Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Virtual məkanda da düşmən təxribatlarının qarşısı alınır

Virtual məkanda da düşmən təxribatlarının qarşısı alınır

23.07.2020 [09:53]

Mehriban Əliyeva: Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bir sıra digər üstünlükləri ilə yanaşı, həm də xəlqi mahiyyəti ilə diqqəti cəlb edir. Biz tez-tez onun qayğıya ehtiyacı olan insanların problemlərinin həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdiyinin, xəstəxanalarda, uşaq evlərində, internat məktəblərində görüşlər keçirdiyinin, ölkəmiz üçün həssas məqamlarda xalqa üz tutduğunun, eyni zamanda, cəmiyyətdən gələn sosial sifarişləri çoxşaxəli fəaliyyətində mütləq nəzərə aldığının şahidi oluruq. Bu reallığı bu günlərdə Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı hadisələr fonunda da müşahidə etdik.Yeri gəlmişkən, Mehriban xanım Əliyeva bəhs olunan hərbi təxribatlarla əlaqədar xalqımıza müraciətində bir sıra vacib məqamlarla bağlı özünün konkret mövqeyini ifadə edib. Son günlər baş verən hadisələrin ölkəmizin hər bir vətəndaşında narahatlıq yaratdığını diqqətə çatdıran Birinci vitse-prezident cəmiyyətə çağırış edərək vurğulayıb: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında”.
Ordumuzun şücaəti, xalqımızın birliyi, dünya azərbaycanlılarının həmrəyliyi sonsuz qürur doğurur
Bəhs olunan müraciətində Mehriban xanım Əliyeva Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən ölkənin hərbi birləşmələrinin növbəti təxribat cəhdlərinin fonunda ölkəmizdə müşahidə edilən müsbət məqamlara diqqət çəkib.
Artıq 30 ildir ki, biz müharibə şəraitində yaşayırıq. Qarşımızdakı düşmən isə məkrlidir. Diqqət yetirsək, görərik ki, ermənilər heç vaxt açıq döyüşlərdə qələbə qazanmayıblar. Bu dəfə də Ermənistanın silahlı qüvvələri öz ənənəsinə sadiq qalaraq Azərbaycanın mövqelərini qəfildən artilleriya atəşinə tutub. Bunun nəticəsində də bir neçə hərbçimiz şəhid olub, yaralılarımız var. Əlbəttə, itkilərin olması narahatlıq doğurur. Öz növbəsində, Mehriban xanım Əliyevanın məlum müraciətində deyilir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin.Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm.Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun”.
Ancaq düşmən təxribatının qarşısı alınarkən şəhidlər versək də, ordumuzun növbəti rəşadəti bizi qürurlandırır. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribata əl atmaqda məqsədi yeni mövqelər ələ keçirmək olub. Onlar özlərinin təcavüzkar niyyətlərini açıq şəkildə bəyan ediblər. Ancaq düşmən tərəf istəyinə nail olmayıb. Ordumuz uğurlar seriyasını Tovuz istiqamətində gedən döyüşlərdə də davam etdirib. Mehriban xanım Əliyevanın müraciətində bildirdiyi kimi, işğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, ordumuzun bölmələri düşmənin dayaq məntəqəsinə zərbələr endirib, qarşı tərəfin bir neçə hərbi obyektini, çoxlu sayda texnikasını və canlı qüvvəsini sıradan çıxarıb.
Dövlət sərhədinin Tovuz istiqamətində ordumuzun düşmən təxribatının qarşısını qətiyyətlə almasının fonunda Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə hökm sürür. Qeyd edək ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alan ordumuzu öz qətiyyətli dəstəyini göstərirlər. Təsadüfi deyil ki, Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda minlərlə insan küçələrə çıxıblar, uzun yolu piyada qət edərək Şəhidlər xiyabanına üz tutublar. Həmin yürüşlərin iştirakçıları milli ordu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev barəsində şüarlar səsləndiriblər, vətənpərvərlik hisslərini, ordumuza dəstəklərini bildiriblər. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz bu günlərdə könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirirlər. Belə gənclərin sayı kifayət qədər çoxdur.
Həmçinin dünya azərbaycanlıları da ordumuzla, xalqımızla sıx həmrəylik nümayiş etdirirlər. Bu günlərdə xaricdə yaşayan azərbaycanlıların Ermənistanın hərbi birləşmələrinin Tovuz istiqamətində törətdikləri təxribatlara qarşı etiraz aksiyaları keçirdiklərinin şahidi oluruq. İndiyədək belə aksiyalar ABŞ-da, Avropa İttifaqına üzv olan dövlətlərin müxtəlif şəhərlərində, Türk Şurasında birləşən ölkələrdə, region dövlətlərində və digər ünvanlarda baş tutub. Aksiyalara qoşulan soydaşlarımız “Qarabağ Azərbaycanındır!”, “Ermənistan mülki insanların və uşaqların qatilidir!”, “Biz hamımız Poladıq!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!” şüarlarını səsləndiriblər.
Daha bir vacib məqama toxunmaq məqsədəmüvafiq olar. Məlum olduğu kimi, düşmənin Tovuz istiqamətində törətdiyi təxribatların qarşısının alınmasında Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri - general Polad Həşimov və Polkovnik İlqar Mirzəyev də həyatlarını itiriblər. Bu ona dəlalət edir ki, hazırda Azərbaycanın Silahlı Qüvvələrində yüksək nizam-intizam var, ayrı-seçkiçiliyə yol verilmir, yüksək rütbəli zabitlər də döyüş mövqelərində vuruşurlar.
Qeyd olunan məqamlar Azərbaycan cəmiyyətinin, ordumuzun, xalqımızın böyük üstünlüyüdür. Mehriban xanım Əliyeva müraciətində bütün bunlardan qürur hissi ilə söhbət açıb. Birinci vitse-prezident bildirib ki, hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, - bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. “Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı, ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur.Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi”, - deyə müraciətdə vurğulanıb.
Artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir
İnformasiya-kommunikasiya texnologiyalarının yüksək inkişaf səviyyəsinə çatdığı indiki dövrdə müharibə yalnız döyüş meydanında aparılmır. Müharibə, həmçinin geniş imkanlara malik informasiya resurslarını, sosial media platformalarını da əhatə edir. Müraciətdə bildirildiyi kimi, sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən və bədxah qüvvələr, ərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün istifadə olunur. Məqsəd - çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük əhval-ruhiyyəsi formalaşdırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Biz düşmənin informasiya məkanında atdığı atəşlərin qarşısını almağı bacarmalıyıq. “Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur”, - deyə müraciətdə vurğulanıb.
Əlbəttə, real döyüş meydanlarında olduğu kimi, virtual məkanda da düşmən təxribatlarının qarşısı alınır. Bu günlərdə sosial şəbəkə istifadəçilərimiz öz fəallıqlarını artırıblar. Ermənistanın baş naziri Nikol Paşinyan internet üzərindən apardığı canlı debatda çətin anlar yaşadı və debatı, necə deyərlər, “suyu süzülərək” tərk etdi. Buna səbəb azərbaycanlıların sosial platformalarda sərgilədikləri fəallıq oldu. Onlar Ermənistanın işğalçılıq siyasətinə, törətdiyi təxribatlara saxta arqumentlərlə haqq qazandırmaq istəyən N.Paşinyana cavab verə bilmədiyi çoxsaylı suallar ünvanladılar və onun dediklərini bir-bir ifşa etdilər. Beləliklə, dünya gördü ki, Ermənistan rəhbərliyi öz ölkəsinin təcəvüzkarlıq siyasətini pərdələməkdən ötrü ən ağlagəlməz yalanlara əl atır. Sosial media istifadəçilərimizin fəallığını və düzgün mövqe tutmalarını yüksək dəyərləndirən Mehriban Əliyeva vurğulayıb: “Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır”.
Həqiqətən də, sosial platformalarda fəallıq göstərən, ölkəmizin maraqlarını qoruyan hər kəsə minnətdarlıq düşür. Bütün bunların fonunda bəzi “sapı özümüzdən olan baltalar”ın indiki həssas məqamda sosial mediada ermənilərlə sinxron şəkildə fəallıqlarını artırmaları, auditoriyaya faktların astar üzünü təqdim etməyə çalışmaları müşahidə olunur. Belə rəzil hərəkətləri və paylaşımları ancaq öz vətəninə, xalqına düşmənçilik mövqeyi bəsləyənlər edə bilərlər. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq. Buna görə də ayıq-sayıq olmalıyıq, heç bir vəchlə təxribata uymamalıyıq. İmkan verməməliyik ki, mənfur düşmən bizim yazdıqlarımızdan ordumuza, xalqımıza, dövlətimizə, nəhayət, Qarabağ həqiqətlərinə qarşı istifadə etsinlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 385 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31