Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclərin diaspor fəaliyyətində iştirakı Azərbaycan diasporunun gələcək inkişafının mühüm amili kimi

Gənclərin diaspor fəaliyyətində iştirakı Azərbaycan diasporunun gələcək inkişafının mühüm amili kimi

17.05.2012 [23:44]

Prezident İlham Əliyev: Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir
Məlum olduğu kimi, Azərbaycanda gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə 1994-cü ildən başlayaraq gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşması istiqamətində mühüm işlər görülüb. 1994-cü ilin əvvəlində məhz Ulu öndər Heydər Əliyevin Fərmanı ilə ilk dəfə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb. Bu nazirliyin qarşısına Azərbaycan gəncliyini səfərbər etmək, vahid istiqamətə yönəltmək, ölkənin inkişafında gənclərin rolunu artırmaq vəzifəsi qoyulub. Elə o vaxtdan başlayaraq Azərbaycanda gənclər dövlət siyasətinin həyata keçirilməsi işinə fəal cəlb olunublar. Yəni, Ulu öndər Heydər Əliyev gənclər siyasətini dövlətin prioritet vəzifəsi elan etdikdən sonra Azərbaycan gəncləri üçün geniş inkişaf perspektivləri açılıb. Ulu öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Gənclər xaricdə təhsil almaq imkanı qazanıb və bu gün minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil alır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanan və dövlət başçısının 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Bu diqqət və qayğıdan güc alan gənclərimiz isə nəinki ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycanı uğurla təmsil edirlər.
Diaspor quruculuğunda gənclərin fəal iştirakı daha böyük nailiyyətlər qazanmağa imkan yaradır
Gənclərimiz, eyni zamanda, diaspor quruculuğu işində də fəal iştirak edirlər. Daha doğrusu, diaspor quruculuğunda və Azərbaycan lobbisinin formalaşmasında gənclərin fəal iştirakı daha böyük nailiyyətlər qazanmağa imkan yaradır. Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Həmçinin, son illərdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması işi də geniş vüsət alıb. Belə ki, gənc soydaşlarımız dövlətin dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin üzləşdiyi problemlər haqqında dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılmasına çalışırlar.
Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da son illərdə xaricdə yaşayan gənclərin təşkilatlanması işinin geniş vüsət aldığını deyib. Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. O da vurğulanıb ki, son illər ərzində Azərbaycan diasporunda gənclərin fəaliyyəti və rolu xeyli artıb: “Bu müddət ərzində Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, çexiya-Azərbaycan Tələbə və Gənclər Birliyi, İstanbulda “Azərbaycan Birlik Təşkilatı”, “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı və digər təşkilatlar yaradılıb”.
Həmçinin, Azərbaycan diasporu gənclərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib və Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası yaradılıb. Eyni zamanda, Gürcüstan azərbaycanlı gənclərinin I Qurultayı keçirilib və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib.
RAGT Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizin maraqlarının müdafiəsi işinə olduqca mühüm töhfə verir
Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatları arasında xüsusi yeri isə, şübhəsiz ki, 2009-cu il aprelin 18-də Moskvada yaradılmış və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva seçilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tutur. RAGT-in yaradılmasının Azərbaycan diasporunun, Rusiyada yaşayan azərbaycanlı gənclərin həyatında nə dərəcədə böyük hadisə olması artıq təşkilatın təsis konfransında məlum olub. Belə ki, həmin toplantıda Rusiyanın 60-dan çox bölgəsindən 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər. Hazırda RAGT-in bölmələrinin sayı 60-dan çoxdur, yəni təşkilat bütün Rusiya Federasiyasını əhatə edir. Bu gün RAGT Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizin maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə olduqca mühüm töhfə verir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Yeri gəlmişkən, bu təşkilatın Rusiyada olduqca yüksək nüfuza malik olması özünü bu il martın 12-də Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı zamanı bir daha təsdiqlədi. Belə ki, qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dünya azərbaycanlı gənclərinin təşkilatlanmasının təməlinin RAGT-in yaradılması ilə qoyulduğunu deyib. Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin qurultay iştirakçılarına məktubunu yüksək dəyərləndirən Əli Həsənov deyib ki, bu, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nəinki Azərbaycan cəmiyyətinin və dövlətinin, eyni zamanda, Avrasiyanın ən böyük ölkəsi olan Rusiyanın ictimai-siyasi və gəncliyinin həyatında ciddi bir amilə çevrildiyinin sübutudur.
Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də qlobal dünyada ciddi bir amilə çevrildiyini bildirən Əli Həsənov onu da əlavə edib ki, Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan gəncliyinin fəallığının hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində keçirilən aksiyalar, konfranslardan tutmuş, İstanbulun Taksim meydanındakı izdihamlı yürüş, müxtəlif ölkələrin parlamentləri qarşısındakı etiraz aksiyaları, Xocalıda yaşanan dəhşətli faciənin şəkillərinin nümayiş olunması və s. tədbirlər Azərbaycan gəncliyinin fəallığının sübutu idi.
Frankfurtda əsası qoyulan, Bakıda formalaşan yeni birlik
Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkişlatlanması məsələsindən bəhs edərkən, 2010-cu il noyabr ayının 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin keçirilməsini də qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbir xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edib. Tədbirdə Azərbaycandan 41, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib. Toplantının sonunda bir sıra sənədlər, o cümlədən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsini nəzərdə tutan “Dünya Azərbaycanlı Gəncləri I Konqresinin qətnaməsi” qəbul edilib.
Konqresin qətnaməsinə uyğun olaraq isə bu il martın 12-də Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) təsis qurultayı keçirilib. Qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edib.
Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovun qeyd etdiyi kimi, qurultaydakı çıxışlarda gənclərimizin gələcək hədəfləri aydın şəkildə ortaya qoyulub: “Qeyd olundu ki, qısa zaman ərzində xarici ölkələrin nüfuzlu təşkilatları ilə gözəl əlaqələr qurulmalıdır. Həmin ölkələrin ictimai-siyasi, daxili həyatında vacib amilə çevrilməli, ən qabaqcıl gənclər nümayəndələri ilə dostluq əlaqələri yaradılmalıdır. Bunlar gəncliyimizi fərqləndirən və ümummilli liderimizin Azərbaycan gəncliyi ilə bağlı arzusunun əsas istiqamətlərindən biridir. Ulu öndərin Azərbaycan gəncliyinə fəal olmağa dair tövsiyələrini rəhbər tutaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gerçək məlumatların, ölkəmiz haqqında həqiqətlərin təbliği istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetrirməliyik. Təbii ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün bu prosesin önündə gedəcək. Bir sözlə, Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab Prezident İlham Əliyevin qurultaya ünvanladığı məktubda da vurğuladığı kimi, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır”.
Xaricdəki azərbaycanlı gənclərimizin təşkilatlanması istiqamətində atılan növbəti mühüm addım
Nəhayət, bir müddət öncə Budapeştdə keçirilən Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinci beynəlxalq konfransı da xaricdəki azərbaycanlı gənclərimizin təşkilatlanması istiqamətində atılan növbəti mühüm addım oldu. Məlumat üçün bildirək ki, Macarıstan parlamentində “Mən ölkəmin gənc səfiriyəm” devizi altında keçirilən ikigünlük konfransda dünyanın 25 ölkəsindən 250-dən artıq gənc iştirak edib. Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun, Macarıstan Respublikasının Milli Assambleyasının vitse-spikeri Jakap İstvanın, həmçinin, Azərbaycanın müvafiq dövlət qurumlarının rəhbərlərinin və Avropa ölkələrindəki səfirlərimizin iştirak etdikləri tədbirdə qeyd olunub ki, xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gənc Azərbaycanın sabahıdır. Azərbaycanı gələcəkdə məhz bu gənclər idarə edəcəklər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunub. Məktubda qeyd olunur ki, Azərbaycan həqiqətlərinin Avropanın siyasi institutlarında gənclərin təşəbbüsü ilə müzakirəyə çıxarılması, tələbələrimizin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparması ölkəmizin xaricdə tanınması üçün böyük əhəmiyyət daşıyır. Xaricdə yaşayan və təhsil alan gənclərimizin üzərinə düşən əsas vəzifələrdən biri Vətənimiz Azərbaycanı ən yüksək səviyyədə təbliğ etmək və birgə əməkdaşlıq şəklində fəaliyyət göstərməkdir.
Məktubda o da vurğulanıb ki, dünyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır: “Yaşadığınız və təhsil aldığınız ölkələrdə yerli və beynəlxalq təşkilatlarla, media qurumları ilə yaxından əməkdaşlıq etməniz, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv iştirakınız tezliklə diaspora fəaliyyətimizin uğuruna çevriləcək. Bu baxımdan əminəm ki, ASAİF-in sayca ikinci beynəlxalq yığıncağı olan Budapeşt forumu dostluq və işgüzar əlaqələrinin yaranması üçün gözəl şərait yaradacaqdır. Xaricdə yaşadığımız müddət ərzində Vətənin adını qorumaq, ölkəmizi layiqincə təmsil etmək, dünya miqyasında Azərbaycanın yüksək imicini qoruyub saxlamaq bizim əsas amalımıza çevrilməlidir”.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması xaricdə yaşayan azərbaycanlı gənclərin əsas vəzifələrindən birinə çevrilib
Bir sözlə, görünən odur ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün xaricdə yaşayan azərbaycanlı gənclərin əsas vəzifələrindən birinə çevrilib. Gənc soydaşlarımız tərəfindən təsis olunmuş diaspor təşkilatları bu sahədə uğurlu layihələr həyata keçirir, müasir informasiya texnologiyalarından istifadə edərək xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmağa çalışırlar. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci il mart soyqırımları ilə bağlı gənclər tərəfindən dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq etiraz aksiyaları, elmi-praktik konfranslar, foto və rəsm sərgiləri təşkil olunur. Qeyd olunan faktlar isə bir daha göstərir ki, azərbaycanlı gənclər hansı ölkədə yaşamasından asılı olmayaraq milli maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına öz töhfələrini verməyə çalışırlar. Gənclərimiz qloballaşan dünyanın müasir reallıqlarını nəzərə alaraq respublikamızın sosial-iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi naminə səylərini əsirgəmir və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəsləyir: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.
Nadir AZƏRİ
“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqədə iştirak üçün”
Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30