Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan səfiri İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Ermənistanın dezinformasiyalarını ifşa edib

Azərbaycan səfiri İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Ermənistanın dezinformasiyalarını ifşa edib

29.07.2020 [09:08]

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin nüfuzlu və geniş oxucu kütləsinə malik “İl Messaggero” qəzetinin redaksiyasına Ermənistan tərəfindən yayılan dezinformasiyalarla bağlı göndərdiyi məktub qəzetin çap versiyasında dərc olunub.
AZƏRTAC xəbər verir ki, məktubunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən diplomat yazıb: “Otuz ildir ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon da daxil olmaqla ərazilərimizin 20 faizini hərbi yolla işğal edib. Bu işğal nəticəsində həmin ərazilərdəki azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilib. Son günlər baş verənlər bu işğalın davamı və erməni tərəfinin törətdiyi cinayətlərə görə cəzalandırılmamasının birbaşa nəticələridir”.
Səfir qeyd edib ki, bu dəfə Ermənistanın hücumları işğal olunmuş ərazilərdə yox, ondan şimal istiqamətdə, Azərbaycanın Tovuz rayonunda, mülki əhalinin daha sıx məskunlaşdığı ərazidə baş verib. Azərbaycan tərəfindən qarşısı alınmış bu hərbi avantürada Ermənistanın əsas etibarilə güddüyü məqsədlərin fərqli olduğunu deyən M.Əhmədzadə bildirib: “Məqsəd ölkədə COVID-19 pandemiyası ilə daha da ağırlaşmış mürəkkəb sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmaqla bərabər, yeni ərazilər zəbt etmək, münaqişəyə üçüncü tərəfləri, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək, İtaliyaya təbi qazı tədarük edəcək Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın və Xəzər dənizinin enerji ehtiyatlarının Qərb ölkələrinə və dünya bazarlarına daşınmasından, Şərqlə Qərbi birləşdirən dəmir yolu və avtomagistraldan ibarət bütöv bir infrastrukturun ürəyi olan Azərbaycan ərazisinə birbaşa hücum etməkdir”.
Diplomat Ermənistanın ölkəmizə qarşı hərbi əməliyyatlarının Azərbaycan qazının Avropaya tədarükündən bir neçə ay əvvəl baş verməsinin də təsadüfi olmadığını bildirib.
Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı yaydığı məlumatlara toxunan M.Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək, Ermənistanın sözügedən məsələni bilərəkdən tamaşaya çevirdiyini, Azərbaycanın heç bir strateji kritik obyektləri hədəf almaq niyyətində olmadığını vurğulayıb. Qeyd edilib ki, Metsamor köhnəlmiş texnologiyaya əsaslandığı üçün bölgəyə ciddi təhlükə yaradır və radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib. Diplomat yazıb ki, əslində elə Ermənistan özü Azərbaycanın neft və qaz strukturları ilə birlikdə əhəmiyyətli obyektlərini, o cümlədən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası olan Mingəçevir SES-i hədəf alacağını bəyan edib.
Diplomat Dağlıq Qarabağ münaqişəsinin Ermənistan tərəfinin tez-tez göstərməyə çalışdığı kimi dini yox, ərazi münaqişəsi olduğunu bildirərək, yazısını bu fikirlərlə tamamlayıb: “Roma Papası Fransisk qlobal sülhə çağırış etmək üçün fikir bildirib və Ermənistan da bu çağırışa əməl etməlidir. Bunun üçün, ilk növbədə, onilliklərdir məhəl qoymadığı çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa başlamalıdır”.

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31