Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Volkov Lentsovla əvəzləndi

Volkov Lentsovla əvəzləndi

28.04.2023 [10:22]

Sülhməramlılara yeni komandan təyinatının pərdə arxası...

Lentsovun Suriya və Donbasdakı uğurları onu Qarabağa gətirən əsas səbəbdirmi? 

Rusiya Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin komandanını dəyişib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini general-polkovnik Aleksandr Lentsovun Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilməsi rəsmən təsdiqlənib. Qeyd edək ki, sülhməramlı kontingentin bundan öncəki komandanı general-mayor Andrey Volkov bu vəzifədə 1 il 3 ay xidmət edib.

General Volkovun bir il üç ay ərzində etdiyi “xidmətlər” isə Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Volkov müvafiq üçtərəfli Bəyanata əsasən, formalaşdırılan Rusiya sülhməramlılarına rəhbərlik etməli olsa da, bəzi addımları qeyri-anlaşılan idi. Məsələn, onun ötən ilin sonlarında etdiyi “gedişlər”, bir müddət xüsusi plan əsasında Qarabağa göndərilmiş Vardanyanla işbirliyi bəzi suallar yaratmışdı.

Volkov Qarabağa silah daşınmasına göz yumurdu...

Sülhməramlı kontingentin əsas fəaliyyət istiqaməti razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək olsa da, Volkovun fəaliyyəti dövründə onlar bu işi tam və effektli şəkildə reallaşdıra bilmədilər - bəlkə də etmək istəmədilər. Məsələn, üçtərəfli razılaşmaya əsasən, erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlılarının sülhməramlıların “çiyni üzərindən” Azərbaycana qarşı yeni təxribatlar həyata keçirməsi Volkov tərəfindən susqunluqla qarşılanıb. Ötən dövr ərzində artıq bir neçə dəfə bu kimi genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı qüvvələri tərəfindən alınıb. Bu isə onu göstərirdi ki, general Volkov atəşkəsin pozulmamasına nəzarət etmək əvəzinə, erməni silahlılarına yeni təxribatlar üçün zəmin formalaşdırırdı. Digər tərəfdən, həmin dövrdə sülhməramlı kontingentin nəzarəti altında olan Laçın - Xankəndi yolundakı özbaşınalıqlar birmənalı şəkildə Volkovun adı ilə assesasiya olunurdu. Həmin yol vasitəsilə və Volkovun himayədarlığı ilə Ermənistan ərazisindən silahl-sursat, texnikalar daşınır, Qarabağdakı silahlı tör-töküntüyə verilirdi. Buna ən bariz sübut 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində minlərlə Ermənistanda istehsal olunmuş minanın aşkarlanması idi. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmırdı. Bütün bunları görməzdən gələn Volkov hətta xarici ölkə vətəndaşlarının, məsələn 14 İran vətəndaşının qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarına girməsinə şərait yaratmışdı...

Vardanyanla şərik komandan maddi maraqların əsirinə çevrilmişdi...

Təsadüfi deyildi ki, Volkovun “fəaliyyətindən” vəcdə gələn həmin dövrdə separatçı rejimin əsas fiqurlarından sayılan Ruben Vardanyan belə Rusiya sülhməramlılarının “mandatının uzadılması”, “sayının artırılması”, hətta “statusunun artırılması” ilə bağlı sərsəm “bəaynatlar” verməyə başlamışdı.  Vardanyan və ətrafı anlayırdı ki, general Volkovun “çətiri” olmasa, onlar bir gün də olsun Qarabağ torpağında duruş gətirə bilməzlər.

Digər tərəfdən, Vardanyan ilə Volkovun “qarşılıqlı” dəstəklərinin bir məqamı da həmin dövrdə Azərbaycanın sərvətlərinin talanması ilə bağlı idi. Bununla bağlı yayılan xəbərlərdə bildirilirdi ki, Volkov Vardanyanla şərik olaraq Azərbaycan sərvətlərini talamaqla məşğuldur. Belə ki, Volkov məlum talan edilən sərvətlərin “təhlükəsiz daşınmasına” cavabdehliyi öz üzərinə götürmüşdü və bu sərvətlərin Laçın yolu ilə Ermənistana daşınmasını təmin edirdi. Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlərin isə Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların qara kassalarına axdığı bildirilirdi.

Lentsov kimdir? 

Yeni təyinat isə artıq müzakirələrə yol açıb. Qeyd edək ki, yeni təyin edilən general-polkovnik Aleksandr Lentsov Rusiya hərbi elitasının ən mühüm personalarından biri sayılır. Müdafiə naziri Şoyqunun ən etibarlı kadrlarından sayılan Lentsov “kabinet generalı” deyil. Onun dosyesinə nəzər saldıqda mühüm xidmətlərini görməmək mümkün deyil. 1956-cı ildə Krasnodarda anadan olan Aleksandr Lentsov Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib. 103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gəlib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. O, kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirməyib və bir çox mühüm tapşırıqları yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi təyin edilib. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.

Lentsov Əfqanıstan, Birinci çeçen, İkinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib. 2013-cü ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb. 2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini vəzifəsində çalışıb. 22 yanvar 2020-ci ildən Rusiya Federasiyası Müdafiə nazirinin müşaviridir.

Generalın Suriya və Donbas fəaliyyəti xüsusilə seçilir...

Lentsovun xidmətləri haqda danışanda onun Donbasda və Suriyadakı fəaliyyətinə xüsusi toxunmaq lazımdır. Belə ki, Lentsov 2014-2015-ci illərdə Donetskdə Soledar və Debaltseve bölgələrində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə mərkəzdə Rusiya hərbçilərindən ibarət qrupa rəhbərlik edib. Bu dövr isə Rusiya-Ukrayna münasibətlərinin həlledici məqamlarından sayılırdı. Məhz bu dövrdən sonra Donbasdakı bəzi qüvvələr “gücləndirildi”. Bu isə nəticə etibarı ilə həmin regiondakı hazırki situasiyanı formaşlaşdırdı.

Lentsov 2016-cı ilin martın 30-da Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komendantlıqları üzrə komandanın müavini təyin edilib. Bu dövr isə Rusiyanın Suriyadakı nüfuz dairəsinin genişləndiyi və ən parlaq dövrü sayılır. Həmin vaxt Rusiya hətta Xəzər dənizindən belə Suriyadakı müvafiq hədəfləri vururdu. Bundan başqa, Lentsovun Suriyadakı xidməti dövründə rus kəşfiyyat bölmələri mühüm uğurlu əməliyyatları ilə yadda qalmışdı. Eyni zamanda, həmin dövrdə Rusiya Suriyadakı rəqibləri ilə başabaş mübarizəsi ilə seçilirdi. Bəzi ekspertlər də Qərb koalisiyası ilə Rusiyanın ilk dəfə məhz Suriyada açıq hərbi qarşıdurmaya girdiyi fikrindədir...

Lentsov Volkovdan fərqlənməyi bacarmalıdır...

İrəli sürülən mülahizələr də Volkovun Lentsovla əvəzlənməsinin sadəcə kadr dəyişikliyi olmadığını göstərir. Azərbaycan hazırki mühüm situasiyada yeni reallıqlar formalaşdırıb. Laçın yolu üzərində sərhəd buraxılış-nəzarət məntəqəmiz fəaliyyətə başlayıb. Bu isə ölkəmizin növbəti uğuru kimi yadda qaldı. Bəzi ekspertlər Lentsovun məhz bu məsələ ilə bağlı təyinat aldığını bildirsələr də, ümumilikdə mənzərə bəllidir. Volkovun adı son 4 ayda daha çox mənfi tərəflərlə “hallanırdı”.  Belə ki, azərbaycanlı QHT rəhbərləri, ekofəallar sülhməramlıların nəzarətində olan ərazilərdə baş verən ekoloji və hərbi cinayətlərə görə, 2022-ci il dekabrın 12-dən bu günədək Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirirlər. Aksiyanın ilk günlərindən nümayişçilər Volkovu hadisə yerinə çağırıb, onu sorğulamaq istəsələr də, Volkov ora gəlməmişdi...

Lentsovun isə hazırki gərgin situasiyada hansı addımlarla yadda qalacağını zaman göstərəcək. Hər bir halda Lentsov Volkovdan fərqli olaraq sülhməramlı kontingentə qarşı mənfi münasibətin dəyişməsi üçün çalışmalıdır. Əks halda, onun da xidmət sferası özündən öncəkilərdən seçilməyəcək. 

SADİQ

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31