Azərbaycanda bütün neft-qaz layihələri uğurla həyata keçirilir
12.08.2020 [09:10]
Prezident İlham Əliyev: Bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir
Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu yeni neft strategiyası son 17 ildə inamla davam etdirilib və ölkəmiz bundan böyük siyasi və iqtisadi dividendlər qazanıb. Bu günlərdə isə respublikamız yeni neft strategiyasının reallaşdırılmasında daha bir möhtəşəm uğura imza atıb. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasından gedir. “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. Azərbaycanın qısa müstəqillik tarixində yerli mütəxəssislər tərəfindən belə bir mürəkkəb qurğunun inşa edilməsi və istifadəyə verilməsi əlamətdar hadisədir. Prezident İlham Əliyev dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizdə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının müvəffıqiyyətlə həyata keçirilməsindən məmnunluğunu bildirərək deyib ki, bütün layihələr uğurla icra edilir. “Bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir
Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub. Məhz neft-qaz ehtiyatlarından səmərəli istifadə edilməsi respublikamızın bugünkü dinamik inkişafını şərtləndirən əsas amil qismində çıxış edir.
Müstəqillik illərində Azərbaycanda reallaşdırılan çoxsaylı enerji layihələrindən söhbət açarkən Ulu Öndər Heydər Əliyevin çox böyük səyləri sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair imzalanan “Əsrin müqaviləsi”nin önəmini xüsusi qeyd edə bilərik. Ölkəmizin təbii sərvətlərindən milli maraqlar naminə istifadə edilməsi siyasətinin təməli məhz bu müqavilə ilə qoyulub. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür. 2017-ci il sentyabrın 14-də respublikamızla transmilli şirkətlər arasında yeni Sazişin imzalanması ilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Müstəqillik illərində respublikamızın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Hazırda Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir.
Respublikamızda digər enerji layihələri üzrə də işlər uğurla gedir. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsi iki mərhələdə reallaşdırılacaq. Birinci mərhələdə yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Ölkəmiz “Abşeron” yatağının ikinci mərhələsinin işlənməsinə də çox yaxındır. İkinci mərhələdə sözügedən yataqda hasilatın 3-4 dəfə artacağı proqnozlaşdırılır ki, bu da respublikamızın qaz potensialının artmasına müsbət təsir göstərəcək. Bəhs olunan müsahibədə Prezident İlham Əliyevin bildirdiyi kimi, “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var.
Sözügedən “Qarabağ” yatağından iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılması gözlənilir. Bu yatağın neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, yatağın ehtiyatları daha çox olacaq. Bununla bağlı fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı maraqlı müqayisə apararaq bildirib: “Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır”.
“Qarabağ” yatağının işlənməsi üçün nəzərdə tutulan dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. Konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub. Qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunub. Bu, Xəzər dənizində ən böyük platformadır. Belə bir möhtəşəm qurğunun Azərbaycanda inşa olunmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir”, - deyə vurğulayıb.
Xalqımızın doğma Qarabağa qayıdacağı gün uzaqda deyil
Bəhs olunan müsahibəsində dövlət başçımız xatırladıb ki, ötən əsrin 90-cı illərində xarici şirkətlər üç quyu qazdıqdan sonra yatağın işlənməsinin səmərəsiz olduğunu bildirərək buranı tərk ediblər. Əlbəttə, müvafiq kontraktın pozulmasına görə Azərbaycan heç nə itirməyib. Çünki ərazidə kəşfiyyat quyularının qazılmasına görə ölkəmiz öz üzərinə öhdəlik götürməmişdi. Sonradan Azərbaycan neftçiləri “Qarabağ” yatağında dördüncü kəşfiyyat quyusunu qazdılar və inamlarında yanılmadıqlarını sübut etdilər. Onu da vurğulayaq ki, “Qarabağ” müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Prezident İlham Əliyev yatağın uğurla istismar ediləcəyinə əminliyini bildirərək deyib: “Artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.
Eyni zamanda, bəhs olunan müsahibədə dövlət başçısının diqqətə çatdırdığı kimi, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Lakin son illərdə Azərbaycan Ordusu qoşunların təmas xəttində üstünlüyə nail olub. Silahlı Qüvvələrimiz düşmənə növbəti sarsıdıcı zərbəni bir qədər bundan əvvəl dövlət sərhədinin Tovuz istiqamətində qarşı tərəfin hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən vurub. Lələtəpədə, Cünnütdə, nəhayət Tovuz istiqamətində qazanılan qələbələr onu deməyə əsas verir ki, torpaqlarımız gec-tez işğaldan azad ediləcək. “Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.
Yuxarıda deyilənlər Azərbaycanın bugünkü müsbət mənzərəsi barədə konkret təsəvvür yaradır. Göründüyü kimi, Azərbaycan yalnız sərmayə yatırılan dövlət deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər. Vurğulamaq yerinə düşər ki, bəhs olunan qurğu 100 milyonlarla dəyəri olan yeni texnoloji imkanlara yol açır. Əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanırlar, eyni zamanda, görülən işlərin maya dəyəri aşağı düşür və bundan ölkəmiz qazanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

