Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Eurovision"la bağlı bütün suallara aydınlıq gətirildi

"Eurovision"la bağlı bütün suallara aydınlıq gətirildi

22.05.2012 [01:16]

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev xarici və yerli jurnalistlərin suallarını cavablandırıblar
Dünən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında xarici və yerli jurnalistlərin suallarını cavablandırıb. İlk olaraq, ölkəmizin tarixi günlərdən birini yaşadığını söyləyən şöbə müdiri qeyd edib ki, Azərbaycan Avropanın ən möhtəşəm musiqi yarışmalarından birinə ev sahibliyi etməyə tam hazırdır.
“Eurovision” müsabiqəsi ilə əlaqədar ölkəmizə 20 minə yaxın qonaq gəlib
“Eurovision-2012” müsabiqəsi ilə əlaqədar ölkəmizə 20 minə yaxın qonağın gəldiyini söyləyən Əli Həsənovun sözlərinə görə, onların sayı getdikcə artacaq: “ölkəmizə gələnlər arasında mahnı müsabiqəsinə tamaşa etmək istəyən turistlər, yarışmanı işıqlandırmağa gələn KİV nümayəndələri və s. var. Bir qismi isə sadəcə, mahnı müsabiqəsinə hazırlıqla əlaqədar olaraq Bakıda yaşanan bu gözəllikləri görmək və bu əzmi bizimlə birgə yaşamaq üçün aramızdadırlar. Hökumətimiz bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb”.
Xüsusən, təhlükəsizlik tədbirlərindən danışan Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti “Eurovision” müsabiqəsinin təhlükəsizliyi istiqamətində bütün tədbirləri görüb: “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində bəzi radikal dini çağırış və təhdidlər olub. Azərbaycan hökuməti təhlükəsizlik istiqamətində bütün tədbirləri görüb. Ancaq Azərbaycan hakimiyyəti nəinki “Eurovision”la bağlı, eləcə də, ictimai-siyasi və digər sahələrdə təhlükəsizliklə bağlı bütün tədbirləri görür. Bu təhlükəsizlik tədbirləri təkcə “Eurovision”la bağlı deyil. Biz təhlükəsizliyimizi sadəcə mahnı müsabiqəsi ilə məhdudlaşdırmırıq və ilboyu bütün yaşam müddətində bu davam etdirilir. Lakin biz təhlükəsizlik tədbirlərini bilavasitə “Eurovision” mahnı yarışması öncəsi gücləndirmişik və gücləndirməkdə davam edirik. Düzdür, hansısa təhdidlərdən heç bir ölkə sığortalanmayıb. Biz Bakıya gələn turistlərin təhlükəsizliyinə zəmanət vermişik və veririk. Nə tədbir görmək mümkündürsə, görülüb və görürük”.
Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır
Şöbə müdiri Əli Həsənov bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib. PA rəsmisi vurğulayıb ki, bəzi qeyri-hökumət təşkilatlarının anti-Azərbaycan təbliğatı, Azərbaycana ünvanlanan standart, ayrı-ayrı mərkəzlərin həyata keçirdiyi tənqidlər, ölkəmizin ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır: “Bu işdə xüsusi fəallıq göstərən iki təşkilatın adını çəkəcəyəm - “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları. Bu təşkilatlar sözügedən müsabiqənin Azərbaycanda keçiriləcəyi bəlli olan gündən etibarən davamlı olaraq Azərbaycan hökuməti, onun daxili siyasətini bilavasitə tənqid edirlər. Dünya ictimaiyyətinə təsir etmək iqtidarında olan bu təşkilatlar belə ədalətsiz və qərəzli fəaliyyətlərini davam etdirsələr, təbii ki, onlar Azərbaycan xalqının və dövlətinin etimadını itirəcəklər”.
PA rəsmisi, həmçinin, Avropada 5 mətbu orqanın və bir sıra beynəlxalq təşkilatın Azərbaycan əleyhinə təbliğat apardığını qeyd edib: “Bu sırada “BBC” telekampaniyası, “The Guardian” qəzeti də var. Mən Almaniyada erməni lobbisinin təqdim etdiyi məlumat qovluqlarını gördüm. Deməli, bunlar bir mərkəzdən yönləndirilən təbliğatın ruporlarına çevrilib. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır”.
“Mən sizə sual verirəm, dünyanın hansı ölkəsində köçürmə yoxdur?”
Daha sonra əməkdaşımızın paytaxtda aparılan abadlıq və quruculuq işlərinin bir sıra maraqlı dairələr tərəfindən əsassız şəkildə “Eurovision” mahnı müsabiqəsi ilə əlaqələndirilməsinə aid sualını cavablandıran Əli Həsənov deyib ki, “Eurovision-2012”, Azərbaycanda infrastruktur, Bulvarın genişləndirilməsi, “Baku Cristal Hall”un tikintisi və onların maliyyəsi ətrafında heç bir qaranlıq məqam yoxdur. Bəzi jurnalistlər, o cümlədən, bəzi xarici kütləvi informasiya vasitələri təəssüflər olsun ki, Azərbaycanda 2005-ci ildən başlayaraq həyata keçirilən bütün infrastruktur quruculuğunu, o cümlədən, əvvəlki illərdə mövcud olan istifadə müddəti başa çatan infrastrukturun bərpası, yenilənməsi, qeyri-qanuni məskunlaşmanın aradan qaldırılması, şəhərin yollarının, su, kanalizasiya və elektrik enerji ilə təminatı sahəsindəki mövcud problemləri aradan qaldırmaq üçün həyata keçirilən köçürmələri, şəhərin abadlaşdırılması və digər məsələləri “Eurovision” və insan hüquqları ilə bağlayırlar: “Mən sizə sual verirəm, dünyanın hansı ölkəsində köçürmə yoxdur? Dünyanın hansı ölkəsində şəhərin genişləndirilməsi, abadlaşdırılması zamanı insanların bu və ya digər yaşayış yerinə köçürülməsi müşahidə olunmur? Azərbaycan başlanğıcda bu prosesdə qarşıya üç vəzifə qoyub. Birincisi, köçürülən insanlara alternav imkanlar verilsin. Yəni, onlara digər yerlərdə adekvat mənzil ala biləcək maddi vəsait verilsin. İkincisi, onlara digər ünvanlarda indikindən daha yaxşı mənzillər təklif edilsin. üçüncüsü, əgər vətəndaşlar bunların heç biri ilə razılaşmırlarsa, məhkəməyə müraciət edib digər haqlarını müdafiə etmək imkanı yaradılsın. Bu imkanların hər 3-ü yaradılıb. Burada köçürülən 10 min nəfərdən 3 nəfərini tapıb davamlı şəkildə bizim üzümüzə dirəndirirlər, müsahibələr alır, mətbuat orqanlarında işıqlandırırlar ki, hüquqlarımız pozulub. Bəli, ola bilsin ki, 2 nəfərin, 10 və hətta 100 nəfərin hüququ pozula bilərdi. Ola bilər ki, müəyyən vətəndaşların ənənəvi həyat tərzi pozulub. Lakin 10 min nəfərin hüququnun pozulmasından söz ola bilməz. Əgər biz alternativ imkanlar irəli sürməsək, onda razıyam, üzərimizə gəlmək olardı”.
“Eurovision” yarışmasının keçirilməsinə Azərbaycan hökuməti 50 milyon manat pul ayırıb
“Eurovision” müsabiqəsinin maliyyələşdirilməsinə və təşkilati işlərə xərclənən vəsaitə də aydınlıq gətirən Əli Həsənov vurğulayıb ki, Maliyyə Nazirliyi bununla bağlı müvafiq açıqlama verib: “Eurovision” yarışmasının keçirilməsinə Azərbaycan hökuməti 50 milyon manat pul ayırıb. Bu, açıq rəqəmdir. İstənilən instansiyada yoxlaya və dəqiqləşdirə bilərsiniz. Qalan məsələlərin “Eurovision” yarışmasına heç bir aidiyyatı yoxdur. “Eurovision” yarışmasının keçirilməsinə, eyni zamanda, bəzi firma və şirkətlər sponsorluq da edirlər. Bu, onların özlərini ölkə daxilində və xaricdə tanıtmaq, reklam və təbliğ etmək üçündür. Yarışmaya nə qədər maddi vəsait ayırdıqlarını və isə siz onların özləri ilə dəqiqləşdirə bilərsiniz. Bunu açıqlayıb açıqlamamaq həmin sponsorların öz kommersiya işidir”.
Azərbaycan dünya mədəniyyətinə, mədəni irsinə öz töhfələrini verməkdə davam edir
ölkəmizin hazırda BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini xatırladan Əli Həsənovun sözlərinə görə, Azərbaycan bölgənin və dünyanın enerji siyasətində öncül mövqelərdən birini tutur. Azərbaycan dünya mədəniyyətinə, mədəni irsinə öz töhfələrini verməkdə davam edir: “Təəssüflər olsun ki, bəzi dairələr, o cümlədən, erməni diasporu və onun təsirində olan xarici mətbuat orqanları, bəzi xarici QHT-lər, ictimai-siyasi xadimlər Azərbaycanın dünyanın diqqət mərkəzinə çıxması faktından istifadə edib, ölkəmizə qarşı böhtan kampaniyasını apardılar və bu gün də aparmaqda davam edirlər”.
PA rəsmisi qeyd edib ki, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən, insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək, Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər. “Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə o təxribatçı, anti-Azərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar”, - deyə Ə.Həsənov qeyd edib.
Azərbaycan “Eurovision”un keçirilməsinə heç zaman məqsəd kimi baxmayıb
PA rəsmisi vurğulayıb ki, Azərbaycan “Eurovision”ın keçirilməsinə heç zaman məqsəd kimi baxmayıb: “Buna, sadəcə, Azərbaycan dəyərlərini, Azərbaycan xalqının varlığını, mədəniyyətini, iqtisadi, siyasi və sosial həyatını dünyaya nümayiş etdirmək üçün vasitə kimi baxmışıq. Azərbaycan gəncləri qalib gəliblər, bu qələbəni və yarışmanı Azərbaycana gətiriblər. Biz onlarla fəxr edirik, qürur hissi keçiririk. Təəssüf edirik ki, Azərbaycanın daxilində və xaricində bəzi dairələr bu qələbədən sui-istifadə edib, Azərbaycana, bu gənclərin Vətəninə qarşı təxribat etmək istəyirlər və bunlar da nəticəsiz yekunlaşacaq”.
“Biz bunu xalqımıza tikirik”
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov digər məsələlərə də aydınlıq gətirərək qeyd edib ki, “Cristal Hall”un tikintisinə, yolların abadlaşdırılmasına, bulvarın abadlaşdırılması və genişləndirilməsinə Azərbaycanın ayırdığı vəsaitin “Eurovision”la heç bir əlaqəsi yoxdur: “Azərbaycan özü üçün gözəl bir konsert zalı tikirsə, bu, o demək deyil ki, burada “Eurovision” keçiriləcək və bununla da o söküləcək və ya aparılacaq harasa. Biz orada digər tədbirləri, o cümlədən, 2020-ci ildə Olimpiya oyunlarını keçirmək istəyirik. Biz bunu xalqımıza tikirik. Avropanın hansı ölkəsində hökumət ölkəsi üçün nəsə tikəndə qeyri-hökumət təşkilatları etiraz edirlər ki, dövlət buraya çox pul xərcləyib? Bu dövlətin, xalqın pulunun xərclənməsini ölkə parlamenti müəyyən edir, büdcəni o təsdiq edir. Parlament də xalqın iradəsini təmsil edən qanunverici orqandır. Digər tərəfdən də heç bir qaranlıq məqam yoxdur”.
AYB-nin siyasətinə kənar müdaxilə, onu siyasiləşdirmək özü elə qeyri-demokratikliyin əlamətidir
“Təəssüflər olsun ki, bu Azərbaycandakı “Eurovision” yarışmasının möhtəşəmliyini, ən yüksək səviyyədə təşkil olunmasını nüfuzdan salmaq üçün aparılan təbliğatdır. çox təəsüflər olsun ki, bu mənada Avropa Yayım Birliyinə də ciddi təzyiqlər edilib. Bir müddət əvvəl Almaniyanın “Şpigel” jurnalı açıq şəkildə sözügedən quruma təzyiq göstərirdi ki, nəyə görə Azərbaycanda keçirilir? Daha sonra digər mətbuat orqanları bu prosesə qoşuldular. Avropa Yayım Birliyi 57 ölkənin təşkilatlarının birgə təşkil etdiyi orqandır. Bu hökumətlərarası təşkilatdır. Yayım Birliyinin siyasətinə kənar müdaxilə etmək, onu siyasiləşdirmək özü elə qeyri-demokratikliyin əlamətidir. Bunu biz hamımız bilməliyik”, - deyə Əli Həsənov qeyd edib.
Hazırladı: Sevinc Nur
Aqşin Şahinoğlu
Paylaş:
Baxılıb: 895 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30