Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bir gəncin etirafı...

Bir gəncin etirafı...

30.10.2014 [10:12]

Keçmiş “Nida”çı Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etdi
Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bu siyasətin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası, eləcə də reinteqrasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin, amnistiya aktlarının qəbul olunması təşkil edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 80 nəfər cəzasının çəkilməmiş hissəsindən, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamda qeyd olunur ki, əfv olunan şəxslər onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsasında müəyyənləşdirilir.
Dolayısıyla, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı humanizm siyasətinin növbəti nümunəsini təşkil edir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilir.
Qeyd edək ki, əfv Sərəncamının icrası nəticəsində müxtəlif ideoloji vasitələrlə manipulyasiya edilmiş, müəyyən dağıdıcı qruplar tərəfindən qeyri-qanuni fəaliyyətə yönəldilmiş və nəticə etibarilə, qanunun aliliyi prinsipi əsasında hüquqi məsuliyyətə cəlb olunmuş bir sıra gənclər də azadlığa buraxılıb.
Ümumiyyətlə, demokratik cəmiyyətdə hər bir hadisə və proses fərdlərin müstəqil iradəsinə - sərbəst qərar qəbul etməsinə söykənir. Başqa sözlə, bu şərait fərdlərin öz iradələri əsasında sərbəst fəaliyyət göstərmələrinə, hüquq və azadlıqlarından istifadə etmələrinə real zəmin yaradır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal təmayüllü müxtəlif təşkilatlar ideoloji-siyasi müstəvidə gənclərdən istifadə edərək onları dağıdıcı siyasi proseslərə cəlb edirlər. Bu isə yolverilməzdir. Xüsusilə də, demokratiya elə bir ictimai-siyasi mühit deyil ki, cəmiyyətin ən dinamik təbəqəsini təşkil edən gənclər ekstremist təfəkkür əsasında radikal siyasi proseslərə cəlb olunaraq cəmiyyətdən təcrid olunsunlar. Bu, bütün hallarda cəmiyyətdə təşəkkül tapmış dəyərlərə, o cümlədən milli maraqlara ziddir.
Məhz Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı bu sosial gerçəkliyi bir daha aşkar etdi. Növbəti dəfə bəlli oldu ki, cəmiyyətin funksional vahidi olan fərdlər, o cümlədən, ən dinamik təbəqə qismində çıxış edən gənclər milli dəyərlər və maraqlara müvafiq olaraq fəaliyyət göstərməli, milli mənafedən irəli gələn çağırışlara cavab verməlidirlər.
Yeri gəlmişkən, dövlətimizin başçısının imzaladığı əfv Sərəncamı ilə azadlığa çıxmış keçmiş “Nida”çı Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün müraciət edib. Partiyanın Xaçmaz rayon təşkilatına yazdığı ərizədə E. Mürsəlli bəzi müxalifətyönümlü qüvvələrin təsirinə düşdüyünü deyərək müəyyən etiraflar edib: “... Narkotik ittihamı ilə həbs olunduğum üçün müxalifyönlü təşkilatlar, qəzetlər məni “siyasi məhbus” kimi qələmə verdilər. Sonradan “Nida” Vətəndaş Hərəkatı mənə əgər onlara qoşularamsa, məni azad etdirəcəklərinə söz verdi, mənim “Nida” Vətəndaş Hərəkatına üzv olmağımı istədilər, mən onların sözünə inanaraq “Nida”ya üzv oldum”.
Keçmiş “Nida”çı bundan öncə səhv yolda olduğunu etiraf edərək sözlərinə davam edib: “Bütün bunları görərkən səhv yolda olduğumu dərk edərək, bilmədən bu yola qoşulduğumu və cavan olduğumu nəzərə alacağını düşünərək möhtərəm Prezident cənab İlham Əliyevə əfv üçün müraciət etdim. Çox keçmədi ki, cənab Prezident mənim gəncliyimi və etirafımı nəzərə alaraq məni əfv etdi. Mənə bildirəndə ki, cənab Prezident tərəfindən əfv olunmuşam, sevincimin həddi-hüdudu yox idi. Mən mətbuat vasitəsilə cənab Prezidentə özümün və ailəmin adından öz təşəkkürümü bildirdim. Azadlığa çıxarkən birinci Ulu öndərin məzarını ziyarət etmək istədiyimi bildirdim və ziyarət etdim. Sonra isə evimizə gəldim”.
“Son bir ildə Azərbaycanda baş verən inkişafın bir daha gözümlə şahidi oldum və qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum”, - deyə E.Mürsəlli qeyd edib.
Beləliklə, ərizənin məzmunu yuxarıda söylənilən fikirləri təsdiq edir. Xüsusilə də bir daha aşkar olunur ki, gənclər milli dəyərlər və maraqlara uyğun fəaliyyət göstərməli, hansısa radikal təmayüllü təşkilatların təsirinə düşərək özlərini cəmiyyətdən, sağlam fəaliyyət imkanlarından təcrid etməməlidirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30