Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Sovetski” tarixi memarlıq xüsusiyyətləri qorunmaqla müasir görkəmdə yenidən qurulacaq

“Sovetski” tarixi memarlıq xüsusiyyətləri qorunmaqla müasir görkəmdə yenidən qurulacaq

15.03.2014 [10:28]

Burada aparılan yenidənqurma işləri həm sözügedən ərazinin, həm də bütövlükdə paytaxt Bakının daha da gözəlləşməsinə, sakinlərin daha rahat həyat şəraiti ilə təmin olunmasına imkan verəcək
Məlum olduğu kimi, Azərbaycan gündən-günə inkişaf edir, ölkənin hər yerində böyük abadlıq, quruculuq işləri aparılır. Ölkənin simasının yenilənməsi və sürətli dəyişikliklər özünü paytaxt Bakıda daha qabarıq göstərir.  
Qeyd edək ki, Bakının abadlaşması təkcə tarixi binaların təmiri, ictimai obyektlərin tikintisi, infrastrukturun yenilənməsi və parkların, yaşıllıqların salınması ilə məhdudlaşmır. Paytaxtda gedən müsbət dəyişikliklər sakinlərə xoş istirahət və keyfiyyətli kommunal xidmətlərlə yanaşı, daha rahat və gözəl mənzillərdə yaşamaq imkanı yaradır.
“SOVETSKİ” SAKİNLƏRİ ÜÇÜN ƏLVERİŞLİ İMKAN
Bildiyimiz kimi, “Sovetski” adlanan ərazi Bakının qədim məkanlarındandır. Burada tikinti işlərinin plansız surətdə aparılması hazırda bölgəni normal yaşayış üçün imkanların məhdud olduğu əraziyə çevirib. Dar yollar, köhnələrək bir hissəsi sıradan çıxmış infrastruktur, bəzi tarixi binalar istisna olmaqla, ümumi qeyri-estetik görüntü “Sovetski”ni səciyyələndirən xüsusiyyətlərdir. Bu isə Bakının digər hissələrində, eləcə də, paytaxt qəsəbələrində yolların genişləndirilməsi, infrastrukturun bərpası, binaların təmiri və gözəl memarlıq üslubunda yeni tikililərin ucaldılması tendensiyası ilə ziddiyyət təşkil edir.
Digər tərəfdən, burada yaşayan sakinlərin bir çoxu həqiqətən də, daha geniş və gözəl şəraiti olan mənzillərdə yaşamaq istəyirlər. Belə olan təqdirdə, ərazidə abadlıq məqsədilə söküntülərin aparılması üçün vətəndaşların kompensasiya müqabilində köçürülməsi sakinlər üçün əsl imkandır. Üstəlik, bu proses tam könüllülük prinsipi əsasında həyata keçirilir. Xatırladaq ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır. “Sovetski” adlandırılan ərazidə evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 manat həcmində yuxarı hədd müəyyən olunub.
Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılaraq müstəqil ekspert rəyləri nəzərə alınıb. Belə ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünkü şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır. Bildirilir ki, müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilib.
Bunlarla yanaşı, qeyd olunan ərazidə sahəsi olduqca kiçik olan yaşayış yerlərinin sahiblərinin münasib kompensasiya ala bilmələri üçün belə sakinlərə müəyyən əlavə güzəştlərin ediləcəyi gözlənilir.
Beləliklə, öz əmlaklarını müvafiq qiymətə satmağa razı olanlar aidiyyatı qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Hazırda, 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb. Mülkiyyətini satmaq istəməyən ailələrin isə öz evlərində istədikləri müddətcə yaşamalarına maneçilik törədilmir.
YENİ PARK ƏLAVƏ GÖZƏLLİK VƏ RAHATLIQ YARADACAQ
Məlum olduğu kimi, “Sovetski” adlandırılan ərazidən insanların köçəcəyi təqdirdə bölgədə müxtəlif ictimai obyektlərin olacağı geniş park və yaşıllığın salınması gözlənilir. Bununla bağlı “Studioinsito” memarlıq studiyası Azərbaycan Şəhərsalma və Arxitektura Dövlət Komitəsinə öz layihəsini təqdim edib.
Layihəyə əsasən, sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Həmçinin, ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də, artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Yeganə yeni tikinti isə qədim Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklində nəzərdə tutulub, buraya geniş parkinq, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir.
Beləliklə göründüyü kimi, “Sovetski”də aparılacaq yenidənqurma işləri həm sözügedən ərazinin, həm də bütövlükdə Bakı sakinləri üçün olduqca əlverişli və münasib olacaq.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30