Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlamentin yaz sessiyası kifayət qədər məhsuldar keçib

Parlamentin yaz sessiyası kifayət qədər məhsuldar keçib

15.07.2011 [13:20]

Bahar Muradova: Bütövlükdə Milli Məclisin 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə parlamentin 13 iclası keçirilib, 139 qanun və qərar qəbul olunub
Dünən Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova öncə tədbirin keçirildiyi 14 iyul tarixinin əlamətdar gün olmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Bildiyimiz kimi, 14 iyul tarixində ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 42-ci ili tamam olur. Bu 42 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib”.
Onun sözlərinə görə, Azərbaycanın bu gün əldə etdiyi inkişaf məhz əsası 42 il əvvəl qoyulmuş işlərin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. B.Muradova Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki qələbəsini də ölkəmizin hərtərəfli inkişafının göstəricilərindən biri kimi qiymətləndirib.
Parlamentinin son dövrdə gördüyü işlərə toxunan B.Muradova qeyd edib ki, yaz sessiyasında 11 iclas keçirilib, 94 qanun və qərar qəbul olunub. Onlardan 2-si Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 2-si qanun, 57-si mövcud qanunlara dəyişikliklər və əlavələr, 12-si isə qərardır. Bu dövrdə parlamentdə 21 beynəlxalq müqavilə və konvensiya ratifikasiya edilib, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilib. Bütövlükdə Milli Məclisin 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə parlamentin 13 iclası keçirilib, 139 qanun və qərar qəbul olunub.
Parlamentin vitse-spikeri bildirib ki, bu hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. B.Muradovanın sözlərinə görə, növbədənkənar sessiya dövründə Milli Məclisin iki iclası keçirilib, 45 qanun və qərar qəbul olunub. Həmçinin, Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində parlament komitələrinin 68 iclası keçirilib. Komitə iclaslarında 189 məsələ, eləcə də, 162 qanun və 1 qərar layihəsi müzakirə olunub. ümumiyyətlə isə IV çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən bu günədək yeni tərkibli parlamentin 17 iclası keçirilib, parlamentdə qəbul olunan qanun və qərarların ümumi sayı isə 183 olub.
Sədr müavinin sözlərinə görə, 2011-ci ilin yaz sessiyası dövründə Milli Məclisin gündəliyindəki əsas məsələlərdən biri insan haqlarının qorunması və demokratiyanın dərinləşdirilməsi olub. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, notariat haqqında və bir sıra qanunlarda əlavə və dəyişikliklər edilib. Həmçinin, yaz və növbədənkənar sessiyalarda bir sıra qanunlar qəbul olunub. Bundan əlavə, parlamentdə bir neçə neft sazişi də ratifikasiya edilib.
ötən dövrdə Milli Məclisin fəaliyyətində diqqət mərkəzindəki əsas istiqamətlərdən biri də Azərbaycan xalqının sosial problemlərinin həllinə yönəlmiş qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi olub. B.Muradova bu sırada əmək pensiyalarına edilən dəyişiklikləri xüsusilə vurğulayıb: “Artıq Azərbaycanda pensiyaların həcmi orta aylıq əməkhaqqının 40 faizini təşkil edir”.
Milli Məclisin sədr müavinin sözlərinə əsasən bu yaxınlarda keçirilən ATƏT-in Parlament Assambleyasının yaz sessiyasında 56 ölkənin nümayəndələrinin müzakirə etdiyi məsələlər içərisində Dağlıq Qarabağ məsələsi də olub: “Bizim qarşımıza qoyduğumuz məqsəd bundan ibarət idi ki, Astana sammitindən sonra yeni start zəminində ATƏT-in fəaliyyətinin effektliliyinin və səmərəliliyinin artırılması mövzusu ətrafında keçirilən müzakirələrdə məhz bu problemi daha çox qabardaq və diqqəti cəlb edək”.
Onun sözlərinə görə, sessiyanın bütün iclaslarında həlli uzanan münaqişələr məsələsinin gündəmdə olması Azərbaycanın bu yöndə siyasətinin uğurudur.
 B.Muradova qeyd edib ki, əsas məsələlərdən biri də seçicilərin ərizə və şikayətlərinə baxılmasıdır. 2011-ci il yaz sessiyası dövründə internet saytından və elektron poçt vasitəsilə Milli Məclisə 767 müraciət və sorğu daxil olub. Qəbula yazılmaq üçün 178 nəfər vətəndaş Milli Məclisə elektron poçt vasitəsi ilə müraciət edib. ümumiyyətlə, 2011-ci ilin birinci yarısı ərzində Milli Məclisə 3007 təklif, ərizə və şikayət daxil olub, 3054 nəfər Milli Məclisdə qəbul olunub. Yaz və növbədənkənar sessiyalar dövründə parlamentdə 64 kütləvi informasiya vasitəsi akkreditə olunub. Milli Məclisin fəaliyyətini 11 televiziya kanalı, 2 radio, 33 qəzet və 18 agentlik işıqlandırıb.
Daha sonra Milli Məclis üzvləri mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Siyasi partiyalarla bağlı qanunun qəbulu ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu ilin sentyabr-oktyabr aylarında “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş müzakirəsinin keçirilməsinin planlaşdırıldığını bildirib. Qanun layihəsinin hazır olduğunu deyən S.Mirzəyev sənədin rəy alınması üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərildiyini bildirib. Onun sözlərinə görə, rəy alındıqdan və müzakirələrdən sonra qanun layihəsi baxılmaq üçün Azərbaycan Prezidentinə göndəriləcək.
Hülya
Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30