Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyə strateji töhfələr verir

Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyə strateji töhfələr verir

31.03.2016 [10:40]

Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir
Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Eyni zamanda, həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz daxili siyasətimizin davamıdır: “Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”.
Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Cənubi Qafqazın lider dövləti beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Beləliklə, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir.
Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Eyni zamanda, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır: “Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir”.
Azərbaycan regionda sabitləşdirici aktor kimi...
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan, Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. İşğala məruz qalmasına, müxtəlif təhdidlərlə üzləşməsinə baxmayaraq, sülh, sabitlik və təhlükəsizlik tərəfdarı olan ölkəmiz bölgədə sabitləşdirici aktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq”.
Ümumiyyətlə, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə, Azərbaycan-İran münasibətlərinin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, region ölkələri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirirlər.
Digər tərəfdən, Azərbaycanın praqmatik xarici siyasət kursu region ölkələrinin mövqeyinin möhkəmlənməsinə də müstəsna töhfələr verir. Məsələn, son zamanlar Azərbaycanın iştirakı ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr, atılan addımlar qardaş Türkiyənin də mövqeyinin möhkəmlənməsində öz əksini tapıb, həmçinin iki ölkə münasibətlərinin inkişafına təkan verib. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Türkiyə regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə əməkdaşlığı regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək.
Regional təhlükəsizliyin qarantı olan Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır
Beləliklə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatik və siyasi uğurumuzdur: “Bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir”.
Bütövlükdə, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik inkişafa malik olan ölkə kimi tanınır. 
Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. 
Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.
Azərbaycan nüvə təhlükəsizliyinin təmin olunmasında da aktiv iştirak edir
O da vurğulanmalıdır ki, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfələrin spektri daha genişdir. Siyasi, iqtisadi, ekoloji və digər istiqamətlərlə yanaşı, ölkəmiz nüvə təhlükəsizliyinin təmin olunması prosesində də aktiv iştirak edir. Belə ki, Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunan Azərbaycan yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq bu prosesə mühüm töhfələr verir. Məlum olduğu kimi, Azərbaycan Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün iştirakçısıdır. Ölkəmiz Təşəbbüsə qoşulduqdan sonra bu çərçivədə təşkil olunan bir sıra tədbirlərdə aktiv iştirak etmiş, eləcə də 2013-cü ilin 23-24 may tarixlərində Mexikoda keçirilmiş tərəfdaş dövlətlərin VIII plenar iclasında və İmplementasiya və Qiymətləndirmə Qrupunun növbəti görüşündə təmsil olunmuşdur. Məlumat üçün bildirək ki, Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüs 2006-cı ilin 15 iyul tarixində Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının birgə təşəbbüsü olaraq yaradılıb. Təşəbbüsün başlıca məqsədi nüvə terrorçuluğu ilə mübarizə, həmçinin nüvə materiallarının və radioaktiv maddələrin terrorçular və digər qeyri-dövlət aktorları tərəfindən ələ keçirilməsinin, nəqlinin və istifadə edilməsinin qarşısının alınması sahələrində tərəfdaş dövlətlərin milli imkanlarının gücləndirilməsi və kollektiv səylərin artırılmasıdır. 
Ölkəmiz, eyni zamanda, “Beynəlxalq nüvə terrorçuluğu aktlarının aradan qaldırılması” Konvensiyası və “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiya kimi mühüm beynəlxalq sazişlərə qoşulub. Həmçinin Azərbaycan Respublikası 2012-ci ilin 19 mart tarixində Təşəbbüsün əsas sənədi olan “Prinsiplər Bəyannaməsi”ni qəbul edərək ona üzv olub. Bundan başqa, Azərbaycan nüvə təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmiz ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Sadalananlarla yanaşı, Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Beləliklə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda nüvə təhlükəsizliyinin təmin olunması işində aktiv iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır. Məhz buna görə də bu məsələyə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər. Elə Azərbaycan Prezidentinin ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması da deyilənlərin bariz nümunəsidir.
Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Bununla yanaşı, Azərbaycan sivilizasiyalararası dialoqa da mühüm töhfələr verir. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Bu məsələyə toxunan dövlət başçısı xüsusi olaraq vurğulayıb: “Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə... çox maraqlıdır... Azərbaycanın təcrübəsi, hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar”.
Qeyd etmək lazımdır ki, Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 890 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31