan malların siyahısını daha da zənginləşdirməyə imkan verir. Onu da nəzərə almaq lazımdır ki, son illərdə xarici ölkələrdə milli məhsullarımızın tanıdılması, satış və logistik mərkəzlərin yaradılması istiqamətində məqsədyönlü iş aparılır. Qazaxıstanın Aktau şəhərində yaradılan logistik mərkəz artıq istifadəyə hazırdır, digər şəhərlərdə də belə mərkəzlər inşa olunur. Bütün bunlar ölkəmizdə yerli istehsalının stimullaşdırılmasına xidmət göstərən müsbət məqamlardır.
Təəssüf doğuran haldır ki, ölkədə daxili istehsalın genişlənməsinə “yaşıl işıq” yandıran belə müsbət məqamlarla yanaşı, bu sahədə daha geniş fəaliyyətin qarşısını alan bəzi mənfi hallar hələ də qalmaqdadır. Bazar iqtisadiyyatı sərbəst rəqabətə əsaslanan iqtisadiyyatdır. Təəssüf ki, bir sıra hallarda azad rəqabət mühitinə süni müdaxilələr edilir. İqtisadiyyatımız belə mənfi təzahürlərdən tezliklə yaxa qurtarmalıdır. Prezident İlham Əliyev bununla bağlı ciddi mesajlarını verərək bildirib ki, biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik.
Daxili istehsalın genişləndirilməsi, eyni zamanda, əlverişli investisiya mühitinin yaradılması və investisiya qoyuluşunun təşviq edilməsi ilə bağlıdır. Ölkədə investisiya iqlimi bütövlükdə müsbətdir. Möhkəm daxili sabitlik və dövlətin güclü siyasi iradəsi Azərbaycanı yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevirib. Son 12 ildə respublikamıza müxtəlif mənbələrdən 200 milyard dollardan çox sərmayələr yönəldilməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində yaranmış vəziyyətdə aparılan islahatlara uyğun olaraq investisiya qoyuluşunun prioritet istiqamətlərini nəzərə çatdırıb. “...Çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.
Ümumiyyətlə, aparılan islahatlar çərçivəsində ixracyönümlü məhsul istehsalı bundan sonra güclü şəkildə təşviq olunacaq. Bununla bağlı fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir”.
Bütün bunlarla yanaşı, vurğulayaq ki, ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Eyni zamanda, aqrar sektorun güclü inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən geniş meliorasiya və irriqasiya layihələri reallaşdırılıb. Dövlət vəsaitləri hesabına inşa edilən Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi sayəsində on minlərlə hektar torpaq sahələrinin dövriyyəyə xəlb edilməsi imkanı yaranıb. Azərbaycanda dövlət dəstəyi ilə yaradılan iri fermer təsərrüfatları ölkədə yeni, daha effektiv kənd təsərrüfatı sistemi formalaşdırır.
Son 12 ildə aqrar sektorun inkişafının davamlı olaraq dəstəklənməsi, bu sahədə geniş islahatların həyata keçirilməsi sayəsində ölkədə bir sıra ərzaq məhsullarına olan tələbatın sırf daxili istehsal hesabına ödənilməsi təmin olunub. Belə ki, ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir. Sevindirici haldır ki, aqrar sektorun inkişafı sayəsində son illərdə Azərbaycan ərzaq təminatının yerli istehsal hesabına ödənilməsində nəzərəçarpacaq uğurlara nail olub. Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını təmin edib. Qeyd edək ki, hazırda ölkəmizdə ət və ət məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi səviyyəsi 90 faizi ötüb ki, bu da çox yaxşı göstəricidir.
Ölkədə aqrar sektorda qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, aparılan islahatlar çərçivəsində bu sahədə prioritet hədəfləri də diqqətə çatdırıb: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.
Ölkədə sahibkarlığın dəstəklənməsi üçün əlavə tədbirlər görülməsi nəzərdə tutulur
Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkədə özəl bölmənin inkişaf etdirilməsi məqsədlə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Azərbaycanda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduğunu nəzərə çatdırıb.
Eyni zamanda, dövlət tərəfindən sahibkarlıq subyektlərinə maddi dəstək ildən-ilə genişləndirilir. Son 12 ildə özəl bolmədə çalışan iş adamlarına 1,7 milyard manat həcmində güzəştli kreditlər verilib. Cari ildə isə özəl bölməyə daha 300 milyon manat güzəştli kredit ayrılması nəzərdə tutulub. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən ilin sonlarından etibarən ölkədə biznes mühitinin optimallaşmasına, sahibkarlığın inkişafına yeni impuls verən sistem xarakterli tədbirlər həyata keçirilir. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. Ötən il sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür.
Davamlı dövlət dəstəyi sayəsində özəl bölmə sürətlə inkişaf edir. Son 12 ildə respublika iqtisadiyyatında özəl bölmənin çəkisi 80 faizə yüksəlib. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb.
Özəl bölmədə əldə olunan uğurlar nə qədər sevindirici olsa da, bu sahədə imkanlar daha genişdir. Sahibkarlar ölkənin yaranmış vəziyyətdən nisbətən az itkilərlə çıxmasına sanballı töhfələr verə bilərlər. Onu da qeyd edək ki, hazırda respublikada dövlət başçısının tapşırığına uyğun olaraq vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, vergitutmanın sadələşdirilməsi istiqamətində ciddi iş aparılır ki, bu da özəl bölmənin inkişafına yeni nəfəs verəcək. Bu istiqamətdə görülən işlər kifayət qədər geniş olsa da, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövr yeni yanaşmalar tələb edir və indiki səraitdə sahibkarlıq subyektləri daha güclü şəkildə dəstəklənməlidir. “...Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri də əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Son 12 ildə ölkəmizdə reallaşdırılan uğurlu siyasət, o cümlədən də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin böyük müvəffəqiyyətlə həyata keçirilməsi əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Ölkəmizdə 2003-cü ildən bəri 1,5 milyon yeni iş yerinin açılması sayəsində hazırda ölkəmizdə işsizlik 5 faizdən də aşağı düşüb ki, dünya üzrə ən yaxşı göstəricilərdəndir.
Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Ölkədə əhali artımından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, yeni iş yerlərinin yaradılması cari ildə xüsusi aktuallıq kəsb edir və bununla bağlı uzunmüddətli konkret plan tərtib edilməlidir: “Mən çox şadam ki, əhali artır. Bəlkə də bunun ən böyük tərəfdarı mənəm. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artmalıdır. Ona görə, hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir. Uzunmüddətli konkret plan tərtib edilməlidir ki, əmək resurslarının işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31