Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AXCP-nin maliyyələşməsində xarici mənbələr və kriminal izlər

AXCP-nin maliyyələşməsində xarici mənbələr və kriminal izlər

12.06.2012 [22:48]

“Təəssüf ki, bütün Yaramazlar ünsiyyətçildirlər”
Tarixi faktlar göstərir ki, vətənini və xalqını satan insanlar olub, var və olacaq. Belələri bir çox hallarda  mələk libasında görünməyi, pafosla ən “mütərəqqi” ideyaları təbliğ etməyi və ətrafına tərəfdarlar toplamağı bacarırlar. Görünür, Artur Şopenhauer “təəssüf ki, bütün yaramazlar ünsiyyətçildirlər” deyəndə, heç də yanılmayıb. Məsələn, ötən əsrin əvvəllərində zamanın nəbzini tutan bolşeviklər nə Almaniyadan külli miqdarda yardım almaqdan, nə kriminaldan, nə də terrordan çəkinirdilər. Ancaq milyonları öz ideyalarının səmimiliyinə inandırmağı bacardılar. Axı həmin vaxtlarda kim düşünə bilərdi ki, bolşevik partiyası həm də İosif Cuqaşvilinin qarət, soyğunçuluq və digər cinayətkar yollarla taladığı vəsaitlər hesabına maliyyələşir. Prussiya kralı ll Fridrix “əgər bizim əsgərlərimiz savaşımızın məqsədini başa düşsəydilər, müharibə apara bilməzdik” fikrini heç də təsadüfən deməmişdi.
AXCP və Müsavat bolşeviklərin nümunəsindən, özü də daha eybəcər şəkildə yararlanır
XX əsrin sonlarında SSRİ-nin süqutu ilə əlaqədar Azərbaycanda geniş vüsət almış xalq hərəkatının ortaya çıxardığı bəzi siyasi qüvvələrin sonrakı fəaliyyətində bolşevik mübarizə metodları qabarıq şəkildə özünü büruzə verməyə başladı. Hakimiyyəti dövlət çevrilişi yolu ilə ələ keçirmiş Azərbaycan Xalq Cəbhəsi öz səriştəsiz idarəçiliyi ilə cəmi bir il ərzində ölkədəki vəziyyəti fəlakət səviyyəsinə çatdırdı. Onun sələfləri olan AXCP və Müsavat partiyaları bu gün də bütün sivil dünyanın qəbul etdiyi demokratik təcrübədən deyil, bolşeviklərin nümunəsindən, özü də daha eybəcər şəkildə yararlanaraq revanşist iddialardan əl çəkmir, öz məqsədlərini reallaşdırmaq üçün çox asanlıqla anti-Azərbaycan platformasında birləşmiş xarici qüvvələrlə, ermənilərin təsiri altında olan dairələrlə işbirliyinə gedirlər. Onların fəaliyyəti haqqında düşünəndə, haqlı olaraq, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məşhur kəlamı yada düşür: “Deyirlər ki, siyasət ikinci qədim peşədir. Lakin mən belə bir nəticəyə gəlmişəm ki, onun birinci ilə daha çox ümumi cəhətləri var”.
Hazırda Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan bəzi siyasi partiyaların daxilində baş verən prosesləri, onların xariclə təmaslarını, ən əsası, maliyyə mənbələrini araşdırmaq kifayətdir ki, reallığın nə qədər acınacaqlı olduğunu, sadə insanların necə aldadıldığını görmək mümkün olsun. Düzdür, mətbuat həmişə bu məsələləri diqqətdə saxlayıb, bəzi ehtimallar irəli sürülüb, faktlar aşkarlanıb və ictimailəşdirilib, lakin bu sahədə əsaslı jurnalist təhqiqatlarının sayı barmaqla sayılacaq qədərdir.
Yəqin ki, yaxın zamanlarda Xədicə İsmayılova Əli Kərimlinin “babasından miras qalmış milyonları” araşdırıb tapacaq
Məlumdur ki, müxalifət partiyaları davamlı və məqsədyönlü şəkildə maliyyə mənbələri haqqında heç bir açıqlama vermirlər. Məsələn, hakimiyyəti bütün bəlalarda ittiham edən AXCP sədri Əli Kərimli heç bir yerdə işləmədiyi halda partiyasını, onun aparatını, cangüdənlərini və s. necə saxladığı barədə suallardan daim yayınır. Cəmiyyət üçün də maraqlı olardı ki, “Azadlıq” qəzeti kimlərinsə övladlarının xaricdə təhsil almasını böyük bir qəbahət saydığı kimi, faktiki rəhbəri olan Əli Kərimlinin oğlunun Londonda hansı vəsait hesabına yaşadığını və oxuduğunu, barlardan, restoranlardan çıxmadığını araşdıraydı. Yeri gəlmişkən, bu mövzu “araşdırmaçı” jurnalist Xədicə İsmayılova üçün də bir tapıntıdır. Yəqin ki, yaxın zamanlarda Xədicə xanım Əli Kərimlinin “babasından miras qalmış milyonları” araşdırıb tapacaq və hər şeyin qanun çərçivəsində olduğunu “ortaya qoyacaq”.
AXCP-nin maliyyələşməsində iki mənbənin xüsusi rolu var
Real faktların təhlili göstərir ki, AXCP-nin timsalında dağıdıcı müxalifətin maliyyələşməsində iki mənbə xüsusi çəkiyə malikdir.
Birincisi, beynəlxalq təşkilatlar, xarici fondlar və ayrı-ayrı dövlətlər tərəfindən gizli yollarla birbaşa və ya dolayısı ilə müxtəlif QHT-lər, hətta mətbuat orqanları vasitəsilə maliyyələşmə. İkincisi, qeyri-qanuni əməllər törətməklə əldə edilmiş vəsaitlər.
Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra təbii resurslarla zəngin və əlverişli geostrateji mövqeyə malik bu ölkəyə nüfuz etmək, onu nəzarətdə saxlamaq üçün dünya gücləri tərəfindən ciddi cəhdlər olundu və bu gün də davam edir. Qərb dairələri sınanılmış və yaxşı effekt verən təcrübəni burada da tətbiq etməyə, “beşinci kolon” formalaşdırmağa başladılar. Birbaşa və dolayı yardımlar vasitəsilə siyasi partiyalar ələ alındı, sözəbaxan QHT və KİV şəbəkəsi yaradıldı.
AYRILAN QRANTLARIN BöYüK HİSSƏSİ ƏLİ KƏRİMLİYƏ çATIRDI
2005-ci ilə kimi olan dövrdə ABŞ təşkilatları bu sahədə digərlərindən daha aktiv görünürdülər. Soros Fondu, ABŞ Milli Demokratiya İnstitutu, İREX, NED və digər təşkilatlar “beşinci kolon”u formalaşdıran əsas  qurumlar kimi Müsavat, AXCP, ADP və AMİP-lə ciddi əlaqələr qurmuşdular. Bu təşkilatların ayırdıqları yüksək məbləğdə qrantlar dolayısı ilə siyasi partiyalara çatdırılır və onların hakimiyyət əleyhinə aktiv fəaliyyəti təşkil olunurdu. Hakimiyyətə iddialı siyasi partiyaların, onlara yaxın QHT-lərin, müxalifət KİV-lərinin fəaliyyətinin təhlili belə deməyə əsas verir ki, xarici dairələr öz nəzarətlərində olan vətəndaş cəmiyyəti institutlarından bir-birini tamamlayan şəbəkə formasında anti-iqtidar bloku formalaşdırmaq istəyirdilər. Bir qayda olaraq müxalifətin aparıcı funksionerləri xarici donor təşkilatların Azərbaycandakı nümayəndəliklərində rəhbər mövqelər tutur, onların zəmanət məktubu və siyasi partiyaların şifahi razılığı ilə bu və ya digər QHT-lərə qrantlar ayrılmışdır.
Araşdırmalar göstərir ki,  qrant layihələrinin büdcələri bilərəkdən şişirdilmiş rəqəmlərlə ifadə olunur, üstəlik, icra planında nəzərdə tutulan işlər qismən yerinə yetirilirdi. Nəticə etibarilə vasitəçi təşkilatın qazancı və layihənin gerçəkləşdirilməsi xərcləri ümumilkdə büdcənin 30 faizinə qədərini təşkil edirdi. Ortada qalan məbləğ isə istifadə edilmiş vəsait kimi sənədləşdirildikdən sonra birbaşa siyasi partiyalara çatdırılırdı. İstisnasız olaraq həmin vəsaiti vasitəçi QHT-yə zəmanət verən partiya alırdı. Siyasi aktivlik dövründə maliyyələşmənin yetərliliyini təmin etmək üçün qrant büdcələri və vasitəçi təşkilatların sayı artırılırdı. Adətən, koalisiyalar formalaşdırılır, vəsait “iri layihələrə” və “güclü koalisiyalara” yönləndilirdi. Məsələn, 2003-cü il prezident seçkilərinə hazırlıqla əlaqədar ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən Seçki Monitorinqi Mərkəzi adlı qurum yaradıldı (hazırda Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzi). Koalisiya tipli bu təşkilatda 10-a qədər QHT birləşdirildi (koalisiyanın icraçı direktoru və faktiki rəhbəri AXCP-çi və Əli Kərimliyə xüsusi yaxınlığı ilə seçilən Anar Məmmədli idi). Milli Demokratiya İnstitutunun Bakı ofisi  tərəfindən bu koalisiyada birləşən təşkilatların hər birinə ayrı-ayrı layihələr adı altında qrant vəsaitləri yönləndirildi. Bu vəsaitlərin əsas hissəsi Anar Məmmədli tərəfindən toplanırdı və “yuxarıdan tapşırılıb” adı altında naməlum istiqamətdə aparılırdı. Koalisiyada birləşən təşkilatlar arasından bu məsələyə etiraz edənlər isə tez bir zamanda müxtəlif bəhanələrlə oradan uzaqlaşdırılırdı. Belə bir aqibətlə Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov üzləşmişdi. Həmin dövrdə Ə.Həsənovun və başqalarının narazılığının əsasında da məhz bu amil dururdu.
Anar Məmmədli “yuxarılar” deyəndə isə Milli Demokratiya İnstitutunu, daha doğrusu onun Azərbaycan nümayəndəliyinin rəhbər orqanında oturmuş, Əli Kərimliyə yaxınlığı ilə seçilən Qorxmaz Əsgərovu nəzərdə tuturdu. İş burasındadır ki, Q.Əsgərovun zəmanət məktubu olmasaydı, MDİ heç bir təşkilata qrant ayırmırdı. Sonuncu isə Ə.Kərimlinin tapşırığı olmadan özbaşına heç bir təşkilata zəmanət məktubu verə bilməzdi.
2005-ci ilin parlament seçkilərinə hazırlıqla əlaqədar Milli Demokratiya İnstitutu tərəfindən bu koalisiyada birləşən təşkilatların hər birinə  ayrı-ayrı layihələr adı altında yenidən qrant vəsaitləri yönləndildi. Xırda vəsaitlər formasında koalisiyada birləşən təşkilatların büdcələrinə köçürülən bu vəsaitlər diqqət çəkmədi, amma ümumi büdcədə birləşdikdən sonra orta hesabla 140 min dollara qədər artdı. Həmin vəsaitin böyük hissəsinin Anar Məmmədli tərəfindən nəqd şəkildə birbaşa Əli Kərimliyə çatdırıldığı çoxlarına məlumdur.
SİFARİŞLİ BƏYANATLAR QHT-lərin XƏBƏRİ OLMADAN HAZIRLANIRDI
Lakin vasitəçi QHT-lərin işi bununla bitmirdi. Partiyaların hakimiyyətə qarşı irəli sürəcəyi ittiham tezisləri əvvəlcə “QHT araşdırması” olaraq gündəmə gətirilir, əsaslandırılır və ictimailəşdirilirdi. Layihə büdcəsinin böyük hissəsinin zəmanətçi  partiyalara verilməsi şərti qoyulduğu üçün, onsuz da QHT-lərin ştatlı işçilər saxlaması, sorğular keçirməsi, təhlillər hazırlaması mümkünsüz olurdu. Onlar görülən işlər barədə donora hesabat vermək üçün partiyalardan hazır materiallar götürmək məcburiyyətində qalırdılar ki, bu da son nəticədə partiya marağına uyğun informasiyaların “layihə müəllifi olan”  QHT  adından səslənməsinə gətirib çıxarırdı. Təsadüfi deyil ki, 2003-cü ildən başlayaraq bütün seçkilərdə SMM-in layihələri çərçivəsində seçki monitorinqi aparmaq üçün “işə götürülən” regional müşahidəçilər heç də müstəqil şəxslər deyil, AXCP-nin yerli şöbələrinin əməkdaşları olmuşlar. Onlara ayrılan maaşların bir qismi də SMM-də saxlanmışdı.
Ekstremal situasiyalarda hətta hazır bəyanatlar “qrant udmuş” QHT-lər adından səsləndirilir, bəzən bu təşkilatlar “öz bəyanatları” barədə sonradan KİV-lər vasitəsilə məlumat alırdılar. Məsələn, 2005-ci ilin parlament seçkilərinə bir ay qalmış SMM qərargahına MDİ-nin adından xaricdən adamlar gətirildi. SMM koalisiyası adından verilən bütün bəyanatlar bu şəxslər və onlara kömək edən Əli Kərimlinin təmsilçisi tərəfindən hazırlanaraq yayılırdı. Həmin ərəfədə ABŞ-ın sabiq Dövlət katibi Madlen Olbrayt tərəfindən SMM-ə istinadən yayılan bəyanat da bu formada ortaya çıxmışdı. Halbuki, bəyanatın hazırlanmasında koalisiya üzvləri öncədən iştirak etməmişdilər.
Bütün bu məsələlər bu gün də öz aktuallığını saxlayır. Fərq ondadır ki, QHT-lər və KİV-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi, siyasi proseslərə müdaxilə, vətəndaş cəmiyyəti institutlarının işinin istiqamətləndirilməsi daha da genişlənmiş, prosesə yeni aktorlar qoşulmuşlar. Həmçinin, 2005-ci ildən sonra xarici siyasi dairələr ənənəvi metodları saxlamaqla yanaşı, həm də Azərbaycan QHT və KİV-lərini yerli siyasi qurumların vasitəçiliyi olmadan, birbaşa idarə etmək maraqlarını ortaya qoydular.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumu HANSI MƏQSƏDLƏRƏ XİDMƏT EDİR?
2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasəti, 2009-cu ildə isə Şərq Tərəfdaşlığı Proqramına daxil edildikdən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq formatları və üsulları tətbiq olunmağa başladı. Bunlardan biri də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumudur (VCF). Proqrama daxil edilmiş ölkələrdə, o cümlədən Azərbaycanda həmin forumun milli platformaları yaradıldı. Milli platformanın məqsədi Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində fəaliyyətini Azərbaycanda populyarlaşdırmaq, bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri koordinasiya etməkdən ibarətdir.
Lakin az bir müddət keçdikdən sonra forumun fəaliyyətində xoşagəlməz təzahürlər qabarıq şəkildə özünü büruzə verməyə başladı. Bir tərəfdən forumun rəhbərliyində təmsil olunmuş ermənilər, digər tərəfdən isə milli platformanın forumla əlaqələrini inhisara almış şəxslər hər vəchlə çalışdılar ki, forumun tədbirlərinə hakimiyyəti tənqid edən, Azərbaycanın imicinə zərbə vurmağa can atan insanlar qatılsınlar.
Digər məsələ milli platformanın idarə heyətinin və əlaqələndiricisinin seçilməsi ilə bağlıdır. Koordinator vəzifəsini mənimsəyən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov əvvəlcə onu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova, o isə qardaşı, İqtisadi Tədqiqatlar  Mərkəzinin rəhbəri, Müsavat partiyasının divan üzvü Qubad İbadoğluna ötürür. Milli platformanın idarə heyətinin üzvlərinin çoxu (“Azad İqtisadiyyata Yardım” Mərkəzinin sədri Zöhrab İsmayıl, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, Avropaya İnteqrasiya Proqramının ölkə üzrə əlaqələndirici İlqar Həsənli -  hər üçü AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə tanınır)  müxalif siyasi partiyalarla yaxın əlaqələri olan və QHT pərdəsi altında hakimiyyətə qarşı əks mövqe tutan şəxslərdir. Onu da söyləmək lazımdır ki, Vüqar Bayramov və Qubad İbadoğlu həm də forumun idarə heyətinin üzvləridir.
Beləliklə, milli platformanın idarə heyətinin tərkibinə baxmaq kifayət edir ki, Avropa Komissiyasının rəsmən elan etdiyi missiya ilə fəaliyyətinin əsl mahiyyəti arasında fərq ortaya çıxsın. İdarə heyətində təmsil olunan şəxslər AXCP və Müsavata yaxınlıqları ilə seçilirlər və lazımi məqamlarda onların rəhbərlik etdikləri QHT-lər həmin partiyaların  maliyyələşməsində vasitəçi rolunu oynayırlar.
Azərbaycan QHT-ləri Aİ-nin ayırdığı qrantların bölüşdürülməsi zamanı da haqsızlıqla üzləşirlər. Məlum olduğu kimi, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində bir sıra istiqamətlər üzrə (qanunvericiliyin təkmilləşdirilməsi, demokratiya və insan hüquqları,  davamlı inkişaf və s.) QHT-lərin layihələrini maliyyələşdirir. 2007-ci ildən indiyə qədər bu proqramlar çərçivəsində 9 milyon manata yaxın vəsait ayrılıb. Lakin nədənsə Azərbaycan QHT-lərinin əksəriyyəti qrant müsabiqələrinin keçirilməsi barədə çox gec xəbər tuturlar. İctimaiyyət bu müsabiqələrin  şərtləri və nəticələri haqqında səthi məlumatlandırılır. Məsələn, bu yaxınlarda Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi tərəfindən yuxarıda göstərilən proqramlar çərçivəsində QHT-lərin 16 layihəsi üçün 2,7 milyon manat vəsaitin verilməsi haqqında mətbuatda məlumat getdi. Lakin heç bir yerdə qalib gəlmiş təşkilatlar haqqında məlumat verilmədi.
Platforma AXCP-yə və Müsavata bağlı QHT-lərdən ibarət yığcam, yekdil bir quruma çevrilib
Maraqlı məqamlardan biri də onunla bağlıdır ki, milli platforma yeni yarananda bura Azərbaycandan 15 təşkilat daxil olub. 2011-ci ilin sonlarında isə bu qurum sıralarında artıq 35-ə yaxın təşkilat birləşib. Yəni, milli platformanın üzvlərinin sayı Qubad İbadoğluna və digər idarə heyəti üzvlərinə yaxın olan lüzumsuz QHT-lər hesabına sürətlə artırılıb, say və səs  çoxluğu əldə edilib. Bundan sonra ümumi siyasətə cavab verməyən QHT-lər sıxışdırıldıqlarına görə, platformadan uzaqlaşmağa məcbur olublar. Bununla da platforma siyasi partiyalara (əsasən AXCP və Müsavat) bağlı QHT-lərdən ibarət yığcam, yekdil bir quruma çevrilib.  2011-ci il dekabrın 28-də Azərbaycan Hüquqşünaslar Konfederasiyası milli platformanı tərk edib və onun rəhbərliyini ittiham edən bəyanat yayıb: “Konfederasiya Azərbaycan Milli Platformasında baş alıb-gedən antidemokratik ab-hava, qohum-qardaşbazlıq, yerlibazlıq, platformanı idarə edən şəxslərin qrant maxinasiyaları, beynəlxalq təşkilatlardan alınan yüz minlərlə vəsaitin layihə adı altında imitasiyadan keçirilərək radikal siyasi qüvvələrə ötürülmə siyasətinə etiraz əlaməti olaraq Azərbaycan Milli Platformasının fəaliyyətinə, koordinatorlarına etimadsızlıq elan edir və platformadan çıxdığını bəyan edir”.
Beləliklə, milli platformanın idarə heyətinə nəzər salanda dərhal aydın olur ki, qurum AXCP və Müsavata bağlı QHT-lərdən formalaşdırılıb və bu QHT-lər  vasitəsilə alınan maliyyə vəsaiti sonda siyasi qurumlarla bölüşdürülür.
500 min avro hara getdi?
Əldə etdiyimiz məlumata görə, 2012-ci ildə Avropa Komissiyasının Azərbaycanda QHT-lər üçün nəzərdə tutduğu yüksək məbləğli qrant layihələrinin 500 min avroya yaxını birbaşa milli platformanın fəaliyyəti üçün sərf edilməlidir. Burada kiçik bir haşiyə edərək vurğulamaq lazım gəlir ki, 2012-ci il mayın 17-də platforma ilk böyük toplantısını keçirdi və təbii ki, Azərbaycanda QHT sektorunun vəziyyətini tənqid etdi. Tədbirin Bakıda “Eurovision” ərəfəsində keçirilməsinin nə anlam daşıdığını vurğulamağa ehtiyac yoxdur. Diqqət çəkən digər məqam bu oldu ki, tədbirdə hətta ənənəvi qayda pozuldu, fasilədə tədbir iştirakçılarına çay belə verilmədi. Yəni, bu məqsədlər üçün ayrılmış 500 min avronun kifayət qədər “qənaət” edildiyi faktı göz qabağındadır. “Qənaət” edilən vəsaitin hara yönəldildiyini isə şərh etməyə, yəqin ki, heç bir ehtiyac yoxdur.
Hər il Aİ-dən böyük qrantlar alan İlqar Hüseynli məbləğin böyük hissəsini AXCP-yə ötürür
Donor təşkilatlarla qrant udan QHT arasında bağlanan müqavilənin bir bəndi, ənənəvi olaraq, görülən işlərin KİV-də təbliğini ehtiva edir. Bu şərtlər sırasına layihənin icraya başlaması barədə press-relizin yayılması da daxil olur. Avropa Komissiyası çox az təsadüf olunan donor təşkilatlardandır ki, “qrant layihəsinin ictimailəşdirilməməsi” şərtini qəbul edir. Bu, rəsmi şəkildə “məxfi” qrifli layihələr sırasına daxil edilir. Məsələn, 2003-2005-ci illərdə SMM Koalisiyasında təmsil olunan və Əli Kərimliyə qrant vasitəsilə pul ötürülməsində aktiv rol oynayan təşkilatların əksəriyyəti bu gün də ortalıqdadırlar və Aİ-dən qrant alanlar sırasındadırlar. Bununla yanaşı, bəzi QHT-lər var ki, onlar Aİ-dən qrant layihələri alsalar da, aktiv fəaliyyətləri yoxdur. Məsələn, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri, Əli Kərimlinin iqtisadi müşaviri İlham Hüseynlinin qardaşı İlqar Hüseynli əvvəllər fəallığı ilə seçilib. 2009-cu ildə o, Avropa Komissiyasından 128 min avro qrant alıb. İ.Hüseynlinin hazırda da böyük məbləğdə layihəsi olduğuna baxmayaraq, fəaliyyəti yox dərəcədədir. Görəsən yüksək məbləğli layihə ona nə üçün verilib? çox böyük ehtimal var ki, hər il Aİ-dən böyük qrantlar alan İ.Hüseynli məbləğin böyük hissəsini AXCP-yə ötürür.
Avropa komissiyasının ayırdığı qrantların 60 faizi AXCP və Müsavata çatır
Layihələrin məxfiliyini qorumaq üçün istifadə edilən variantlardan biri də vəsaitin qrant layihəsini “udan” təşkilatın deyil, vasitəçi qurumların bank hesabına yönləndirilməsidir. 2003-2005-ci illərə qədər bu məqsədlə yalnız qeydiyyatı olan QHT-lərdən istifadə olunurdu.  Məsələn, layihəni SMM-in icraçı direktoru Anar Məmmədli “udurdu”, amma onun qeydiyyatı olmadığı üçün qrant vəsaiti hissələrə bölünərək SMM koalisiyasında birləşən və dövlət qeydiyyatı olan digər təşkilatların hesabına köçürülürdü. Bu yolla həm vəsaitin həqiqi ünvanı gizlədilirdi, həm də pul hədəfə çatdırılırdı. SMM-ə çoxlu təşkilatların cəlb edilməsinin bir səbəbi də bu idi.  Sonradan bu variant daha optimal bir üsulla əvəzləndi. Mətbuatın qeydiyyatı asan olduğu üçün heç bir fəaliyyəti olmayan qəzetlər təsis edildi və onların bank hesablarına vəsait köçürülməsinə başlandı. Məhz bu variant işə salındıqdan sonra Anar Məmmədli digər QHT-ləri SMM-dən uzaqlaşdırdı və onu Demokratiyanın Tədrisi və Seçkilərin Monitoringi Mərkəzinə çevirdi. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, A.Məmmədli tərəfdaşı Teyyub Mirqasımlının təsis etdiyi “Şirvan Nyus” qəzetinin bank hesabından fəal istifadə edib. Göründüyü  kimi, 2009-cu ildən sonrakı dövrdə Avropa Komissiyasının xəttilə Azərbaycan QHT-lərinə verilmiş vəsaitlərin, o cümlədən 2012-ci ildə ayrılmış 2.7 milyon avronun hansı məqsədlər üçün istifadə olunması və kimlərə çatmasının tam mənzərəsi aydın olur. Bu vəsaitlər AXCP və Müsavatın nəzarətində olan QHT-lərə ayrılır və həmin pulların azı 60 faizi bu partiyalara çatdırılır.
AXCP müxtəlif xarici təşkilatlardan hər il milyonlarla ölçülən vəsait alır
Bir müddət əvvəl Avropa ölkələrinin səfirlərinin “ictimai palata” adlanan qurumun nümayəndələri ilə görüşündə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin İsa Qəmbəri və Əli Kərimlini maliyyə probleminin olmayacağı barədə əmin etməsinin arxasında hansı məqamların durduğu da aydınlaşır. üstəlik, AXCP-nin ənənəvi olaraq alman fondları, xüsusilə də Fridrix Nauman Fondu ilə yaxınlığı onun bu kanal vasitəsilə də kifayət qədər ciddi maliyyə resursları əldə etdiyini göstərir.
Ancaq məsələ bununla da bitmir. Ədliyyə Nazirliyi  tərəfindən  2011-2012-ci illərdə  qeydiyyata alınmış  qrant müqavilələri haqqında məlumata görə,  AXCP-yə yaxınlığı ilə seçilən QHT-lər aşağıdakı həcmdə qrant alıblar:
- “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, AXCP üzvü olmuş Zöhrab İsmayılın rəhbəri olduğu “Azad İqtisadiyyata Yardım” İctimai Birliyi 2011-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyindən 15322 dollar, Dünya Bankından 10500 dollar, Revenue Watch Institute (ABŞ) 30000 dollar, “Asiya İnkişaf Bankı” üzrə QHT Forumundan 4720 dollar, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) 40250 dollar. 2012-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 5000 funt sterlinq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondundan 19615 dollar, NED-dən 42796 dollar, ABŞ-ın “Kounterpart İnterneşnl” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyindən 29448 manat. ümumilikdə iki ildə 210.000 dollar.  
- AXCP sədrinin həyat yoldaşının qohumu Səbuhi Qafarovun “Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti 2012-ci ildə ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan  34300 dollar;
- AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın qardaşı, Azərbaycan Hüquqçular Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli 2011-ci il üzrə ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan 36360 dollar;
-  AXCP-yə yaxınlığı ilə seçilən Azərbaycan Demokratiyanın İnkişafı  Fondu 2011-ci il üzrə ABŞ-ın Marşal Fondundan (GMF)  21800 dollar;
- Əli Kərimliyə yaxınlığı ilə seçilən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 2012-ci il üzrə Avropa Birliyindən  120.374 avro;
- AXCP rəyasət heyətinin üzvü İlham Hüseynlinin qardaşı, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli 2009-su il üzrə Avropa Birliyindən 128000 avro, 2011-2012-ci illər üzrə isə ümumilikdə təxminən 250 min avro.
Beləliklə, bəlli olan mənbələr hesabına 2011-2012-ci illərdə AXCP-yə yaxın QHT-lərə təxminən 800 min dollar vəsait ayrılıb. Şübhəsiz ki, bu vəsaitin 60 faizi, yəni 500 min dollara yaxını birbaşa Əli Kərimliyə çatıb. Qeydiyyatda olmayan və müəyyənləşdirilməmiş mənbələri də əlavə etsək, AXCP-nin müxtəlif xarici təşkilatlardan hər il milyonlarla ölçülən vəsait aldığı aydın olur.
Bu günə kimi məlum digər faktlar da AXCP-nin maliyyələşməsində xarici fondların, anti-Azərbaycan dairələrin rolu olduğunu birbaşa təsdiq edir. Vaxtilə Tbilisidə ermənilərlə görüşən və onlardan 2000 dollar alan Ruslan Bəşirli Əli Kərimlini nəzərdə tutaraq həmin görüşdə öz yoldaşına demişdi: “Osman, eşidirsən, mən bunun 500-nü aparıb toyumu-zadı həll edərəm. Min dolları da özünə verərik ki, bilsin. Sabah bir şey olanda, bizi müdafiə etsin, desin ki, elə şey yoxdur. Yoxsa, səni də, məni də asanlıqla uzaqlaşdırar”.
Yaxud da vaxtilə AXCP Göyçay rayon təşkilatının sədri Aqil Mahmudovun xarici təşkilatların birindən aldığı 25000 dollar qrantın Əli Kərimli tərəfindən mənimsənilməsi ilə bağlı qalmaqallı bəyanatlarını xatırlamaq yerinə düşər.
“Yadların silahı ilə qazanılmış qələbə həqiqi qələbə deyil”
Nikollo Makiavellinin  fikrincə, “yadların silahı ilə qələbə qazanmaqdansa, öz silahınla uduzmaq yaxşıdır, çünki,  yadların silahı ilə qazanılmış qələbə həqiqi qələbə deyil”. Bu gün xarici fondlardan qrantlar hesabına partiya saxlayan müxalifət başçıları həqiqətənmi bu yolla hakimiyyətə gəlməyin mümkünlüyünə inanırlar? Hətta, bu “qələbəni” fərziyyə etsək belə, bu, onların qələbəsimi olacaq? Ermənilərin, Azərbaycanı istəməyən xarici dairələrin pulu hesabına hakimiyyətə gələn qüvvələr xalqa əsil müstəqillik və azadlıq verə bilərlərmi? Əlbəttə yox. Bütün bu işbirliyinin arxasında müstəqillik illərində qazanılmış uğurları heçə endirmək, Azərbaycanı Liviyaya, Əfqanıstana döndərmək, ötən əsrin 90-cı illərinin əvvəlindəki xaos və anarxiya dövrünə qaytarmaq məqsədi durur. Buna görə də Azərbaycan xalqı, sıravi vətəndaş neobolşevizm metodları ilə mübarizə aparan qüvvələrə dəstək vermir. Vaxtilə Uinston çerçill bu metod haqqında deyirdi: “Bolşevizm siyasət deyil, xəstəlikdir... bu kredo yox, taundur. Hər bir taun kimi, bolşevizm gözlənilmədən ortaya çıxır, dəhşətli sürətlə yayılır, o, çox yolxucudur, xəstəlik ağır keçir və ölümlə nəticələnir. Hər bir ağır xəstəlik kimi bolşevizm geri çəkiləndə isə, insanlar uzun müddət özlərinə gələ bilmirlər. Yalnız illər keçdikdən sonra onların gözlərində dərrakə işıqlanır”.
Təəssüf ki, neobolşevizm dağıdıcı müxalifətin şüurunu və fəaliyyətini idarə edən aparıcı ideyaya çevrilib. özlərini “milli demokratlar” adlandıranların hakimiyyət hərisliyi onları cinayətə qədər sürükləyir.
AXCP-nin maliyyəsi həm də cinayətkarlıq vasitəsilə əldə olunmuş vəsaitlər hesabına formalaşır
Faktların ardıcıl təhlili göstərir ki, dağıdıcı müxalifətin, o cümlədən AXCP-nin maliyyəsi həm də cinayətkarlıq vasitəsilə əldə olunmuş vəsaitlər hesabına formalaşır. Məlumdur ki, 2009-cu ildə Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin daxil olduğu cinayətkar dəstə Bakının Nəsimi rayonundakı Cavadxan küçəsində yerləşən mənzildən 200 min dollar və külli miqdarda zinət əşyaları qarət etmişdi. Keçirilən axtarış tədbirləri nəticəsində onlardan silah, pul və texniki vasitələr götürülmüşdü. Qabil Məmmədrzayev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Həmin dövrdə media aktiv şəkildə qarət olunan vəsaitin AXCP-nin maliyyələşdirilməsinə yönəldildiyini israr edir, AXCP-nin kriminalla bağlılığının araşdırılması tələbini irəli sürürdü.
Son bir neçə ayda baş vermiş hadisələr təsdiq edir ki, media öz israr və tələbində heç də haqsız deyilmiş. ölkənin cənub regionunda, daha dəqiq desək, Cəlilabad rayonunda baş verən bir neçə cinayət hadisəsi AXCP-nin narkotrafik və narkotik vasitələrin yayılmasında rolu olduğu, əldə edilmiş külli miqdarda vəsaitin partiyanın ehtiyaclarına sərf edildiyi və ümumiyyətlə, bu partiyanın kriminalla bağlılığı barədə şübhələri gücləndirir.
2011-ci il sentyabrın 30-da isə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabadda keçirdiyi əməliyyat nəticəsində Cəlilabad rayon Şatırlı kənd sakini Məhərrəm Mirələmovun saxlanılması barədə xəbər yayıldı. Daxili İşlər Nazirlyindən verilən məlumata görə, əməliyyat nəticəsində Məhərrəm Mirələmovdan 3 kiloqram 14,8 qram heroin və 2 kiloqram 307 qram tiryək götürülmüşdü. Ən maraqlısı da odur ki, həmin Məhərrəm Mirələmli AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin atasıdır.
Görəsən, Kolumbiya narkokartelinin və vaxtilə bu ölkədə məşhur narkobaron olmuş Pablo Eskobarın belə qibtə edəcəyi bu həcmdə narkotik AXCP-nin rayon təşkilatı sədrinin atasında haradandır? Əlbəttə, bu suala obyektiv cavabı yalnız hüquq mühafizə orqanlarının araşdırması verəcək.
T.Mirələmlinin ətrafında yaranmış cinayətkar şəbəkə dağıdıldıqdan sonra Ə.Kərimli yeni yollar axtarmağa başlayıb
Lakin T.Mirələmlinin yaxın qohumları ilə bağlı hadisələr bununla bitmir. Belə ki, iyunun 2-də Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülməsi barədə məlumat yaydı. Xəbərə görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni bu il mayın 29-da saxlamaq üçün Şahin Soltanov adlı şəxsə veriblər. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Fikrət Mirələmov, Rahil və Şahin Gülüşovlar yaxalanıb, hər üçü barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülüb. Hazırda mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu hadisədə diqqəti çəkən məqam Fikrət Mirələmovun Təzəxan Mirələmlinin qardaşı, Rahil və Şahin Gülüşovların isə onun xalası oğlanları olmasıdır. Göründüyü kimi, AXCP Cəlilabad rayon təşkilatının sədri T.Mirələmlinin atası, qardaşı, digər yaxın qohumları, çox böyük ehtimalla İrandan Azərbaycana gətirilən narkotik vasitələrin bir qisminin qəbul edilməsini və yayılmasını həyata keçirən cinayətkar dəstədir. üstəlik, İran vətəndaşlarının da bu prosesdə yaxından iştirakı dəstənin transmilli xarakter daşımasından xəbər verir.
Bu cinayətkar şəbəkənin fəaliyyət müddəti, bu günə qədər realizə etdiyi narkotik vasitələrin miqdarı barədə hər hansı dəqiq məlumat əldə etmək çətindir. Ola bilər ki, istintaq zamanı daha böyük faktlar üzə çıxsın. Lakin ümumilikdə 3 kiloqram 14,8 qram heroin, 5,5 kiloqram tiryək və 3,5 kiloqrama yaxın həşişin pul ekvivalenti kifayət qədər böyükdür.
Maraqlıdır ki, nə T.Mirələmli, nə də onun qohumları dəbdəbəli həyat tərzi sürməyiblər, kasıb insanlar kimi tanınıblar. Onda belə bir sual çıxır ki, bu qədər narkotik vasitənin satışından əldə edilmiş vəsait haradadır?
Belə nəticəyə gəlmək olar ki, bu vəsaitlər də AXCP-nin maliyyələşməsinə yönəldilir. Əks təqdirdə Əli Kərimli AXCP-ni, “Azadlıq” qəzetini, cangüdənlərini, ailəsini saxlamaq, insanları pul-para hesabına mitinqlərə, qanunsuz aksiyalara çıxarmaq üçün ayrı haradan vəsait əldə edə bilərdi?!
İstisna deyil ki, AXCP sədrinin bu yaxınlarda İran mollalarına verdiyi dəstəyin arxasında da məhz cənubdan gələn narkotik axınında özünə yeni pay almaq niyyəti durur. T.Mirələmlinin ətrafında yaranmış cinayətkar şəbəkə dağıdıldıqdan sonra Ə.Kərimli yeni yollar axtarmağa başlayıb.
Əli KƏrimlinin əməlləri Babəki satan Səhl ibn Sumbatla dünyanı narkotiklərlə zəhərləyən Pablo Eskobarın əməllərinin məcmusudur
Məşhur bir kəlamda deyilir: “Sizə deyilənin əhəmiyyəti yoxdur, çünki həqiqətin hamısı deyilmir. Nə deyilməyinin də mənası yoxdur, çünki söhbət puldan gedir”. Əli Kərimlinin nə deməsindən asılı olmayaraq, o, həqiqəti demir və bütün iddialarının arxasında şəxsi maraq, pul, hakimiyyət hərisliyi dayanır. Onun əməlləri Babəki satan Səhl ibn Sumbatla dünyanı narkotiklərlə zəhərləyən Pablo Eskobarın əməllərinin məcmusudur. Yalan, qərəz, avantüra, qaragüruhçuluq, xəyanət, cinayət, öz ləyaqətini uca tutan insana xas olmayan xüsusiyyətlər onun xarakteridir.
Lalə Şövkət Hacıyeva haqlı olaraq Əli Kərimli haqqında deymişdi: “Kişilik xarakterdir, şalvar deyil”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 874 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30