Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ağdamdan -Xankəndiyə!

Ağdamdan -Xankəndiyə!

04.08.2023 [10:50]

Yol yenidən qurulur

MÜBARİZ

Qalib Azərbaycanın postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərdə başladığı quruculuq-abadlıq işərinin intensivliyi artır və əhatə dairəsi hər ötən gün daha da genişlənir. Artıq erməni separatçılarının cəmləşdiyi qədim Azərbaycan şəhəri olan Xankəndinin yaxınlığında - cəmi bir neçə kilometrliyində də bərpa işlərinə start verilib. Söhbət Ağdam-Xankəndi yolunun təmirinə başlanılmasından gedir. Son günlərdə bura çoxlu sayda yol texnikası gətirilib. İnşaatçılar adı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin hazırkı mərhələsində aparılan müzakirələrdə tez-tez adı çəkilən Ağdam-Xankəndi yolunun təmirini ən qısa müddətdə başa çatdırmaq üçün böyük səylə çalışırlar. Onlar 26 kilometr uzunluğa malik bu yolun təmirini ən qısa müddətdə başa çatdıracaqlarını vəd edirlər

Niyə Ağdam-Xankəndi yolu?

Qalib Azərbaycan postmüharibə mərhələsində Böyük Qayıdış proqramına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda işğal illərində erməni vandallaı tərəfindən dağıdılan bütün infrastrukturu yenidən qurmağı hədəfləyib. Bu çərçivədə, həmçinin yeni magistral yollar çəkilir, yerli əhəmiyyətli yollarda bərpa işləri aparılır. Ağdam-Xankəndi yolunda operativ qaydada təmir işlərinə başlanılması isə həm də Azərbaycanın Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyasını sürətləndirmək istəyi və humanitar yanaşması ilə bağlıdır.

Məlumdur ki, məğlub Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Postmüharibə mərhələsində respublikamız erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsi ilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Bu marşrutla tez-tez xarici ölkələrdən Xankəndinə Azərbaycanın razılığı alınmadan çağırılmamış qonaqlar təşrif gətirir və onlar burada separatizmə rəfvac verən çağırışlar edirdilər. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara dözə bilməzdi. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan belə fəaliyyətinin qarşısı alınmalı idi. Beləliklə, Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənirdi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bir qədər sonra isə sərhəd-keçid məntəqəsindən  Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar. Onların hüquqlarının qorunmasına Konstitusiya ilə hər cür təminatlar verilir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini sürətləndirəcək.

Yeri gəlmişkən, Azərbaycanın erməni əhalinin humanitar yüklərlə təchizatı üçün Ağdam-Xankəndi yolunu təklif etməsi beynəlxalq səviyyədə də dəstəklənir. Xəbər verildiyi kimi, iyulu 15-də  Brüssel formatı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.  Görüşdə söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında  Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini xüsusi vurğulayıb. İlk dəfədir ki, Avropa İttifaqı Şurasının rəsmisinin yaydığı sənəddə respublikamızın “Xankəndidə yaşayan erməni əhalinin təminatının Azərbaycan üzərindən həyata keçirilməsi”  təklifi yer alıb. Şarl Mişel, həmçinin Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir.

Bu mövzuda, həmçinin ABŞ Dövlət katibi Antoni Blinken iyulun 29-da Azərbaycan Prezidenti ilə baş tutan telefon danışığında  bəhs edib. O, ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Bərdə-Ağdam yolunun davamı

Ağdam-Xankəndi yolu Bərdə-Ağdam yolunun davamıdır. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Ümumilikdə, layihə üzrə nəzərdə tutulan işlərin 88%-i icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Buradan isə Xankəndinə gedən yola asan çıxış mümkündür. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Ekspertlərin qənaəti

Ağdam-Xankəndi yolunun yenidən qurulmasına münasibət bildirən ekspertlər bunun reinteqrasiya nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıdığını vurğulayırlar. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a bildirib ki, Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur: “Laçın-Xankəndi yolnun uzunluğu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir”.

Millət vəkili hesab edir ki, bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhvə baxımdan da vacibdir. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə,  niyə Ermənistanın siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31