Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Soydaşlarımız vahid amal ətrafında birləşiblər

Soydaşlarımız vahid amal ətrafında birləşiblər

29.12.2016 [09:53]

31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi daxil olmuşdur. Bu istiqamətdə ilk addım Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da atılıb. Belə ki, həmin tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və imzası ilə hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına dair qərar qəbul edib.
Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı.
Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbi quruculuğu sahəsində fəaliyyət Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müasir Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, tarixi Vətən anlayışının inikası kimi qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin iradəsi ilə Azərbaycan Respublikası müstəqilliyimizin ilk illərindən dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başlanılmışdı. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu fəaliyyətin nə qədər genişmiqyaslı olduğunu təsdiqləyir.
Daha dəqiq desək, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə iş istiqamətində keyfiyyət və mahiyyətcə yeni mərhələ başlanmışdır.
Müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını Öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Onun müdrik siyasəti nəticəsində dünya azərbaycanlıları ilə iş dövlət əhəmiyyətli strateji məsələyə çevrilmişdir. Bu mühüm işin konsepsiyası - dünya azərbaycanlılarının xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməsi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların Vətəni sayılması, lobbiçilik perspektivi, azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılması da məhz Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya inteqrasiyası, iqtisadi-mədəni inkişafı, müstəqilliyimizin möhkəmlənməsində əhəmiyyətli rol oynamış çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, dəyərli tövsiyələrini verir, səfirliklərimizi bu işə cəlb edir, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka çağırırdı.
“Azərbaycan mənim ürəyimdir” - deyən Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür etmişdir ki, O, diaspor işini yalnız ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq deyil, ilk növbədə milli-mənəvi məsələ kimi irəli sürürdü.
Milli birliyin ilk növbədə mənəviyyat, məfkurə birliyi olduğunu təsbit edən Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin iyul ayında Almaniyaya səfəri zamanı Bon şəhərində soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu nitqində müdrik tövsiyələrindən biri məhz dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fikir birliyinə nail olmalarına aid idi.
Məhz bu işlərin fonunda Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətini gücləndirmək məqsədilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. I Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir.
Yüksək səviyyədə keçən bu mötəbər tədbirə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi Vətən qarşısında hesabatlarla çıxış etmişlər. Bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir. Ulu öndər Heydər Əliyev bu qurultaydakı nitqində demişdir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir!”
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxaran addım olmuşdur. Bu gün dünyada qloballaşma adlanan mürəkkəb bir proses başlanmışdır. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyildir, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Son dövrlərdə Azərbaycan və türk icmaları arasında getdikcə inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün zəmin rolunu oynamaqdadır. Müasir dünyanın reallıqlarından çıxış edərək tam məsuliyyətlə demək olar ki, hazırkı şəraitdə Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın inkişafı hər iki xalqın maraqlarına xidmət edir. Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Tarixi Vətənimiz Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Onun müəyyənləşdirdiyi inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması və inkişafı işinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bir sözlə, bu gün milli birlik və həmrəylik təmin edilmişdir. 2016-cı ilin iyun ayında Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV Qurultayı milli diasporumuzun təşəkkül tapmasında yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi dünya azərbaycanlılarının ideya və iş birliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Etibar ABDULLAYEV,
19 saylı Nərimanov 1-ci Dairə
Seçki Komissiyasının sədri

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31