Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müəllimlik peşəsini seçən və yüksək bal toplayan tələbələrə xüsusi imtiyazlar tətbiq ediləcək

Müəllimlik peşəsini seçən və yüksək bal toplayan tələbələrə xüsusi imtiyazlar tətbiq ediləcək

19.07.2014 [11:03]

Təhsil Nazirliyinin qərarına əsasən, qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində müəllimlik ixtisasını birinci sırada qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək
Məlum olduğu kimi, Azərbaycanda təhsil sistemində çox böyük dəyişikliklər, müsbət dinamika müşahidə olunmaqdadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Azərbaycan dövlətinin mühüm prioritetlərindən biridir və bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir. Son illərdə görülən tədbirlərin nəticəsi olaraq, ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, minlərlə orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə infrastruktur məsələlərin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunur. Məsələn, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində indiyədək minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilib. Dərsliklərin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb və bu proses uğurla həyata keçirilməkdədir. Bundan başqa, ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi əsaslı şəkildə artıb. Həmçinin, tələbə təqaüdlərinin, tələbələrin təhsilə marağının artırılması və stimullaşdırılması istiqamətində də müxtəlif addımlar atılır. Belə ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər davam etdirilir. Təhsil Nazirliyi tərəfindən bu günlərdə qəbul olunmuş növbəti qərarlar da bu məqsədə xidmət edir. Yeni tədris ilindən isə müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla universitetə qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində müəllimlik ixtisasını birinci qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasından seçim ediləcək.
Əlbəttə ki, bu qərar təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya fakültəsinin dekanı, dossent Vaqif Həsənov deyib ki, Azərbaycanda uğurlu təhsil siyasəti həyata keçirilir. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu təhsil siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi, həmçinin, Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin üzvü Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər nəticəsində ölkəmizdə müasir standartlara cavab verən güclü təhsil sistemi formalaşmaqdadır: “Əlbəttə ki, bu prosesdə təhsil işçilərinin də rolu böyükdür. Çünki məhz təhsil işçiləri, müəllimlər gələcəyimiz olan gənclərimizin düzgün istiqamətdə tərbiyələnməsini, onların güclü, yüksək intellektual kadrlar kimi hazırlanmasını həyata keçirir. Müəllimlik peşəsi çox müqəddəs peşədir. Heç də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev deyirdi ki, mən dünyada müəllim adından yüksək ad tanımıram. O, həmişə müəllimlərə, təhsil işçilərinə yüksək diqqət və qayğı göstərirdi. Bu gün bu siyasi kurs cənab Prezidentimiz tərəfindən davam etdirilir”.
Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində müəllimlik ixtisasını birinci qeyd edən tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilməsindən danışan V.Həsənov vurğulayıb ki, bu qərar müəllimlik peşəsinin nüfuzunun, gənc nəslin bu sahəyə marağının artırılmasına, bu sahəni seçən gənclərin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı şərait yaradacaq: “Öz tələbə təqaüdü ilə yanaşı, əlavə 100 manat təqaüdün verilməsi, həmin tələbələrin valideynlərinin yardımı olmadan belə özlərinin bütün xərclərini ödəməsinə imkan verəcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrə daim diqqət və qayğı göstərildiyini də vurğulayan Kimya fakültəsinin dekanı əlavə edib ki, universitet rəhbərliyi tələbələrin biliyinin düzgün qiymətləndirilməsi, onların yüksək səviyyədə təhsil alması, intizam qaydalarına riayət etməsi üçün hər cür şərait yaradıb.
Yeri gəlmişkən qeyd edək ki, universitetin tələbələri də sözügedən qərarı yüksək qiymətləndiriblər. Universitetin magistri Günay Cəlilova vurğulayıb ki, Azərbaycan dövləti həmişə təhsilə, gənclərin savadlı, intellektual nəsil kimi yetişməsinə böyük diqqət və qayğı göstərir. Bu qərarın qəbul olunması bunu növbəti dəfə təsdiq edir. Təhsil Nazirliyinin bu qərarı həm də müəllimlik peşəsinin nüfuzunun artırılmasına xidmət edəcək.
Günel Əliyeva isə vurğulayıb ki, Azərbaycan cəmiyyətində həmişə müəllimlərə böyük hörmət nümayiş etdirilib: “Müəllimlərimiz bizi həmişə doğru yola çağırır, bizə bilik verir, həyata hazırlayır. Ona görə də, müəllimlik müqəddəs bir peşə hesab olunur. Doğrudur, son dövrlərdə müəyyən obyektiv səbəblərdən bu peşəyə maraq qismən də olsa azalmışdı. Amma artıq dövlət öz imkanları hesabına gənclərin bu sahəyə maraq göstərməsini stimullaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir ki, sonuncu qərar da bunlardan biridir”.
Ülkər Quliyeva da ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini söyləyib: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” deyən Ümummilli liderimiz Heydər Əliyev daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndər tərəfindən təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. Eyni zamanda, inkişaf etmiş dövlətin qurulması üçün birinci amilin yüksək təhsil səviyyəsinin olmasını bəyan edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Yəni, təhsil sahəsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.
Aygül Səfərova isə ADPU-da tələbələrə yaradılan şəraitdən danışıb. Onun sözlərinə görə, bu təhsil müəssisəsində gələcəyin müəllimləri hazırlanır: “Ona görə də, burada təhsilə diqqət daha çox göstərilməlidir ki, biz bu gün bunun əyani şahidiyik. Müəllim olmaq istəyən tələbələrə əlavə təqaüdlərin verilməsini də yüksək qiymətləndirirəm. Bir tələbə olaraq əlbəttə ki, bu məni çox sevindirir. Hər halda, bunun nə demək olduğunu gələcəkdə burada təhsil alan tələbələr özləri daha yaxşı anlayacaqlar. Çünki bu, onların yalnız öz təhsilləri ilə məşğul olmalarına, bilikli, bacarıqlı kadrlar kimi yetişmələrinə imkan verəcək”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1166 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30