Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqazda etimad quruculuğu

Cənubi Qafqazda etimad quruculuğu

05.04.2022 [10:05]

Prosesə Avropa Şurası öz töhfəsini verə bilər

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyevin aprelin 4-də Avropa Şurasının (AŞ) Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı mühüm məsələlər müzakirə olunub.  Dövlət başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyini bildirib. O, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb. Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən Mariya Peyçinoviç Buriç isə Azərbaycanın Avropa Şurasında üzvlüyünün yüksək dəyərləndirildiyini deyib. O, üzv­lük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu, bu istiqamətdə işin aparıldığını bildirib.

Azərbaycan beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olmaqla yanaşı, etibarlı və perspektivli tərəfdaş kimi tanınır. Ona görə də ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi - təmasların sıxlaşdırılması həm ayrı-ayrı dövlətlər, aparıcı güc mərkəzləri, həm də regional və beynəlxalq təşkilatlar üçün mühüm əhəmiyyət daşıyır. Avropa Şurası da bu baxımdan istisna deyil. Yeri gəlmişkən, Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunacaq. Proqramda bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Bu isə işbirliyinin konkret hədəflərə yönəldiyini və yaxşı perspektivlərə malik olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev bəhs olunan qəbul zamanı regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü təkliflər, işğaldan azad olunmuş ərazilərdə mövcud durum barədə Avropa Şurasının Baş katibinə məlumat verib. Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd edib və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğulayıb. Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd edib. Avropa Şurasının Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirib. Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.

Dövlət başçısının bu fikirləri çox da uzaq olmayan keçmişdən gələcəyə baxışı əks etdirir. Daha dəqiq desək, müharibə reallıqlarının diqqətə çatdırılması postmüharibə dövründə sülh quruculuğunun təmin olunması baxımından önəmlidir. Ermənistanın yeni mərhələdə də beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanatın konkret tələblərinə zidd addımlar atması reallıqdır. O səbəbdən müxtəlif qüvvələr, eləcə də sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında fəal iştirak etmək istəyən  Aİ və AŞ kimi qurumlar bu reallıqlara adekvat addımlar atmalı, İrəvana təsir və təzyiq mexanizmi formalaşdırmalıdırlar. Yeni təşəbbüslər isə bütün tərəflər üçün faydalı və perspektivlidir.

Şübhəsiz ki, indi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Müxtəlif qüvvələr, o cümlədən Avropa İttifaqı və Avropa Şurası postmüharibə bu prosesə vacib töhfə verə bilərlər. Elə bu istiqamətdə müvafiq təklif və təşəbbüslər də irəli sürülür, diplomatik təmaslar davam etdirilir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüş də bu səpkidə əhəmiyyətlidir.

Nəhayət, bölgədə postmüharibə dövrünə dair mövqelər və fəaliyyətlər məhz Azərbaycanın geosiyasi iradəsi əsasında müəyyən olunur. Çünki Bakının mövqeyi tam adekvat yanaşma kimi xarakterizə olunur.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31