Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkədə qiymət artımı müşahidə olunmur

Ölkədə qiymət artımı müşahidə olunmur

25.02.2015 [01:14]

Dövlət orqanları vəziyyətə ciddi nəzarət edir
Sirr deyil ki, hazırda ayrı-ayrı ölkələr üçün qlobal təhdidlərdən biri də ərzaq təminatı ilə bağlıdır. İndiki şəraitdə ərzaq təhlükəsizliyi hər bir ölkə üçün ciddi önəm kəsb edir. Ölkəmizdə də ərzaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması strateji əhəmiyyət daşıyır. Son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi kimi, daxili tələbatın, o cümlədən də, ərzaq təminatının yerli istehsal hesabına təmin olunması istiqamətində ciddi tədbirlər reallaşdırılıb. Nəticədə, respublikaya mal və xidmətlərin istehlakı əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər ərzində ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi sayəsində idxalın təxminən 20 faizədək azalması xarici ticarət balansına müsbət təsir edib. Artıq Azərbaycanın ixracı idxalı təxminən 2,6 dəfə üstələyir.
O da məlumdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 fevral 2015-ci il tarixindən etibarən yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərar qəbul etməsi cəmiyyətdə birmənalı olaraq zəruri iqtisadi-maliyyə tədbiri kimi qarşılansa da, ölkəmizdəki daim “bulanıq suda balıq tutmaq istəyən” qüvvələr yenidən “fəallaşaraq” mövzu ətrafında qeyri-adekvat manipulyasiyalar etməyə çalışırlar. Bu ünsürlər qeyri-obyektiv olaraq iddia edirlər ki, guya, ölkədə ərzaq mallarının qiyməti bahalaşıb, inflyasiya ikirəqəmli səviyyəyə qalxacaq, əhalinin sosial vəziyyəti pisləşəcək. Əlbəttə, qaragüruh qüvvələrin bu kimi cəfəng, ölkəmizin reallığını əks etdirməyən iddialarının heç bir əsası yoxdur. Dövlət orqanlarının süni qiymət artımının qarşısını almaq üçün atdıqları müvafiq addımlar, paytaxtımızdakı böyük supermarketlərdə və iaşə müəssisələrində, restoranlarda apardığımız müşahidələr, həmçinin, ölkəmizdə istehsal sahəsində xüsusi fəallıq göstərən şirkətlərin açıqlamaları da bunu təsdiq edir.
İqtisadiyyat və Sənaye Nazirliyi: Çörək və çörək məhsullarının qiyməti qalxmayacaq
Öncə onu deyək ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə bildiriblər ki, aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.
Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.
“Veysəloğlu” MMC: Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz
Yeri gəlmişkən, bundan öncəki yazımızda son günlər ərzaq məhsullarının bahalaşması ilə bağlı yayılan şayiələrə ölkənin böyük ərzaq istehsalçılarından biri olan “Azərsun” Holdinqdən verilən açıqlama öz əksini tapmışdı. Eyni zamanda, digər iri istehsal şirkətləri də qiymət artımı ilə bağlı iddiaları təkzib ediblər. Məsələn, “Veysəloğlu” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, heç bir süni qiymət artımından söhbət gedə bilməz: “Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi “Veysəloğlu” şirkətinin distribüterlik etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq. Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək. Lakin bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Şirkət distribüterlik etdiyi məhsulları bu gün də köhnə qiymətlərlə topdan və pərakəndə satış mərkəzlərinə təqdim etməkdədir”.
Açıqlamada, həmçinin, “bu gün ictimaiyyətdə “Veysəloğlu” şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət artımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, “Veysəloğlu” şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib. “Veysəloğlu” şirkəti olaraq topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırırıq ki, bu kimi hallar ilə rastlaşdıqda şirkətdə yaradılmış: 050 254 54 29 vasitəsilə əlaqə saxlayaraq qaynar xəttə məlumat versinlər” deyilir.
Bundan başqa, “Avrora”, “Atropatena” kimi şirkətlər də qiymət artmının gündəmdə olmadığını bəyan ediblər.
İaşə və xidmət müəssisələrində də qiymət artımı yoxdur
Eyni zamanda, restoranlarda və digər xidmət müəssisələrində qiymətlərin artırılması ilə bağlı iddialar da həqiqətdən uzaqdır. Bunu apardığımız araşdırmalar da bir daha təsdiqlədi. Məsələn, baş çəkdiyimiz paytaxtın Səbail rayonunda yerləşən “Elif” restoranlar şəbəkəsinin və “Anadolu” restoranlar şəbəkəsinin restoranlarında heç bir qiymət artımı baş verməyib. Digər restoranlarda da oxşar vəziyyət mövcuddur. “Elif” restoranının əməkdaşları bizimlə söhbətlərində bildirdilər ki, hazırda qiymətlərin artırılması ilə bağlı heç bir zərurət yoxdur. Çünki nə istifadə olunan ərzağın qiymətində, nə də enerji daşıyıcılarının qiymətində dəyişiklik olmadığı üçün qiymət artımına lüzum görmürlər.
Marketlərdə qiymət artımını müşahidə etmədik...
Şayiələrə aydınlıq gətirmək məqsədilə şəhərin bir neçə supermarketinə də baş çəkdik. Olduğumuz supermarketlərin böyük əksəriyyətində ərzaq mallarında heç bir bahalaşma halına rast gəlmədik. İlkin olaraq baş çəkdiyimiz “Fresko” supermarketindən bizə bildirdilər ki, onların mağazasında heç bir qiymət artımından söhbət gedə bilməz. Əksinə, adı çəkilən supermarketdə qiymətlərdə müəyyən endirimlər olub. Vitrinlərdə yapışdırılan qiymətlərin kənarlarında olan tarixlər də diqqətimizdən yayınmadı. Tarixlərin böyük əksəriyyəti ötən ilin dekabrının son günlərini göstərirdi. Bu isə ondan xəbər verir ki, supermarketdə sonuncu dəfə qiymətlər ötən ilin dekabrında dəyişdirilib.
İkinci baş çəkdiyimiz supermarket isə “Kontinental” oldu. Burada da öyrəndik ki, südün, qəndin, çayın, makaronun, vermişelin, unun, o cümlədən, ağartı, ət məhsullarının, yağın, şirniyyatın qiymətləri dəyişməyib. Hətta idxal məhsulları belə əvvəlki qiymətdə qalıb. Satıcılarla söhbət zamanı bizə bildirdilər ki, hazırda həmin supermarketdə istehlak məhsullarının 70 faizini yerli istehsal təşkil edir. Bununla belə, xaricdən gətirilən xammalların, şirniyyat və ət məhsullarının, içməli suların qiymətləri Mərkəzi Bankın məlum qərarına qədər necə olubsa, elə də qalıb. Yəni, heç bir qiymət artımından söhbət belə gedə bilməz.
Eyni zamanda, hazırda Azərbaycanın iri supermarketlər şəbəkəsi olan “Bazarstore”da da hər hansı qiymət artımı müşahidə etmədik. Şəhərin müxtəlif yerlərində baş çəkdiyimiz “Bazarstore”nin supermarketlərində qiymətlər fevralın 21-dən əvvəl olduğu kimi idi.
Sadə vətəndaşlar da qiymətlərin artmadığını deyirlər
Müşahidə apardığımız supermarketlərdəki müştərilərlə də həmsöhbət olduq. Məsələn, həmsöhbət olduğumuz müştərilərdən Elza Məmmədquliyeva “Supermarketdə alış-veriş edərkən heç bir qiymət artımına rast gəlmədim” - dedi. Onun sözlərinə görə, bəzi işbazlar bilərəkdən süni şəkildə qiymətləri artırmağa çalışırlar və əhali arasında yayılan şayiələr də bundan irəli gəlir: “Amma mən hər kəsi bu şayiələrə inanmağa çağırıram. Bir daha deyirəm ki, marketdən alış-veriş edən zaman heç bir qiymət artımına rast gəlmədim”.
Həmsöhbət olduğumuz Bəhruz Abdullayev də mütəmadi olaraq bazarlıq etdiyi supermarketlərin heç birində bahalaşmaya rast gəlmədiyini dedi: “Əlbəttə, mən də bir neçə gündür bu cür xəbərləri oxuyuram. Düzü, mənə qəribə gəlir ki, insanlar necə şahidi olmadıqları hallar haqqında belə rahatlıqla danışa bilirlər? Çox şükür ki, ölkəmizdə bolluqdur. Qısası, qiymət artımı ilə bağlı deyilənlər doğru deyil”.
Digər bir müştəri Əli Quliyev da heç bir bahalaşma halı ilə rastlaşmadığını deyir. Onun sözlərinə görə, deyilənlərin heç bir əsası yoxdur: “Bahalıq olsaydı, ya da mallar piştaxtalardan yığışdırılsaydı, bunları necə alardıq?”.
Digər bir alıcı Rüfət Yaqubov da qiymət artımı ilə bağlı deyilənləri təkzib edib: “Bilmirəm hansı bahalaşmadan danışırlar? Bütün bu şayiələri yayanlar görəsən nə məqsəd güdürlər? Birmənalı olaraq deyirəm ki, heç bir qiymət artımına rast gəlməmişəm”.
Oktay

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30