Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pedaqoji Universitetdə Filoloji linqvistika lektoriyası açılıb

Pedaqoji Universitetdə Filoloji linqvistika lektoriyası açılıb

29.02.2020 [10:27]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin nəzdində yeni Filoloji linqvistika lektoriyasının açılışı olub. Lektoriya universitetin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə açılıb. Tədbirin əvvəlində fakültənin il ərzində gördüyü işlərdən ibarət slayd nümayiş olunub.
Açılışda rektor, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, tədris departamentinin direktoru, dosent Sənan Əliyev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış günü bir sıra təqdimatlar da həyata keçirilib. Belə ki, universitetin 100 illiyi münasibətilə fakültənin hazırladığı “Filologiya bu gün” adlı kitab, fakültənin ədəbi orqanı olan “Filoloq”, “Linqvistika problemləri” adlı beynəlxalq elmi jurnal, eyni zamanda, Mahirə Nağıqızının “Onun daş yuxusu” adlı kitabının təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova qonaqları, professor-müəllim heyətini, tələbələri salamlayıb. O, lektoriya barədə məlumat verərək bildirib ki, məqsəd fakültədə keçiriləcək tədbirləri, seminar dərsləri, diskussiyaları disputların, mühazirələrin tələbələrlə qarşılıqlı təşkilini həyata keçirməkdir. Həmçinin dekan “Filoloq” qəzeti barədə də məlumat verib. Onun sözlərinə görə, qəzet 8 səhifədən ibarətdir. Qəzetin iki səhifəsi yaradıcı tələbələrin ixtiyarına verilib. Onların elmi məqalələri ilə yanaşı, şeir və hekayələri üçün nəzərdə tutulub.
Sonra universitetin rektoru, elmi şuranın sədri, professor Cəfər Cəfərov lektoriyanın yaradılmasının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, lektoriya fakültədə ədəbi mühitin formalaşması üçün son dərəcə önəmlidir: “Bu gün biz bir bayram əhval-ruhiyyəsi ilə buraya toplaşmışıq. Bu gün önəmli bir otağın açılışıdır. Filologiya fakültəsi növbəti dəfə tədbirlərin keçirilməsində orijinal yanaşması ilə bizi sevindirir. Eyni zamanda, qəzet və dərgilərin təqdimatını da həyata keçiririk. Vurğulayım ki, “Linqvistika problemləri” jurnalı universitetin nüfuzuna xidmət edən bir işdir. Əminəm ki, jurnalda bu sahə üzrə elmi araşdırmalar, bir-birindən dəyərli yazılar yer alacaq. Tarixi ənənələri yaşatdıqlarına və davam etdirdiklərinə görə universitetimizin qocaman fakültəsinin kollektivinə təşəkkürümü bildirirəm”.
Rektor diqqətə çatdırıb ki, universitet 100 illik yubileyini keçirməyi planlaşdırır.
Sonda fakültənin ictimai həyatı, təhsildə səmərəli fəaliyyətində yüksək göstəricilərə görə fakültənin tələbələri təşəkkürnamə ilə təltif olunublar.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31