Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda təhsil müasir çağırışlar əsasında inkişaf etdirilir

Azərbaycanda təhsil müasir çağırışlar əsasında inkişaf etdirilir

29.07.2020 [09:17]

Prezident İlham Əliyev: Bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır
Təhsil hər bir ölkənin inkişafında çox mühüm rol oynayan amil qismində çıxış edir. Dünyanın ayrı-ayrı dövlətlərinin təcrübəsinə nəzər saldıqda aydın şəkildə görünür ki, onlar heç də təbii resurslarının deyil, məhz təhsilə verdikləri önəmin sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da hər bir gəncin keyfiyyətli təhsillə əhatə olunmasına güclü siyasi iradə göstərilir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizdə indiyədək təhsil sahəsində qazanılan uğurlardan məmnunluğunu bildirib, həmçinin bu sahədə qarşıda duran vəzifələrə diqqət çəkib. “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”, - deyə dövlətimizin başçısı bəhs olunan qəbuldakı çıxışında vurğulayıb.
Son illərdə ölkədə təhsil sahəsində böyük işlər görülüb
Respublikamızda dövlət səviyyəsində təhsilin inkişafına göstərilən güclü siyasi iradə bu sahədə praktiki müstəvidə reallaşdırılan çoxsaylı layihələrlə, maliyyə təminatının gücləndirilməsi ilə tamamlanır. Bəhs olunan qəbulda Prezident İlham Əliyevin bildirdiyi kimi, son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir.
Ölkəmizdə son 17 ildə təhsil sahəsində görülən genişmiqyaslı işlərdən söhbət açarkən bu sahədə müasir infrastruktur quruculuğunun önəmini xüsusi qeyd edə bilərik. Əslində, müasir infrastruktur qurulmadan, güclü maddi-texniki baza yaradılmadan təhsil sahəsində uğurlar qazanmaq mümkün deyil. Beləliklə, son 17 ildə Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində respublikamızda təhsil sisteminin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi təmin olunub. Bəhs olunan dövrdə ölkə üzrə 3500-dən çox məktəb binasının tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması böyük nailiyyətdir. Eyni zamanda, bu gün Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, onlar üçün yeni binalar, korpuslar tikilib, həmçinin respublikamızda yeni ali məktəblər yaradılıb.
Onu da qeyd edək ki, hazırda respublikamızda modul tipli məktəblərin tikintisi proqramı uğurla icra edilir. Belə layihələr əsasən dağ kəndlərində və bir sıra ucqar yaşayış məntəqələrində reallaşdırılır. İndiyədək kontingenti az olan təhsil müəssisələri üçün yüzlərlə modul tipli məktəb binaları quraşdırılaraq istifadəyə verilib. Belə məktəblərin inşası tez başa gəlir. Əlamətdar haldır ki, artıq respublikamızda son illərdə regionlarda yaradılan sənaye məhəllələrində müxtəlif layihələr əsasında modul tipli məktəblərin quraşdırılması qaydaya salınıb. Qeyd edək ki, ölkə üzrə modul tipli məktəblərin inşası proqramının icrası dövlət büdcəsinin vəsaitləri hesabına təmin edilir. Bu proqramın 2021-2022-ci illərdə başa çatmalıması nəzərdə tutulub.
Respublikamızda təhsil infrastrukturunun yenilənməsində Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Ulu Öndərimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.
Yeri gəlmişkən, bəhs olunan qəbulda Prezident İlham Əliyev təhsilin keyfiyyətinin yüksəldilməsi kimi vacib bir məsələyə də xüsusi diqqət çəkib. Dövlət başçısı burada müəllimin rolunun əvəzsiz olduğunu bildirib. “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”, - deyə ölkə Prezidenti vurğulayıb.
Qeyd edək ki, son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən layihələr bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə respublikamızda yeni yanaşma tətbiq olunaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əməkhaqlarının artırılması öz növbəsində cəmiyyətdə müəllimlərin nüfuzunun və hörmətinin yüksəlməsinə səbəb olub. Təsadüfi deyildir ki, son vaxtlarda ölkəmizdə həyatlarını bu şərəfli peşə ilə bağlamaq istəyənlərin sayı getdikcə artır.
Azərbaycanın dövlət başçısı qəbulda ölkəmizdə təhsilin gələcək inkişaf istiqamətləri kimi mühüm məsələyə də diqqət çəkib. Hazırda ölkəmiz yeni sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Nüfuzlu Davos İqtisadi Forumunda da bildirildiyi kimi, respublikamız regional sənaye mərkəzinə çevrilməkdədir. Bununla əlaqədar ölkədə bir sıra peşələrə tələbat artır və yeni sahələr üzrə kadrlara tələbat yaranır. Bu kimi yeni çağırışlar Təhsil Nazirliyinin fəaliyyətində mütləq nəzərə alınmalıdır. “Bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır
Hazırda müstəqil Azərbaycanda gənclər ölkə həyatının müxtəlif sahələrində yüksək fəallıqları ilə seçilirlər. Gənclərin novatorluğu yaşlı nəslin təcrübəsi ilə unikal sintez yaradaraq respublikamızın inkişafına müsbət təsir göstərir. Bəhs olunan qəbulda Prezident İlham Əliyev Emin Əmrullayevin Təhsil naziri təyin edilməsini ölkəmizdə gənclərə göstərilən etimadın növbəti təzahürü olduğunu bildirib. Gənclərin fəallığını yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyur”.
Müstəqillik illərində respublikamızda belə fəal gənclərin formalaşması ölkədə aparılan uğurlu gənclər siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq gənclərin yüksək səviyyədə təhsil almaları, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, asudə vaxtlarını mənalı keçirmələri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Dövlət Proqramında müasir reallıqlar və meydana çıxan çağırışlarla bağlı qarşıya yeni hədəflər qoyulub.
O cümlədən ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Respublikamızda tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla icra edilir.
Qəbulda da bildirildiyi kimi, bəhs olunan Dövlət proqramları çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin böyük əksəriyyəti Vətənə dönərək ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Bu, Azərbaycan gənclərinin Vətənə bağlı olmalarının əyani göstəricisidir. Prezident İlham Əliyev gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”, - deyə vurğulayıb.
Qəbulda belə bir qənaət ifadə olunub ki, müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Respublikamızın müstəqilliyi, firavanlığı məhz yüksək təhsilli və mənəvi cəhətdən kamil formalaşmış gənclərdən asılı olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31