Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 10 ildə addım-addım yeni uğurlara doğru

10 ildə addım-addım yeni uğurlara doğru

06.12.2014 [11:53]

Gəncə Avtomobil Zavodu Azərbaycanda daxili tələbatın ödənilməsinə sanballı töhfələr verir
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunan və respublikada sənayenin üstün inkişafına dövlətin güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyən “Sənaye ili” çərçivəsində baş verən ən əlamətdar hadisələrdən biri də, heç şübhəsiz ki, Azərbaycanın sənaye xəritəsində özünəməxsus yer tutan Gəncə Avtomobil Zavodunun fəaliyyətə başlamasının 10 ilinin tamam olmasıdır. Bu günlərdə yubiley tarixini qeyd edən kollektivin ötən 10 ildə qazandığı nailiyyətlər “Sənaye ili”nə dəyərli töhfələrdir. Əslində, bu iki əlamətdar tarixin üst-üstə düşməsi rəmzi məna daşıyır və Gəncə Avtomobil Zavodunun uğurlarının timsalında müstəqil Azərbaycanın sənaye potensialının daha da artmasını təcəssüm etdirir.
Azərbaycan güclü sənaye potensialına malik olan ölkədir
İnnovasiyaların ön plana çıxdığı müasir dövrdə ölkələrin sənaye potensialının artması daha böyük aktuallıq kəsb edir. Bu nöqteyi-nəzərdən müstəqil respublikamızın gələcəyi nikbinlik doğurur. Bu da, ilk növbədə, onunla bağlıdır ki, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi sahədə müasir dünya çağırışlarını nəzərə alaraq qarşıya qoyduğu yeni paradiqmalar sırasında müasir sənaye quruculuğu mühüm yer tutur. Respublikamızın uğurlu inkişafının qeyri-neft sənayesinin hesabına təmin edilməli olduğuna dəfələrlə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik”.
Hazırda ölkə iqtisadiyyatının inkişaf dinamikasında müşahidə edilən əsas cəhət qeyri-neft sektorunun, o cümlədən sənayenin üstün artımı ilə bağlıdır. Məlumdur ki, uzun illər ərzində neft sektoru Azərbaycan iqtisadiyyatında lokomotiv rolunda çıxış edib və bu gün də üstün mövqeyini qoruyub saxlamaqdadır. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirləri uğurla ölkənin gələcəyini təmin edəcək sahələrə, o cümlədən də modern sənaye quruculuğuna yönəldilir. Son illərdə respublikamızda sənayenin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur, davamlı enerji təchizatı sistemi yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli tələbatı ödəyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Dövlət başçısı iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin üstün inkişafına stimul yaradan bir sıra Fərman və sərəncamlar imzalayıb.
Ölkəmizdə sənayenin inkişafına göstərilən diqqət öz növbəsində bu sahədə dinamik artıma səbəb olub. Nəticədə, 10 il ərzində ölkəmizdə qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən sənaye məhsulu istehsalı 3,1 dəfə artıb. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiya siyasəti sayəsində respublikanın sənaye xəritəsi daha da zənginləşib.
Gəncə Avtomobil Zavodunun yaradılmasında Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi həlledici rol oynayıb
Məlumdur ki, Azərbaycanın sənaye xəritəsinin zənginləşməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində böyük uzaqgörənlik nümayiş etdirərək Azərbaycanda yeni-yeni iri sənaye müəssisələrinin yaradılmasına çalışırdı. Gəncə Avtomobil Zavodu da məhz Ümummilli lider Heydər Əliyevin səyləri sayəsində yaradılan müəssisələrdən biridir. Məlum olduğu kimi, hələ ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın da daxil olduğu keçmiş ittifaqda yeni avtomobil zavodunun yaradılması ilə bağlı müzakirələr aparılırdı. Moskvada güclü dayaqlara malik olan ermənilər havadarlarının köməyindən istifadə edərək yeni avtomobil zavodunun Ermənistanda inşasına nail olmaq üçün xüsusi canfəşanlıq göstərirdilər. Lakin Ümummilli lider Heydər Əliyevin keçmiş ittifaqdakı böyük nüfuzu və qətiyyəti yeni layihənin məhz Azərbaycanda reallaşdırılması ilə nəticələndi. Ulu öndər Heydər Əliyev özünəxas müdrikliklə respublikamızın yeni avtomobil zavodunun inşası üçün hər cəhətdən uyğun məkan olduğunu əsaslandırdı. Beləliklə, 1986-cı ildə ulu Nizaminin Vətənində-Gəncədə avtomobil zavodunun təməli qoyuldu. Layihəyə əsasən, müəssisədə ildə 30 min ədəd ortatonnajlı avtomobil istehsalı nəzərdə tutulmuşdu. Zavodun tikintisini 1989-cu ilin sonlarınadək tamamlamaq planlaşdırılırdı. Lakin keçmiş ittifaqda baş verən sonrakı proseslər layihəni axıradək reallaşdırmağa imkan vermədi. Belə ki, Sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi də yarımçıq qaldı.
Məlum olduğu kimi, son 10 ildə Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf mənzərəsini tamamlayan cəhətlərdən biri də ölkəmizdə müəyyən səbəblərdən tikintisi vaxtilə yarımçıq qalan müəssisələrin inşasının tamamlanaraq fəaliyyət dövrəsinə qatılmasıdır. Gəncə Avtomobil Zavodu da məhz Ümummilli liderin hər sahədə başladığı işləri uğurla irəli aparan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində, necə deyərlər, ikinci nəfəs qazanıb. Müəssisədə tamamlama işləri uğurla yekunlaşıb və 2004-cü ilin dekabrında zavodun konveyerindən ilk avtomobil buraxılıb. Zavodda ilk olaraq “OKA” markalı avtomobillər yığılıb. Zavodun ilk məhsulu Qarabağ müharibəsinin döyüşçülərinə qismət olub. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 Qarabağ müharibəsi əlili və Böyük Vətən müharibəsi iştirakçısı Gəncə Avtomobil Zavodunda yığılan “OKA” avtomobillərinin sükanı arxasında əyləşiblər.
Azərbaycanın sənaye xəritəsində özünəməxsus yeri olan müəssisə daxili tələbatın ödənilməsinə sanballı töhfələr verir
Gəncə Avtomobil Zavodunun Azərbaycanın sənaye xəritəsində özünəməxsus yeri, ilk növbədə, bu müəssisənin istehsal təyinatı ilə bağlıdır. Məlumdur ki, avtomobil istehsalı Azərbaycanda ənənəvi olmayan bir sahədir. Bu cəhət respublikamızda sözügedən sahənin flaqmanı olan Gəncə Avtomobil Zavodunun kollektivinin məsuliyyətini daha da artırır.
Gəncə Avtomobil Zavodu üçün digər bir xarakterik cəhət isə müəssisənin istehsalının, ilk növbədə, daxili tələbata istiqamətlənməsi ilə bağlıdır. Belə ki, son illərdə dünyada ərzaq təhlükəsizliyi probleminin ciddi şəkildə gündəmə gəlməsi, eləcə də ölkəmizdə fəal məşğul əhalinin təxminən 40 faizinin kənd təsərrüfatında çalışması respublikamızda aqrar sektorun inkişafına diqqəti artırmağı daha da aktuallaşdırıb. Gəncə Avtomobil Zavodu da fəaliyyətini məhz kənd təsərrüfatında texnikaya, o cümlədən traktorlara, kombaynlara, müxtəlif qoşqulara olan tələbatın ödənilməsinə yönəldib.
Müəssisədə 2007-ci ildən etibarən uğurla istehsal olunan “Belarus” markalı traktorlar, eləcə də kombaynlar, qoşqular respublikamızda bu qəbildən olan kənd təsərrüfatı texnikasına tələbatın ödənilməsinə öz töhfəsini verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ 2009-cu ildə müəssisənin respublikamızda kənd təsərrüfatı texnikasına olan tələbatın ödənilməsinə verdiyi töhfədən məmnunluğunu ifadə edərək vurğulayıb: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq”.
Qeyd edək ki, 2007-2014-cü illlər ərzində “Aqrolizinq” ASC tərəfindən təkcə Gəncə Avtomobil Zavodundan 4500-dən çox müxtəlif gücə malik “Belarus” markalı traktor, 3 mindən çox kotan və traktor qoşquları alınaraq güzəştli şərtlərlə hüquqi və fiziki şəxslərə lizinqə verilib.
Xaricdəki oxşar istehsalatlarla əlaqələr müəssisənin fəaliyyətinin genişlənməsində mühüm rol oynayır
Gəncə Avtomobil Zavodunun ilk məhsulu olan “OKA” markalı avtomobillərin istehsalı 2004-cü ilin dekabr ayında Rusiyanın Naberejni Çelnı şəhərindəki avtomobil zavodu ilə bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. 2005-ci ilin mayında isə Gəncə Avtomobil Zavodu ilə Rusiyanın “UAZ” Açıq Səhmdar Cəmiyyəti arasında razılaşma imzalanıb və müəssisədə “UAZ” avtomobillərinin istehsalı təşkil olunub.
Gəncə Avtomobil Zavodunun Çinin “Can Qan” və “Li Fan” avtomobil korporasiyaları ilə əməkdaşlığı da uğurlu olub. Sözügedən korporasiyalarla imzalanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq 2005-ci ilin oktyabr ayında Gəncədə “Can Qan” avtomobillərinin istehsalına başlanıb. Müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımı təşkil olunub. Əlamətdar haldır ki, modellərdən 3-nə “GƏNCƏ” adı verilib.
2006-cı ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə bu ölkənin dövlət başçısı ilə razılaşma Gəncə Avtomobil Zavodunun fəaliyyətinin genişlənməsində mühüm rol oynayıb. 2007-ci il mart ayının 27-də Gəncə Avtomobil Zavodunun konveyerindən “Belarus” markalı ilk traktor buraxılıb. Paralel olaraq müəssisədə “MAZ” markalı yük avtomobillərinin yığımı da təşkil olunub. Ağırtonnajlı yük avtomobillərinin istehsalı üçün müəssisədə əlavə texnoloji xətt quraşdırılıb və “GƏNCƏ” və “PƏHLƏVAN” adlı ağırtonnajli yük avtomobillərinin istehsalı mənimsənilib.
Gəncə Avtomobil Zavodu, həmçinin, Almaniyanın “Haller” şirkəti ilə əməkdaşlıq qurub. Sözügedən şirkət kommunal təyinatlı avadanlıq istehsalı sahəsində dünyada tanınmış şirkətlərdəndir. 2010-cu ilin mart ayında Almaniyanın “Haller” və Belarusun Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə əsasında zavodda daha bir istehsalat sahəsi istifadəyə verilib. Burada “MAZ” avtomobillərinin bazasında “Haller”in kommunal təyinatlı texnikasının istehsalına başlanılıb.
Müəssisənin 10 illik yubileyi yüksək əmək göstəriciləri ilə qarşılanıb
Onu da vurğulamaq yerinə düşər ki, Gəncə Avtomobil Zavodunun kollektivi müəssisənin 10 illik yubileyini yüksək əmək göstəriciləri ilə qarşılayıb. İndiyədək Gəncə Avtomobil Zavodunda 5160 ədəd traktor istehsal olunub ki, onlardan da 4631-i dövlət sifarişi əsasında “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib.
Cari ilin ötən dövrü Gəncə Avtomobil Zavodu üçün uğurlu olub. Ötən illə müqayisədə cari ilin 10 ayında müəssisədə istehsalın həcmi əsaslı şəkildə artıb. Belə ki, 2013-cü ilin 10 ayında müəssisədə istehsalın həcmi 35,9 milyon manat olduğu halda, cari ilin müvafiq dövründə bu göstərici 57,7 milyon manata çatıb.
İndi müəssisədə 2 modeldə mini-traktorlar istehsal olunur. Minsk təkərli dartıcılar zavodu ilə bağlanan müqaviləyə əsasən, zavodda iritonnajlı yük maşınları və ağır yüklərin daşınması üçün nəzərdə tutulan treylerlərin yığımına da başlanıb. Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. “MAZ” markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları və s. istehsal edilir.
Beləliklə, yuxarıda sadalananlar Gəncə Avtomobil Zavodunun 10 ildə addım-addım yeni uğurlara doğru irəlilədiyini təsdiqləyir.
Nadir AZƏRİ
“Gəncə Avtomobil Zavodu”
İstehsalat Birliyinin 10 illik
yubileyi münasibətilə
jurnalistlər arasında keçirilən
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30