Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan hökuməti koronavirusun ölkə ərazisində yayılmasına qarşı geniş tədbirlər həyata keçirir

Azərbaycan hökuməti koronavirusun ölkə ərazisində yayılmasına qarşı geniş tədbirlər həyata keçirir

05.03.2020 [09:31]

Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmancı: Azərbaycanın aidiyyəti orqanları çox şəffaf və açıq fəaliyyət göstərirlər
Azərbaycan hökuməti ölkədə koronavirusun yayılmasının qarşısının alınmasında həssas yanaşma ortaya qoyaraq şəffaf və açıq fəaliyyət göstərir. Xatırladaq ki, respublikamızda koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Azərbaycan hökuməti müvafiq məlumatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və əhaliyə çatdırdı. Cəmi bir gün sonra isə müvafiq qurumların təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirildi. Təxminən bir saat davam edən mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da İTV-yə müsahibəsində ölkəmizin müvafiq qurumları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib ki, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərirlər.
Ölkə ərazisində koronavirusa yoluxma hallarının aşkarlanması üçün tibb işçiləri ciddi şəkildə prosesə cəlb ediliblər
Azərbaycanın aidiyyəti qurumları koronavirus epidemiyasına qarşı çox ciddi tədbirlər həyata keçirirlər. İndiyədək sərhəd bölgələrinə müvafiq heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri ciddi şəkildə prosesə cəlb olunublar. Xüsusilə İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyasından ilkin testləri alıb və bütün ölkələrə göndərib. O cümlədən artıq Azərbaycana 1000 ədəd test göndərilib və respublikamıza ikinci partiyada da testlər veriləcək. Qeyd edək ki, Azərbaycan hökuməti başqa yerlərdə test edilməsinin qarşısını almaq üçün keyfiyyət standartı yaradır. Keyfiyyəti bəlli olmayan yerlərdən alınan testlərlə düzgün nəticə əldə etmək mümkün deyil. Azərbaycan hökuməti daha keyfiyyətli testlər etmək istəyir. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda bildirilir ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksəkixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Koronavirusa yoluxmuş şəxslərin 81%-i bu xəstəliyi çox yüngül keçirdir
Mütəxəssislərin bildirdiyinə görə, indiyə kimi infeksiyanın aşkarlandığı insanlar xəstə deyillər. Belə ki, onlarda koronavirusun hərarət, öskürək kimi hər hansı bir simptomu yoxdur. Bu gün Azərbaycanda insanlar, sadəcə, karantinə yerləşdirilirlər.
ÜST-nin nümayəndəsinin də sözügedən müsahibədə bildirdiyi kimi, koronavirusa yoluxan insanların 81%-i bu xəstəliyi çox yüngül keçirdir. Əsas simptomlar aşağı hərarət və çox az öskürəkdir. Hətta bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5% xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Virusa yoluxmuş insanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, ümumilikdə, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi əsas məsələlərdəndir. Mütəxəssislərin qənaətinə görə, bu virus 65 yaşdan yuxarı olan insanlar üçün daha risklidir.
Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa zərurət var
İlk növbədə onu vurğulamaq lazımdır ki, təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa isə zərurət var. Nəzərə almaq lazımdır ki, koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan amil isə daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb olub. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlanır.
İkinci vacib məqam insanların ümumi gigiyena qaydalarına ciddi riayət etmələri ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, qapalı məkanlarda virusa yoluxma ehtimalı daha çoxdur. Xəstəliyin ötürülməsində önəmli olan məqam insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan şəxsin öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların bir-birlərindən 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Tövsiyə olunur ki, xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər. İnsanlar həmçinin ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Mütləq şəkildə əllər tez-tez sabunla yuyulmalıdır. Sabun və su olmazsa, əllər spirtlə dezinfeksiya edilməlidir. Əllərlə ağza və gözə toxunmama adətinə öyrəşmək lazımdır. Xəstələrin çölə çıxmalarına zərurət yoxdur. Hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə evdə qalmaq lazımdır. Əgər ölkədə əhali arasında xəstəlik aşkarlansa, 60-65 və yuxarı yaşda olanlar daha çox evdə qalmalıdırlar. Eyni zamanda, əhalinin sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır.
Maska koronavirusdan qorunmağa kömək etmir
Hande Harmancı deyib ki, maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar. Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Adi maskaların insanları qoruması barədə formalaşan rəy yanlışdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31