Pandemiya dövründə səhiyyə və sağlamlıq
10.07.2020 [12:47]
Əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafı hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Lakin ilin əvvəlindən bütün dünyanı bürüyən yeni növ koronavirus pandemiyasının tüğyan etdiyi indiki dövrdə bu məsələnin əhəmiyyəti dəfələrlə artıb.
Azərbaycan dövlətinin hazırda həyata keçirdiyi tədbirlərin mərkəzində insanların rifahının təmin edilməsi ilə yanaşı, vətəndaşların sağlamlığının qorunması, virusun yayılmasının məhdudlaşdırılması və səhiyyənin imkanlarının mövcud şəraitə uyğunlaşdırılması dayanır.
Hələ pandemiya dövrünədək Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri həyata keçirilmişdi. Bu il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə çıxışında da qeyd etdiyi kimi, son 16 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub.
İndiyədək səhiyyə sisteminin sağlam təməlinin formalaşdırılması və imkanlarının genişləndirilməsi pandemiya dövründə əhaliyə müvafiq səhiyyə xidmətinin göstərilməsində maksimal nəticələrin əldə olunması üçün möhkəm zəmin formalaşdırıb.
SƏHİYYƏ SİSTEMİNİN PANDEMİYA REALLIĞINA UYĞUNLAŞDIRILMASI VƏ YENİ ŞƏRAİTDƏ İNKİŞAFI
Əminliklə demək olar ki, Azərbaycan pandemiya çağırışına ən tez reaksiya verən ölkələr sırasındadır. Belə ki, hələ yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”, daha sonra Tədbirlər Planı təsdiq edilib və nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir. Ölkə başçısının müvafiq Sərəncamı ilə fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv olunub. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilir. Ölkədəki epidemioloji vəziyyətə uyğun olaraq xüsusi karantin rejiminin tələblərində dəyişikliklər olunur.
Prezident İlham Əliyevin imzaladığı 18 mart Sərəncamı ilə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr ödənilir.
Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) başda olmaqla bütün müvafiq dövlət qurumları pandemiya ilə mübarizədə iştirak edir. Qeyd edək ki, ölkə başçısının 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə yaradılan və 2020-ci ilin yanvarından fəaliyyətə başlayan, əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirmək olan TƏBİB-in fəaliyyəti hazırda bütövlükdə pandemiya ilə mübarizəyə yönəldilib. Bu ilin əvvəlindən etibarən icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulsa da COVİD-19 xəstəliyinin dünyada və ölkədə yaratdığı fövqəladə durum prosesin icrasında fasilənin yaranmasına və daha təxirəsalınmaz məsələlərin həllinin ön plana çıxmasına səbəb olub.
Azərbaycan pandemiyaya qarşı mübarizəyə başladığı ilk günlərdən etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. 9-13 mart tarixlərində ölkəmizdə səfərdə olmuş təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət veriblər. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda pandemiyaya qarşı görülmüş işlərə yüksək qiymət verilərək, bu sahədə nümunəvi ölkə kimi dəyərləndirilib.
Pandemiyanın yaratdığı ağır qlobal böhran və iqtisadi duruma baxmayaraq, Azərbaycan səhiyyəsi yeni şəraitdə də inkişaf etməkdədir. Bildiyimiz kimi, virusla mübarizənin ən səmərəli yolu yoluxmaların qarşısını almaqdır. Bu zərurət ölkədə dezinfeksiyaedici vasitələrə, qoruyucu geyimlərə və tibbi maskalara böyük tələbat yaradıb. Həmin məhsulların bütün dünyada qıtlığının müşahidə olunması isə daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı ön plana çıxardı.
Prezident İlham Əliyevin tapşırığı əsasında aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu və aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Gündə 200-250 min maskanın istehsalı sayəsində yerli tələbatı qarşılamaq mümkün oldu. Hətta bir sıra inkişaf etmiş ölkələrin daxili tələbatı ödəyə bilmədiyi bir vaxtda Azərbaycan bu sahədə xaricdən asılılığı aradan qaldıra bilib.
Mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin də açılışı baş tutdu. Ümumilikdə, yüzlərlə iş yerinin açıldığı bu müəssisələrin məhsulları yerli tələbatı ödədikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulub.
Pandemiya ilə əlaqədar olaraq spirtə tələbatın kəskin artması nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.
Pandemiya dövrünün təlabatına uyğun olaraq ölkəmizdə elektron dezinfeksiya tunelinin istehsalına da başlanıldı. Tam avtomatlaşdırılmış rejimdə çalışan dezinfeksiya tuneli imkan verir ki, insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilsin. Dezinfeksiya tunelinə quraşdırılan 200 litrlik məhlul ilə təqribən 6500-7000 insanın dezinfeksiya olunması mümkündür. Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.
Azərbaycanda son aylarda yaradılan bu yeni istehsalat sahələri tibbi sənayenin sürətli inkişafından xəbər verir.
Xəstəliyin diaqnostikasını aparmaq, vaxtında aşkarlamaq da COVİD-19-la mübarizədə önəmli amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 30-a yaxın müasir laboratoriya təşkil olunub. Prezident İlham Əliyev iyulun 6-da yerli televiziyalara müsahibəsində yaxın vaxtlarda ölkəmizdə laboratoriyaların sayının daha da artırılacağını bildirib: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.
Qeyd edək ki, Azərbaycanda COVİD-19 infeksiyasının aşkarlanması üçün ən keyfiyyətli və beynəlxalq səviyyədə qəbul olunan testlərdən istifadə olunması ölkəmizin maddi imkanlarının genişliyindən və virusla mübarizəyə nə qədər ciddi yanaşmasından xəbər verir.
Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan səhiyyəsinin inkişaf tempi pandemiya dövründə daha da artıb.
XƏSTƏLƏRİN MÜALİCƏSİ VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI ÜÇÜN GÖRÜLƏN İŞLƏR
Bildiyimiz kimi, pandemiya dövründə xəstələrin sayının çoxalması xəstəxanalara və tibb müəssisələrinə olan tələbatı da kəskin artırıb. Paytaxtda və regionlarda onlarla xəstəxana COVİD-19 xəstələrinin müalicəsinə həsr olunub. Bu işə çoxlu sayda digər sahələrdə çalışan həkim və tibbi personal da cəlb olunub.
Bakıda ən müasir tələblərə uyğun “Yeni klinika”nın açılışı və yalnız koronavirus xəstələri üşün ayrılması əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bir göstəricisidir. Həmçinin, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Lakin ölkə başçısının iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdikdən sonra yerli telekanallara verdiyi müsahibəsindən aydın olur ki, modul tipli xəstəxanaların yaradılması prosesi bununla məhdudlaşmayacaq: “Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq.”
Dövlət başçısının sözlərindən o da məlum olur ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Həmin xəstəxanaların 36-sı Prezident İlham Əliyevin sərəncamları əsasında son illərdə inşa olunub. Həmçinin, hazırda 350 xəstənin müalicə aldığı “Yeni klinika”da çarpayıların sayı 700-750-yə çatdırılacaq. Nəticə etibarilə qısa müddət ərzində xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350 nəfər olmaqla 5 mindən çox xəstəni yerləşdirmək mümkün olacaqdır.
Xəstə sayının çoxalması səbəbindən hazırda xəstəxanalarda əsasən ağır xəstələr yerləşdirilir, simptomları daha yüngül olan vətəndaşların isə poliklinikaların və sahə həkimlərinin nəzarəti altında evdə müalicəsinə yardım edilir.
Qeyd etmək lazımdır ki, pandemiya dövrü və COVİD-19 xəstələrinin artması heç də digər xəstəlikləri aradan qaldırmır. Ona görə də koronavirus xəstələri üçün modul tipli xəstəxanaların açılması digər xəstəliklərin müalicə olunduğu xəstəxanalar üzərindəki təzyiqi azaldaraq öz funksiyalarını yerinə yetirməsinə və ən müxtəlif xəstəlikləri olan insanların müvafiq tibbi xidmətlə təmin olunmasına şərait yaradır.
Burada xüsusi diqqət yetirilməli məqam isə həkimlərə olan diqqətdir. Belə ki, COVİD-19 xəstələrini müalicə edən həkimlər və tibbi personalın əməkhaqqına əlavələrin ödənilməsi qərarını verən dövlət başçısı onların zəhmətini, fədakarlığını daim yüksək qiymətləndirərək ayaq üstdə alqışlayıb.
Bəzi inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda koronaviruslu xəstələrə xidmət göstərən tibbi personal lazımi qoruyucu vasitələrlə tam təmin olunur, onların bir çoxu isə müxtəlif otellərdə karantin şəraitində yerləşdiriliblər.
Pandemiya hələ ki, başa çatmayıb və bəzi beynəlxalq ekspertlərin rəylərinə görə, onun pik həddi hələ qarşıdadır. Lakin bir çox ölkələrin mart-aprel aylarında yoluxmaların böyük dalğası ilə üzləşdiyi bir vaxtda Azərbaycanda rəqəmlər xeyli aşağı həddə idi. Bu gün də artım bir qədər yüksəlsə də sərt karantin tədbirləri sayəsində vəziyyət nəzarətdə saxlanılır. Hər ötən günün bizi COVİD-19-un vaksininə, dərmanına və ya pandemiyanın sonuna daha da yaxınlaşdırdığına inansaq, onda kütləvi yoluxma dalğasının ertələndiyi hər gün onlarla, bəlkə də yüzlərlə insanın həyatının xilası deməkdir.
Ona görə də bu günədək dövlətin pandemiya ilə mübarizədə gördüyü işləri və nəticələrini kifayət qədər yüksək qiymətləndirmək olar. Heç bir ölkənin səhiyyə sisteminin belə bir aqressiv pandemiyaya hazır olmadığını nəzərə alsaq, bu dövrdə səhiyyənin üzərinə düşən böyük yükün öhdəsindən gələ bilməsi üçün hər birimizin öz vətəndaş məsuliyyətini dərk etməsi və qaydalara, tələblərə əməl etməklə virus üzərində yekun qələbəyə töhfə verməsi vacibdir.
Zahid İlhamoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

