Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Turizmin inkişafına dövlət tərəfindən göstərilən qayğı öz bəhrəsini verir

Turizmin inkişafına dövlət tərəfindən göstərilən qayğı öz bəhrəsini verir

13.08.2016 [10:11]

Əcnəbi turistlərin yay aylarında ölkəmizin müxtəlif bölgələrinə kütləvi səfərlər etmələri deyilənləri təsdiqləyir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. Yəni ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul olunması hazırkı dövrdə effektiv iqtisadi siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Yeni iqtisadi kursun fonunda turizmin inkişafı istiqamətində müəyyən edilmiş tədbirlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi də diqqət mərkəzindədir. Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Beləliklə, respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.
Təbii ki, turizmin inkişafı üçün bu sektorda çalışanların peşəkarlığı da mühüm rol oynayır. Və bu istiqamətdə də mühüm işlər görülür. Məsələn, Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlim keçirilib. Hər iki müəssisə arasında imzalanmış memoranduma əsasən, yeni turizm klasterləri ilə bağlı regionlar üzrə ilk təlimlərdə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun 31 rayondan nümayəndələri iştirak edib.
Nizami Gəncəvi Muzeyində keçirilən tədbirdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev görülmüş işlər barədə məlumat verərək, iştirakçılara uğurlar arzulayıblar.
Asif Usubəliyev qeyd edib ki, yeni turizm klasterlərinin yaradılmasına, habelə turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihə davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. O, həyata keçirilən layihənin, eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, turizm potensialının təbliğinə, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, turizm, mədəniyyət və təhsil müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edəcəyini vurğulayıb.
Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.
Eyni zamanda, Xaçmazın kəndlərdəki qonaq evi sahibləri turistlərin qəbulu forması, onlara xidmətlərin təqdimatı, bələdçilik, nəqliyyat və digər xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəldilməsi məqsədilə iki günlük təlimlərə cəlb olunublar. Təlimlər “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Kiçik sahibkarlığın inkişafı məqsədilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı” layihəsi çərçivəsində keçirilir.
Kiçik sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən layihə üçün əvvəlcə rayonun istirahət zonalarında qonaq evlərinin sahibləri ilə görüşlər keçirilib, təlimlərə seçim aparılıb. Nabran istirahət zonasında keçirilən təlimlərdə kənd turizminin rayon iqtisadiyyatına təsiri, Xaçmazın turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Təlim zamanı qonaq evlərində qəbul qaydaları, nümunəvi xidmətin göstərilməsi yolları, turist marşrutlarının tərtibi qaydalarına aid tapşırıqlar həll edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində keçirilən təlimlər Xaçmaz və İsmayıllı rayonlarını əhatə edir.
Turizm imkanlarından danışarkən qeyd edək ki, Mingəçevir şəhərinin iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Kür çayının sağ və sol sahilini əhatə edən Mingəçevirdə ilin günəşli günlərinin sayı 250-yə çatır ki, bu da şəhərdə qış və yay turizminin inkişafına təkan verən amillərdəndir. Mingəçevirdə yay mövsümündə fəaliyyətə başlayan çimərlik yerli sakinlərin və şəhərə gələn turistlərin sevimli istirahət yerlərindən biridir. Mingəçevir su anbarının sahilində yerləşən çimərlikdə hər gün 3 minə yaxın insan dincəlir. Burada insanların normal istirahəti və onların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görülüb.
Şəhərdə 5 müasir otel və istirahət mərkəzi fəaliyyət göstərir və eyni vaxtda yüzlərlə turisti qəbul etmək imkanı var. İstirahət mərkəzlərində və otellərdə ötən illə müqayisədə bu mövsüm qiymətlər daha münasib, xidmət isə yüksək səviyyədədir. Bəzi otellər hətta Kür çayında gəmi ilə və kanatla ekskursiya xərclərini də öz üzərinə götürür, tarix muzeyinə və şəhərin görməli yerlərinə səfərlər təşkil edirlər. Bu otellərdə səhər yeməyi də daxil olmaqla 50-110 manata kimi olan otaqlar var. Yay mövsümü üçün qonaqlara edilən güzəştlər də çoxdur. Qida məhsullarının və yeməklərin qiymətlərində 10-12 faiz endirim tətbiq edilir.
Məlumdur ki, turizm sahəsi bacarıqlı mütəxəssislərin hesabına inkişaf edə bilər. Elə bu səbəbdən də ölkəmizdə turizm sahəsi üzrə ixtisaslı kadrlar yetişdirən iki təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan biri də Mingəçevir Turizm Kollecidir. Kollec mütəxəssis hazırlığı sahəsində dünyanın tanınmış təhsil ocaqları ilə əməkdaşlıq edir. Kollecin direktoru, professor Əyyub Əyyubov bildirib ki, son illər ölkəmizin otel və istirahət mərkəzlərində turistlərə xidmət mədəniyyəti xeyli yüksəlib, turistlərin qəbul edilməsi və yola salınması istiqamətində böyük təcrübə qazanılıb. Bu istiqamətdə Mingəçevir Turizm Kollecinin məzunlarının da xidməti var.
Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə Mingəçevirin yerləşdiyi ərazinin qədim tarixini özündə əks etdirən 15 minə yaxın eksponat saxlanılır. Kür çayının hər iki sahilindəki müasir parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Kürün sağ və sol sahillərini birləşdirən kanat yolu da turistlərin ixtiyarına verilib. Son bir ildə Mingəçevirdə aparılan böyük tikinti, quruculuq və abadlıq işləri də şəhərin minlərlə turist qəbul etməyə hazır olmasından xəbər verir. Heydər Əliyev parkında yeni inşa edilən “Mingo Park” istirahət və əyləncə mərkəzi, eləcə də Kür çayının kənarındakı “Sahil” parkı əsaslı şəkildə yenidənqurmadan sonra mingəçevirlilərin və şəhərə gələn turistlərin sevimli istirahət yerinə çevrilib.
Tez-tez başqa ölkələrdən, respublikanın digər şəhər və rayonlarından Mingəçevirə avarçəkənlər, müxtəlif sahələr üzrə idmançılar, turistlər gəlirlər. Yeri gəlmişkən, “Bakı-2015” Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışların Mingəçevirdə keçirilməsi şəhərin böyük potensialından xəbər verir.
Mingəçevirə gələn yerli və xarici turistlər həm də şəhər ərazisindəki qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri ilə maraqlanırlar. Hazırda Mingəçevirdə 27 mədəniyyət müəssisəsi, o cümlədən 16 kitabxana, 3 muzey, rəsm qalereyası və 9 abidə var. Mingəçevir Dövlət Dram Teatrının binası, Kür çayının üzərində ötən əsrin ortalarında salınan körpü də memarlıq abidələrinə aiddir. Turistlər Mingəçevirdə bütün bunları görməklə bərabər, şəhər sakinlərinin qonaqpərvərliyinin də şahidi olurlar. Mingəçevirlilərin qonaqlara, turistlərə qarşı münasibəti onlarda həmişə məmnunluq yaradır.
Azərbaycanın şimal-qərb qapısında yerləşən Balakən rayonunun əsrarəngiz təbiəti, zəngin flora və faunası burada turizmin inkişafı üçün əlverişli imkanlar açır. Rayon ərazisində yerli və xarici turistləri cəlb edə biləcək gözoxşayan təbiət guşələri və tarixi abidələr mövcuddur.
Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Rayonda ekoturizm, kənd yaşıl turizmi, həmçinin dağ, atçılıq, balıqçılıq və mədəni turizm inkişaf etdirilir. Balakənin təkrarolunmaz milli kulinariyası da turistləri daim özünə cəlb edir. Şəhərdəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı respublikamızın ən böyük parklarından biri hesab olunur. Burada turistlərə və rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilir. Parkda uşaqların, yeniyetmə və gənclərin, ahılların istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar turistlərin xidmətindədir. Müasir tələblərə cavab verən turizm infrastrukturu rayona gələn turistlərin sayının ildən-ilə artmasını şərtləndirən başlıca amillərdəndir. Statistik məlumatlara görə, cari ilin 6 ayında rayona 11 minə yaxın turist gəlib. Gələnlərin 4600 nəfərini xarici turistlər təşkil edib.
Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Zaqatala rayonu əsrarəngiz təbiəti - yamyaşıl dağları, meşələri, yaylaqları, şıltaq dağ çayları, şəlalələri, buz bulaqları, heyvanat aləmi, həmçinin ölkə və yerli əhəmiyyətli qədim tarixi abidələri ilə turistləri həmişə özünə cəlb edir. Rayonda ekoturizmin inkişaf etdirilməsi üçün çox əlverişli şərait var.
Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, XIX əsrə aid “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz qala”, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin əsrarəngiz təbiət guşələri, o cümlədən Zaqatala şəlaləsi, Xalxal gölü, Mazıx kəndindəki şəlalə turistlər üçün böyük maraq kəsb edir. Zaqatala Dövlət Təbiət Qoruğu rayonda ekoturizmin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Rayon ərazisində fəaliyyət göstərən “Qrata”, “Zaqatala”, “Turqut”, “İş” otellərində, “Calğalıq”, “Ləzzət” və digər istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir.
Zaqatalada kənd yaşıl turizm növü daha geniş yayılıb. İstirahət üçün Car, Meşleş, Mazıx, Yuxarı Çardaxlar kəndlərini seçən turistlər fərdi evlərdə qalmağa daha çox üstünlük verirlər. Sadə kənd evlərində yerləşən turistlər həm də kənd həyatı ilə daha yaxından tanış olmaq imkanı qazanırlar.
Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlardandır. Yay aylarında yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid dairəvi məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir.
Turistlərə xidmət göstərmək üçün Xan sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə bu mövsümdən etibarən asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan foto-atelyedə milli geyimlərlə fotolar çəkdirir, xüsusi çadır-söhbətgahlarda dincəlir, samovar çayına qonaq olurlar. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb.
Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq, hər gün qoruğun ərazisində turistlər üçün müxtəlif əyləncəli proqramlar, konsertlər, sərgilər təşkil edilir.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən şəbəkə ustası Hüseyn Hacımustafazadə və təkəlduz ustası Vəfa Mustafayevanın dediklərinə görə, son aylarda bura gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə, ərəb ölkələrindən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər. Xarici turistlərin bildirdiyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyil.
Ölkəmizin qərb bölgəsində Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Gədəbəy əsrarəngiz təbiəti ilə məşhurdur. Cəmi bir neçə dəqiqəyə 7 kilometrlik Yasamal aşırımının burma-burma, dolama yollarını qət etdikdən sonra insanın gözləri önündə açılan geniş təbiət mənzərəsi hər kəsi valeh edir. Hazırda Gədəbəydə şəhərin mərkəzində ölkənin müxtəlif bölgələrindən gələn yerli turistlərin qələbəliyi yaşanır. İndi qızmar yayın qovurucu istisindən yaxa qurtarmaq istəyən çoxlu sayda turist ailəvi olaraq Gədəbəyə üz tutur.
Son illərdə rayonda yaradılan infrastruktur isə istənilən sayda turistin, yerli və əcnəbi qonaqların burada qalmasına, eləcə də istirahətlərindən mənəvi zövq almasına imkan yaradır. Artıq neçə ildir ki, Gədəbəydə istər xarici, istərsə də yerli turistləri qarşılamaq və onlara yüksək səviyyəli mədəni xidmət göstərmək üçün “Aşağı Narzan”, “Yuxarı Narzan”, “Şirxan”, “Göyçə”, “Eldordo” kimi müasir istirahət məkanları fəaliyyət göstərir. İstirahət mərkəzlərində isə qonaqların məmnunluğunu qazanmaq üçün bir-birindən maraqlı və münasib xidmətlər təklif olunur.
Bununla yanaşı, Gədəbəydə kənd turizminin də inkişaf etdiyini görmək mümkündür. Demək olar ki, rayonda yaşayan əksər ailələr potensial olaraq evlərində 4-5 nəfər qonaq qəbul etmək və onlara mədəni xidmət göstərmək imkanına malikdir. Məhz kənd sakinlərinin mehriban və səmimi rəftarı, həmçinin bəzi insanların kənd həyatına maraq göstərməsi onları bu cür evlər kirayələməyə və istirahətlərini kənd ailələri ilə birgə keçirməyə vadar edir. Turistləri Gədəbəyə cəlb edən digər bir səbəb isə bu yerlərin həm də qədim və zəngin tarixə şahidlik etməsidir. Dağların zirvəsində, sərt yamaclarda, sıx meşəliklərin ortasında tikilən möhtəşəm qalalar, qalaçalar, məbədlər, körpülər və digər tarixi abidələr Gədəbəyin turizm əhəmiyyətini daha da artıran və bu yerləri hər kəs üçün unudulmaz edən əsas məkanlardır.
Bu arada Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi və Ukraynadan olan turistlər üçün Astara, Lənkəran və Lerik rayonlarına səyahətlər təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyi və “Euronews” telekanalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın cənub bölgəsində çay ənənələrinin təbliğ olunması ilə bağlı hazırlanmış süjetdən sonra Lənkəranda və Astarada olan çay plantasiyalarına və çayçılığa maraq artıb.
Rusiya və Almaniyadan olan turistlər Lənkəran Turizm və İnformasiya Mərkəzinə internet vasitəsilə müraciət ünvanlayaraq, süjetdə göstərilən çay plantasiyasına gəzintinin təşkil olunmasına kömək göstərilməsini xahiş ediblər. Mərkəz tərəfindən xarici turistlər üçün çay plantasiyasına gəzinti təşkil olunub. “Astaraçay” MMC-nin fabrikində turistlər üçün maraqlı tur keçirilib. Turistlər burada çayın istehsalı prosesi ilə yaxından tanış olublar.
Bununla yanaşı, Lənkəran, Astara və Lerikin zəngin təbiəti, mədəniyyəti, flora və faunası barədə turistlərə məlumat verilib, Hirkan Milli Parkına, bölgənin turizm baxımından görməli yerlərinə gəzintilər təşkil edilib. Əcnəbi turistlər göstərilən xidmətdən razılıqlarını ifadə edərək, növbəti ildə də cənub bölgəsinə səfərə gələcəklərini bildiriblər. Qeyd edək ki, bu ilin 6 ayı ərzində Lənkərana gələn turistlərin sayı 8 mini ötüb. Onların 14 faizini əcnəbi turistlər təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin, o cümlədən əcnəbi turistlərin sayı 15 faiz artıb.
Eyni zamanda, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SYNERGY Fond” qeyri-hökumət təşkilatı tərəfindən “Şəmkir rayonunda kənd əhalisinin sahibkarlıq imkanlarının inkişaf etdirilməsi” layihəsinin təqdimat mərasimi olub.
Mərasimdə qeyd olunub ki, Azərbaycanda kənd turizminin potensialının inkişafına dəstək olmaq üçün Şəmkir rayonunda “Kəndə gəl” pilot layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi kənd turizminin inkişafında kiçik və orta sahibkarların fəaliyyətini artıraraq, turizm sahəsində kəndlərin rolunu yüksəltməkdir. Bu yerlərin tanıdılması və turistlərin istifadəsinin asanlaşdırılması üçün kendegel.az yeni veb-saytı istifadəyə veriləcək. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin tur menecerlərinə bu yerlərin turizm potensialının əyani göstərilməsi üçün infotur təşkil olunacaq.
Turizmin inkişafı istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini verir. Belə ki, ötən altı ayda Naxçıvan Muxtar Respublikasına 188 minə yaxın turist gəlib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikanın turizm imkanlarının təbliğ olunması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenidən qurularaq 3 dildə istifadəyə verilib. “Naxçıvan Muxtar Respublikasının abidələr xəritəsi”nin, “Naxçıvan memarlıq abidələri” kataloqunun, “Gülüstan türbəsi” bukletinin hazırlanması istiqamətində işlər davam etdirilib, 10 adda reklam-informasiya materialı nəşr olunub.
Bu ilin ötən dövründə 20-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 47 turizm şirkətinə və bölgələrdə yerləşən 5 turizm informasiya mərkəzinə muxtar respublikanın turizm imkanları ilə bağlı məlumatlar göndərilib.
Bununla yanaşı, Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi istifadəyə verildiyi qısa müddət ərzində turistlərin marağını cəlb edib. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustunda açılışı olan kompleksin xidmətlərindən indiyədək xeyli sayda yerli və əcnəbi turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində 2016-cı ilin ilk yarısında 11 min 435 turist dincəlib. “Qalaaltı Hotel & SPA”nın xidmətlərindən yararlananların 9 min 605 nəfəri yerli, 1830 (19 faiz) nəfəri isə xarici ölkələrdən gələn turistlərdir. Şabran rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən altı ayda rayondakı tarixi abidə və muzeyləri 5 min 649 nəfər ziyarət edib ki, onların da 434 nəfəri əcnəbilərdir. Rayona gələn turistlər daha çox “Çıraqqala” Tarix-Memarlıq və “Şabran şəhəri” tarixi qoruqlarına maraq göstəriblər.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31