Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şimali Kipri burada təmsil etməkdən böyük qürur duydum

Şimali Kipri burada təmsil etməkdən böyük qürur duydum

05.08.2020 [09:04]

Ufuk Arca Turganer: Daha çox azərbaycanlıların səmimiyyəti üçün darıxacam
“Qardaş Azərbaycanda fəaliyyət göstərdiyim bu dörd il yarım müddət həyatımda çox böyük və xoş xatirələrlə zəngin izlər buraxdı. Bu illər mənim və ailəmin ən gözəl illərinə çevrildi. Biz, həm mən, həm də ailəm Azərbaycanı öz vətənimiz kimi sevdik və nə gizlədim, çox darıxacayıq”. Bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer deyib. Bu vəzifədə son müsahibəsini “Yeni Azərbaycan” qəzetinə verən və artıq Vətəninə dönən Ufuk xanım bundan sonra ŞKTC-nin Xarici İşlər Nazirliyində çalışacaq.
“Diplomat kimi karyeramda Azərbaycanın özəl bir yeri var”
Beləliklə, müsahibəsində ötən dörd il yarımlıq müddət ərzindəki fəaliyyətinə toxunan Ufuk Arca Turganer “Azərbaycan bizə qardaş, dost ölkədir. Burada olduğum müddətdə bunu hər addımda hiss etdim, gördüm. Azərbaycanı yaxından tanımaq, burada olmaq, vətənpərvər, elmə, sənətə xüsusi dəyər verən, savadlı, intellektual, mədəni səviyyəsi ilə hər zaman fərqlənən azərbaycanlı bacı-qardaşlarımızla yaxından tanış olmaq bizim üçün böyük bir şansdır. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, mənim diplomat kimi karyeramda Azərbaycanın özəl bir yeri var və Azərbaycanda fəaliyyət göstərməkdən, Şimali Kipri burada təmsil etməkdən, tanıtmaqdan çox böyük qürur duydum”, - deyib.
O, müsahibəsində ölkəmizdə olduğu müddətdə iki xalq arasında müxtəlif sahələrdə əlaqələrin güclənməsi üçün bir sıra layihələrin reallaşmasına nail olduğunu bildirib. “Eyni zamanda, Şimali Kiprə qardaş ölkə Azərbaycan haqqında daha çox məlumat əldə edərək dönürəm. Bundan sonrakı fəaliyyətimdə isə öz ölkəmdə Azərbaycanın daha çox tanıdılması üçün əlimdən gələni edəcəyəm. Çalışacam ki, daha çox kıbrıslı türk buraya gəlsin, ŞKTC-ni isə azərbaycanlılar ziyarət etsinlər, yəni xalqlarımız arasında təmaslar daha da artsın”, - deyən Ufuk xanım əmin olduğunu bildirib ki, onu bu vəzifədə əvəz edəcək yeni təmsilçi başlanan işləri uğurla davam etdirəcək.
Təhsil, turizm və mədəniyyət sahəsində əlaqələr iki xalq arasında bağları daha da möhkəmləndirir
O ümid etdiyini bildirib ki, başlanan işlərin davam etməsi, həmçinin bir sıra yeni layihələrin həyata keçirilməsi nəticəsində mövcud əlaqələrimiz getdikcə daha da möhkəmlənəcək: “Azərbaycan öz tarixi, təbiəti, mədəniyyəti ilə zəngin bir ölkədir. Eyni zamanda, Şimali Kipr də turizm baxımından özünəməxsus üstünlükləri - dənizi, gözəl təbiəti, həmçinin Kıpr adasından keçən bir çox mədəniyyətlərdən qalmış zəngin mədəni mirası ilə fərqlənir. Bu üstünlüklərimiz qarşılıqlı təmasların daha da artırılması, iki qardaş xalqın daha sıx əlaqələr qurması üçün bizə gözəl şans verir. Bu məqamda qeyd edim ki, 2016-cı ilin noyabrın 30-da Bakıda Şimali Kipr turizminin təqdimat mərasimi keçirildi. ŞKTC-nin Turizm və Ətraf Mühit Nazirliyinin, ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin və Türk Hava Yollarının təşkilatçılığı ilə keçirilən tədbirdə həmin vaxt ölkəmizin turizm və ətraf mühit naziri olan Fikri Ataoğlu da iştirak edirdi. Həmin təqdimat zamanı da bildirildiyi kimi, azərbaycanlı bacı və qardaşlarımız ŞKTC-yə səfər edərək ölkəmizin təbii zənginlikləri, tarixi gözəllikləri, sahilləri, mədəniyyəti, görməli yerləri ilə, ən əsası, sizinlə eyni dili, eyni dini paylaşan Kipr türkləri ilə yaxından tanış ola bilərlər. Şimali Kiprdə turistlərin rahat şəkildə, həyatdan zövq alaraq dincəlməsi üçün hər şey var. Sahillərimiz çox gözəldir. Şimali Kiprin təbiətinə söz ola bilməz. Siz ŞKTC-də ilin 8-9 ayı ərzində dənizə girə bilərsiniz. Eyni zamanda, dediyim kimi, istəyirik ki, qarşılıqlı olaraq Kipr türkləri də Azərbaycana gələrək buradakı gözəllikləri, ölkənizin turizm imkanlarını görsünlər”.
Ufuk xanım deyib ki, əlaqələrimizin daha da güclənməsinə kömək edə bilən sahələr içərisində təhsilin xüsusi yeri var: “Məlum olduğu kimi, ötən müddət ərzində təhsillə bağlı əlaqələrimizdə də bəlli bir nöqtəyə qədər gəlmişik. ŞKTC-nin Azərbaycandakı nümayəndəliyində təhsil müşaviri fəaliyyət göstərir ki, bu da mənim ölkəmin Azərbaycanla təhsil sahəsində əlaqələrə necə böyük önəm verdiyinin daha bir sübutudur. Məlumat üçün bildirim ki, ŞKTC-nin Azərbaycandan başqa yalnız Türkiyədə və İngiltərədə təhsil müşaviri var. Düzdür apardığımız iş sayəsində azərbaycanlı gənclər arasında ŞKTC universitetlərində təhsil almaq istəyənlərin sayı artır. Amma hesab edirəm ki, bu sahədə əlaqələrimizin daha da inkişaf etdirilməsi lazımdır və bu istiqamətdə atılan addımlar davamlı olmalıdır”.
Ufuk Arca Turganer bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə diqqət göstərdiyi digər bir sahə mədəni əlaqələrin inkişafı olub: “Ümumi qənaətim budur ki, müasir dövrdə təhsil, turizm və mədəniyyət sahəsində əlaqələr iki xalq arasında bağları daha da möhkəmləndirir. Bu baxımdan, bir sıra layihələrin reallaşmasına nail olduq. Belə ki, nümayəndəliyimizin təşkilatçılığı ilə 2018-ci ilin fevralında Ersin Tünayın dirijorluğu ilə Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyinin xor kollektivinin Bakıda “Ölkəmdən soraqlar” adlı konserti təşkil edildi. Həmin ilin mayında ŞKTC-nin tanınmış fotoqraflarından olan Mehmet Göyigitin “Bir sevdadır Quzey Kıbrıs” adlı fotosərgisi, noyabrında isə Bakıda ŞKTC-nin Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin üzvlərinin əl işləri və mətbəx nümunələrinin nümayişinə həsr olunmuş tədbir keçirildi. Xatırladım ki, nəzdində sosial və mədəni sahədə xidmət etmək üçün “Kıbrıs mədəniyyəti əl işi” atelyesi və “Müasirlər xoru” fəaliyyət göstərən Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin bu səfəri Şimali Kipr mədəniyyətinin bir hissəsi olan musiqi və mətbəx mədəniyyətinin azərbaycanlılara çatdırlmasında növbəti addım oldu. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir”.
QHT və KİV təmsilçiləri arasında əlaqələr intensivləşdirilməlidir
Müsahibəsində Azərbaycan gənclərini mütəmadi olaraq ŞKTC-nin nümayəndəliyinə baş çəkməyə, baş verən yeniliklərlə tanış olmağa səsləyən Ufuk xanım “Qəzetinizin yaratdığı bu imkandan istifadə edərək bir sıra vacib saydığım məqamları da vurğulamağı özümə borc bilirəm. Bu gün bütün dünyada qeyri-hökumət təşkilatlarının fəaliyyəti önəm kəsb edir. Çünki QHT-lər xalqlar arasında mədəni, ictimai-sosial əlaqələrin qurulmasında xüsusi rol oynayır. Eyni zamanda, bu məsələdə KİV-in rolunu da vurğulamalıyıq. Amma təəssüflə qeyd etməliyəm ki, Azərbaycanla ŞKTC -nin QHT-ləri, həmçinin KİV-ləri arasında əlaqələr bu gün istənilən səviyyədə deyil. Bu istiqamətdə zaman itirmədən addımlar atılmalı, birgə layihələr reallaşdırılmalı, qarşılıqlı səfərlər olmalıdır. Onu da deyim ki, bundan sonra fəaliyyət göstərəcəyim ŞKTC Xarici İşlər Nazirliyində bu istiqamətlərdə atılacaq hər bir addıma, irəli sürüləcək hər bir təşəbbüsə dəstək verməyə hazıram. Bundan başqa, diaspor fəaliyyəti istiqamətində də addımların atılması vacibdir. Hesab edirəm ki, ŞKTC-də “Azərbaycan Evi” yaradılsa, gözəl effekt verə bilər”.
Müsahibəsində Ermənistanın işğalçılıq siyasətinə də toxunan Ufuk Arca Turganer “Öncə onu deyim ki, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatları nəticəsində qəhrəman Azərbaycan övladlarının şəhid olması bizi də çox üzdü. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun. Eyni zamanda, ŞKTC olaraq bu məsələdə hər zaman qardaş Azərbaycanın haqq davasını dəstəkləyirik. Onu da deyim ki, Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll edilməməsinin başlıca səbəblərindən biri bir sıra dövlətlərin və bəzi beynəlxalq təşkilatların ikili standartlar siyasətindən əl çəkməməsidir. Ancaq beynəlxalq ictimaiyyət bilməlidir ki, sonuna qədər bu cür davam edə bilməz. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, azərbaycanlı bacı-qardaşlarımız öz doğma ocaqlarına qayıtmalıdır. Bildiyiniz kimi, beynəlxalq birliyin ikili standartlara əsaslanan siyasətindən biz də əziyyət çəkirik. Amma kiprli türklər hər zaman dilinə, dininə, millətinə, vətəninə, bayrağına sahib çıxıb və çıxmağa davam edəcək. Dünya birliyi Kipr probleminin ədalətli həlli, adadakı hər iki xalqın - türklərin və rumların hüquqlarının bərabər şəkildə təmin olunması üçün səy göstərməlidir”, - deyib.
Sonda bu müddət ərzində Azərbaycanın mətbəxini və bütövlükdə, mədəniyyətini çox sevdiyini deyən Ufuk xanım “Amma daha çox azərbaycanlıların səmimiyyəti üçün darıxacam. Azərbaycanlılarının səmimiliyinin dünydada tayı-bərabəri yoxdur. Eyni zamanda, bir daha bəyan edirəm ki, bundan sonra ŞKTC-də Azərbaycanın təbliğatı üçün əlimdən gələni edəcəm”, - sözlərini əlavə edib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31