Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident rəsmi Tehrandan tələb edir...

Prezident rəsmi Tehrandan tələb edir...

21.02.2023 [10:42]

İran hökuməti şəffaf istintaq aparmalıdır!

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı İran tərəfinin nümayiş etdirdiyi mövqe birmənalı qarşılana bilməz.  Azərbaycan qarşısında, o cümlədən beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər qarşısında məsuliyyət daşıyan molla rejiminin açıq şəkildə hədəf yayındırmaqla məşğul olması, “istintaq” adı altında qeyri-şəffaf və birtərəfli proses yürütməsi anlaşılan deyil - bu, rəsmi Tehranın baş vermiş terror aktı üzərindən manipulyasiya cəhdləri kimi dəyərləndirilməlidir.

“Anlaqlı çıxış”, ardından ruhi xəstəxana - plan öncədən hazırlanıb

Qeyd edilməlidir ki, terror hücumu baş verən günlərdə bu terror aktının məsuliyyətindən yayınmaq, hədəfi özündən uzaqlaşdırmaq üçün bütün yollara baş vuran İran hakimiyyəti ortaya ən inandırıcı olmayan versiyanı - “məişət zəminində baş verən hadisə” versiyasını atmağa çalışırdı. Hətta terrorçu, qatil Yasin Hüseynzadəni televiziyaya çıxararaq geniş müsahibə verdirən İran hakimiyyəti açıq qalan suallardan boyun qaçırdı. Məsələn, həmin ərazidəki polislərin hadisəyə müdaxilə etməməsi, əksinə müşahidəçi kimi kənardan izləməsi, polis köşkündə oturan şəxsin əli avtomatlı terrorçuya reaksiya verməməsi kimi məsələlər öz cavabını tapmalı idi. Amma İran susmaqla özünü ələ verdi - terrorçu Yasin Hüseynzadənin televiziyadakı “anlaqlı çıxışının” ardından dəlixanaya salınması bu planın “məntiqli şəkildə” hazırlandığını göstərdi. Bu addım İran hakimiyyətinin özünütəkzibinə çevrildi.

İran polisinin hadisə qarşısındakı hərəkətsizliyi...

Baş verən terror hadisəsi ilə bağlı bir müddət öncə ortaya çıxan yeni detallar isə çox şeydən xəbər verdi. Belə ki, terrorçunun hücum aktını törətməmişdən əvvəl cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçməsi, terrorçunun avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olması kimi faktlar məsələ ilə bağlı daha aydın mənzərə formalaşdırır. Yəni, terrorçu bu terror aktını planlı şəkildə həyata keçirmişdi.

Eyni zamanda, terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Beləliklə, əslində İran polisi terrorçuya daha böyük miqyasda qətliam törətməsi üçün şərait yaradırmış.

Prezident İlham Əliyev Münhendə televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə toxunaraq bildirib ki, bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Dövlət başçısı bildirib ki, terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər: “Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar”.

Bəli, terrorçu saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

Mühakimədən yayındırmaq üçün atılmış addım...

Əslində ortada maraqlı nüanslar çoxdur. İlk növbədə Tehran polisinin hadisə zamanı hərəkətsizliyi müzakirə predmetidir - halbuki, Tehran polisinin keçmiş rəisi elə ilk andaca baş verənlər üçün versiyalar səsləndirirdi. Terror aktından 1 saat keçməmiş öz postu ilə vidalaşan polis rəisi tabeliyində olan polislərin hadisəni kənardan müşahidə etməsinin səbəblərini niyə demədi, bu özü sual yaradır. Bunun qarşılığında isə, məsələni tamam fərqli bir zəminə - “məişət zəmininə” çəkməklə İran hakimiyyəti açıq şəkildə üzərindən məsuliyyəti atmağa çalışır. Halbuki məsələ siyasidir, terror hadisəsidir. Çünki İranın aylardır ki, davam edən qeyri-konstruktiv davranışları, işğalçı Ermənistanın açıq şəkildə dəstəklənməsi bu terror hadisəsinin məğzini də ortaya qoyur - İran dövləti isə bunun qarşılığında diqqəti yayındırmaq üçün məhz məişət hadisəsini “istinadgah” kimi seçib. Eyni zamanda, İran hakimiyyəti cinayət işini məişət məsələsi kimi qələmə verərək izi itirməyə çalışır. Çünki bütün oxlar Tehrana tuşlanıb və bu terrorun arxasında dayanan “güclər” hadisənin açılmasını istəmirlər. Bu səbəbdən də, terrorçu Yasin Hüseynzadəni cəzalandırmaq əvəzinə dəlixanaya salıblar. Maraqlıdır ki, bu şəxs ruhi xəstədirsə, bu qədər genişmiqyaslı terror hücumunu necə həyata keçirib?

Prezident İlham Əliyev Münhendə televiziya kanallarına müsahibəsi zamanı deyib ki, biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi”.

Vurğulandığı kimi, terrorçunun səfirliyin önündəki davranışları çox şeydən xəbər verirdi - bu, planlaşdırılmış bir terror hadisəsi idi. Həmin qatilin ruhi xəstəxanaya salınması, məsələni fərqli istiqamətlərdə izah etmək cəhdləri maksimum dərəcədə fikir yayındırmaq, məsuliyyəti özündən kənarlaşdırmaq xarakteri daşıyır. Amma bu, mümkün deyil. Həmin şəxsi xəstəxanaya salmaqla İranın bəzi hakimiyyət dairələri işi bitmiş hesab etməməlidir. İran bu fakta görə izahat verməlidir.

Ədalət mühakiməsi qarşısına çıxarılmalıdır...

Təbii ki, baş verən hadisə araşdırılmalıdır. Amma ilkin nöqtədən yalan və əsassız istiqamətə yönləndirilən bir “araşdırma” nə Azərbaycan xalqını, nə də dövlətini razı salmayacaq. Məsələyə beynəlxalq müstəvidə qiymət verilməkdədir - demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünya ölkələri baş verənləri pisləyən bəyanatlar yayıblar. Çünki məsələnin mahiyyətini təhrif etmək cəhdi ilə yanaşı, İran məsuliyyəti də öz üzərindən atmağa çalışır. Rəsmi Tehran hələ də polisin göstərdiyi biganəliyi, o cümlədən susqunluğu izah etməyib. Halbuki səfirlik binasının təhlükəsizliyinin təmini birmənalı şəkildə İran dövlətinin üzərində olan məsuliyyətdir. Eyni zamanda, istintaqın şəffaf aparılması mühüm prioritetlərdən olmalıdır ki, İranın belə bir addım atacağına da ümid yoxdur.

Prezident İlham Əliyev Münhendə televiziya kanallarına müsahibəsi zamanı onu da bildirib ki, İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır: “Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”.

Beləliklə, İran molla rejiminin “xeyir-duası” ilə ərsəyə gələn bu terror aktına qarşı susqunluq nümayiş etdirmək, onu dəstəkləmək, onun təbliğatına “uymaq” həm də beynəlxalq müqavilələrin, beynəlxalq konvensiyaların tapdalanması deməkdir. Rəsmi Tehran terrorun əsl üzünü açmaqla həm də özünə yaxşılıq etmiş olacaq...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31