Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir

04.09.2020 [09:42]

İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən dövlət başçımız Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz
Qısa müstəqillik tarixində aparılan məqsədyönlü praqmatik siyasətin məntiqi nəticəsi olaraq güclü dövlətə çevrilən Azərbaycan özünün çoxvektorlu xarici siyasətində də milli maraqları əsas tutur və daim xoş məram nümayiş etdirir. Başqa sözlə desək, respublikamız Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq hücum diplomatiyası aparır, xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərində özünün milli maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda, regional və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verir. Belə siyasət isə ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Azərbaycan dünyada ləyaqətli dövlət kimi tanınır və ölkəmizin dostlarının sayı getdikcə artır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnamələrini qəbul edib. Dövlətimizin başçısı səfirləri qəbul edərkən ikitərəfli münasibətlərə, həmçinin regional və qlobal müstəvilərdə geostrateji məsələlərə yanaşmada ölkəmizin prinsipial mövqeyini açıq şəkildə nəzərə çatdırıb. Bəhs olunan qəbullarda dövlətimizin başçısının səsləndirdiyi fikirlərin fonunda aydın görünür ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir.
Azərbaycan və Yaponiya arasında əməkdaşlığın çox geniş gündəliyi var
Azərbaycanın müstəqillik illərində sıx münasibətlər qurmağa nail olduğu dövlətlərdən biri də Yaponiyadır. Məlum olduğu kimi, Yaponiya dünyanın siyasi və iqtisadi mənzərəsinin formalaşmasında mühüm təsir imkanları olan dövlətdir. İqtisadi və intellektual potensialı kifayət qədər geniş olan, beynəlxalq birliyə intensiv şəkildə innovativ yeniliklər və müasir yanaşmalar təqdim edən bir dövlətin respublikamızla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük önəm verməsi Azərbaycanın dünyada artan nüfuzunun bariz göstəricisidir. İki ölkə arasında münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu sahələrində uğurla inkişaf edir. Prezident İlham Əliyev bəhs olunan qəbulda Azərbaycanla Yaponiya arasında əlaqələrin müsbət dinamikasından məmnunluğunu bildirərək vurğulayıb: “Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır. Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar”.
Bu gün Azərbaycanla Yaponiya arasında siyasi dialoqun səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1999-cu il tarixli 67 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılıb və komissiyanın müntəzəm qaydada iclasları keçirilir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın dövlət başçısının Yaponiyaya yuxarıda bəhs olunan səfəri çərçivəsində Tokionun “İmperial” mehmanxanasında Azərbaycan-Yaponiya iqtisadi forumu keçirilib. Forumda müxtəlif sahələri təmsil edən Azərbaycandan 30-dək, Yaponiyadan isə 100-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.
Azərbaycanla Yaponiya arasında enerji sektorunda əməkdaşlıq, necə deyərlər, illərin sınağından çıxıb. Bu ölkənin ayrı-ayrı şirkətləri Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan kontraktlarda, o cümlədən də “Əsrin müqaviləsi”ndə yer alırlar. Yaponiya şirkətləri Azərbaycanda həmçinin infrastruktur quruculuğu ilə bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Bu baxımdan, Yaponiyanın investorlarının və mütəxəssislərinin “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının inşasında yaxından iştirak etmələrini xüsusi qeyd edə bilərik.
Azərbaycanın dövlət başçısı ölkəmizin xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə respublikamızın qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi
Yuxarıda vurğuladığımız kimi Azərbaycan milli maraqlarını qorumağı bacaran dövlətdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən səsləndirdiyi fikirlər də xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısı bəhs olunan qəbulda olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirib. Qəbulda ixtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi. Dövlətimizin başçısı, eyni zamanda, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, - deyə vurğuladı.
Beləliklə,Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu göstərib və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirib. Xatırladaq ki, Türkiyə ən çətin məqamlarda Azərbaycana qardaşlıq köməyi göstərib. Bu barədə söhbət açarkən 1918-ci il sentyabrın 15-də baş verən hadisələri xüsusi qeyd etmək lazımdır. Əlamətdar haldır ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini ilk dəfə tanıyan dövlət də məhz Türkiyə olub.
Türkiyə respublikamızın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasətə hərtərəfli dəstək verir. Qardaş ölkə Azərbaycana qarşı apardığı ilhaq siyasətinə cavab olaraq işğalçı dövlətlə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən Ermənistanla sərhədlərini bağlayıb.
Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Bunun təsdiqi kimi yalnız bir nümunəni xatırlamaq kifayətdir. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanla Türkiyə arasında olan münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31