Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İndi hər bir azərbaycanlının qəlbində bir niyyət var...

İndi hər bir azərbaycanlının qəlbində bir niyyət var...

21.04.2023 [10:36]

Aslan Aslanov

Podun Çjoupu nahiyəsinin yeni zonası olsa da, iqtisadi nailiyyətləri ilə məşhurdur. Şanxayın şərqində yerləşən bu ərazi bir vaxt boş səhralıq olub. Təxminən 30 aya burada ağlasığmaz dərəcədə vüsətli işlər görülüb, böyük bir yaşayış rayonu, sənaye mərkəzi tikilib. Heydər Əliyev Podunda nahiyənin rəhbərləri ilə görüşdü. Prezidentə Podunun salınması və qısa müddətdə keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verildi. Mütəxəssislər bunu Çin iqtisadiyyatının bariz nümunəsi hesab edirlər. Zonanın saysız-hesabsız istehsal obyektlərinin hamısı xarici ölkələrin firmaları ilə sıx əməkdaşlıq şəraitində işləyir.

Dövlətimizin başçısı ÇXR-ə rəsmi səfərini böyük uğurla başa vurub Şanxaydan yola düşərkən təyyarədə jurnalistlərin xahişini nəzərə alaraq onlarla söhbətə vaxt ayırdı. Səfərin yekunları barədə fikirlərini və təəssüratlarını paylaşaraq dedi ki, müstəqil Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutaraq, Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malik olmalıdır: “Mənim bu səfərim də həmin zərurətdən irəli gəlmişdir. Çinin özü də Azərbaycanla münasibətlərə böyük maraq göstərir. Çin Xalq Respublikası Sədrinin məni rəsmi səfərə dəvət etməsi buna sübutdur. Biləsiniz ki, Azərbaycanda xarici ölkələrin səfirləri o qədər də çox deyildir, lakin Çin Azərbaycanda öz səfirliyini açmışdır. Deməli, Çinin Azərbaycana marağı böyükdür. Bu, bizim üçün faydalıdır. Çünki dünyanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan belə bir böyük dövlətlə münasibətlərimizin olmasının əhəmiyyəti var. Həm də ona görə ki, Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Çində, xüsusən onun iqtisadiyyatında çox maraqlı proseslər gedir. Bir tərəfdən bu proseslərin, islahatların ölkəmizdə nə dərəcədə məqbul olduğunu bilməyimiz, digər tərəfdən isə müəssisələr, konsernlər, assosiasiyalar arasında birbaşa əlaqələr qurmağımız vacibdir. Bu mənada da Çinə səfərimizin böyük əhəmiyyəti var. Mən səfərdən ümumən tamamilə razı qayıdıram. Nəzərdə tutulmuş proqram bütünlüklə yerinə yetirilmişdir. Çində bizi yüksək səviyyədə, son dərəcə mehribanlıqla qarşıladılar. Biz hər yerdə Azərbaycana, Azərbaycan xalqına səmimi münasibətlər gördük. O cümlədən bizi narahat edən problemlərin, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü probleminin başa düşüldüyünün şahidi olduq. Səfərimiz qısa olsa da, zənnimcə, ondan istifadə edərək bütün sahələrdə konkret, praktik fayda əldə edə bildik”.

Şanxaya səfərinin önəmini də vurğulayan dövlətimizin başçısı Çinin iqtisadi nailiyyətlərindən, eləcə də azad iqtisadi zonanın üstünlüklərindən danışdı. Dedi ki, Çinə böyük investisiyalar qoyulur, çoxlu birgə müəssisə var və bu təcrübə Azərbaycan üçün də faydalı ola bilər: “Bizə bildirdilər ki, təkcə bu ilin iki ayı ərzində Şanxayda 200 birgə müəssisə yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Çin öz iqtisadiyyatında, xüsusən də qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək sahəsində müvəffəqiyyətlə iş aparır və bundan kifayət qədər sanballı nəticələr əldə edir. Bu təcrübə ilə tanışlıq bizdən ötrü də əhəmiyyətlidir. Belə hesab edirəm ki, həmin təcrübə ilə yaxından tanış olmaq üçün Çinə öz nümayəndələrimizi göndərəcəyik. Özümüzlə materiallar da götürmüşük və bizdən ötrü məqbul olanlardan istifadə edəcəyik”.

Ulu Öndər jurnalistlərlə söhbətində  Çin Xalq Respublikasına bu səfəri tarixi hadisə adlandırdı. Tarixən mövcud olmuş müəyyən əlaqələri, “Böyük İpək Yolunu” və s. xatırladaraq vurğuladı ki,  Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə münasibətlər olmayıb. İndi dövlətlərarası sıx münasibətlərin yaranması ilk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.

Azərbaycanda da azad iqtisadi zona barədə söhbətlər getdiyini diqqətə çatdıran Ulu Öndər bildirdi ki, Çində, o cümlədən başqa ölkələrdə həyata keçirilən və praktiki nəticələr verən müxtəlif iqtisadi tədbirləri ölkəmizdə tətbiq etmək üçün geniş imkanlar və ehtiyatlar var.

“Çinin iqtisadi modelindən Azərbaycanın nə götürə biləcəyinə gəldikdə, hələlik qəti bir söz deyə bilmərəm. Çünki onu təhlil etmək lazımdır. Hər halda dünyanın harasında bizdən ötrü faydalı bir şey varsa, ondan istifadə etməliyik. O ki qaldı Çinə səfərimizin siyasi nəticələrinə, Çin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bunlar həm imzaladığımız bəyannamədə, həm də Çin Xalq Respublikası rəhbərlərinin bəyanatlarında öz əksini tapmışdır. Deməli, Çinin nümayəndələri beynəlxalq təşkilatlarda da öz fəaliyyətlərində bunu əsas tutacaqlar. Bunun özü beynəlxalq aləmdə bizim nailiyyətimiz deməkdir”, - Prezident ÇXR-ə səfərinin siyasi yekunlarını belə şərh etdi.

Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri barədə istər Pekində Sədr Tszyan Tszemin, Baş nazir Li Pen, İqtisadi İslahatlar üzrə Dövlət Komitəsinin sədri Li Tein ilə, istərsə də möcüzəli bazar iqtisadiyyatı yolu ilə sürətlə inkişaf edən Şanxayda keçirilən görüşlər, aparılan danışıqlar barədə xeyli material oxumuşdum. Ayrı-ayrı icmalçıların maraqlı fikirləri də vardı. Hesab edirdim ki, Prezident Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri barədə sonuncu yazı üçün bir qədər də faktlar toplayıb sonra onu təhvil verə biləcəyəm. Amma dövlətimizin başçısı Çinə rəsmi səfərinin yekununu biz jurnalistlərlə təyyarədəki söhbətində sadə dillə elə gözəl təhlil etdi ki, başqalarından sitat gətirməyə ehtiyac qalmadı.

Ulu Öndərin Çin Xalq Respublikasına böyük tarixi hadisə kimi qiymətləndirilən ilk rəsmi səfəri böyük uğurla başa çatdıqdan sonra da bu mövzu bir müddət Asiya, Sakit Okean və Müstəqil Dövlətlər Birliyinin bəzi ölkələrinin, həm də yerli mətbuatın gündəliyindən düşmədi. Səfərin bir mühüm uğurunu da qeyd edim ki, 1994-cü il martın əvvəlindən başlayaraq Azərbaycan-Çin əlaqələrində yeni bir mərhələ başlandı, bir çox sahələr üzrə gələcək qarşılıqlı sürətdə faydalı əməkdaşlıq üçün yaxşı təməl qoyuldu. Bu sırada AZƏRTAC ilə “Sinxua” arasında əməkdaşlığa dair ilkin danışıqlar da yer alırdı. Agentliklərimiz arasında münasibətlərin ildən-ilə daha da möhkəmlənməsi, informasiya mübadiləsinin artırılması 2004-cü ildə AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına - OANA-ya üzv qəbul olunarkən Sinxuanın bizə dəstək verməsi ilə nəticələndi.

2018-ci il mayın 31-də Sinxua agentliyinin dəvəti ilə mən Çinə getdim. Səfər günlərində “Sinxua”nın prezidenti Çay Mincao ilə görüşdüm. O, Sinxuanın Azərbaycandakı fəaliyyətinə verdiyi dəstəyə görə AZƏRTAC-a minnətdarıq etdi. Dedi ki, “biz AZƏRTAC-ın OANA-dakı iştirakını diqqətlə izləyir və onun sədr kimi təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiririk. Bu istiqamətdə təşəbbüslərinizi hər zaman dəstəkləməyə hazırıq”.

Çinə bu səfərim çərçivəsində AZƏRTAC ilə “Sinxua” arasında əməkdaşlıq sazişi imzaladıq. Sazişə əsasən agentliklər gündəlik xəbər, foto və video mübadiləsi aparır, sosial mediada əməkdaşlıq edirlər. Həmçinin hər iki agentlik mütəmadi olaraq yeni media redaktorlarının və informasiya texnologiyaları mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcəklər. Xeyli vaxtdır AZƏRTAC-da Çin dilində informasiya bölməsi fəaliyyət göstərir. AZƏRTAC ilə Çinin Konfutsi İnstitutu arasında da sıx əməkdaşlıq yaranıb, həftədə 3 dəfə İnstitutun mütəxəssisləri Agentliyin əməkdaşlarına Çin dili dərsləri tədris edirlər.  Pekində Azərbaycan saytının Çin dilində versiyasının təqdimatı da keçirilmişdi ki, mən  bütün bunlar haqqında həmin görüşdə məlumat verdim.

2018-ci il iyunun 1-də mən Şanxay Əməkdaşlıq Təşkilatının Birinci Media Sammitində iştirak etdim, ertəsi gün isə dünyanın ən nüfuzlu, populyar nəşrlərindən biri olan ingilisdilli “China Daily” qəzetinin rəhbərləri ilə görüşdüm. 2019-cu il iyunun 27-də AZƏRTAC-a Sinxua agentliyinin təşəbbüsü ilə Pekində təsis olunan “Bir kəmər, bir yol” iqtisadi informasiya tərəfdaşlığı platformasının təsisçi üzv statusu verildi. Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində uzun illərdir ki, Sinxua öz səhifələrində hər ay Azərbaycan haqqında 10-15 materiala yer ayırır, həm ÇXR-də həm də dünyanın bir çox ölkələrində 100 milyon oxucu auditoriyası olan ingilisdilli “China Daily” qəzeti AZƏRTAC-ın xəbərlərini, iri həcimli materiallarını həvəslə dərc edib və Agentliyimizi xüsusi mükafata layiq görüb.

Azərbaycan Respublikasının Prezidenti Çin Xalq Respublikasından Bakıya qayıdarkən yolüstü Qazaxıstanın paytaxtı Almatıda dayandı. Qazaxıstanın Prezidenti ilə səmimilik və dostluq şəraitində keçən görüşdə Heydər Əliyev Çinə rəsmi səfərinin yekunlarından söhbət açdı. Daha sonra ikitərəfli münasibətlərin müxtəlif məsələlərinə toxunuldu. Konkret olaraq kənd təsərrüfatı və neft maşınqayırma sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanda neft maşınqayırma sənayesinin geniş bazası olduğunu nəzərə alaraq Qazaxıstandan metal göndərilməsi hesabına bu sahənin birgə inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

Söhbətin gedişində Qazaxıstandan Azərbaycana taxıl ixracı barədə konkret razılıq əldə edildi, habelə respublikamıza emal üçün xam neft göndərilməsi məsələsi də nəzərdən keçirildi. Görüşdə iki ölkə arasında gəmi-bərələr vasitəsilə əlaqələrin inkişaf etdirilməsi, Qazaxıstandan Azərbaycana neft kəməri çəkilməsi məsələlərinə və digər mövzulara da toxunuldu.

“Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq xarakteri daşıyır. Ümumi köklərə və tarixi ənənələrə əsaslanan bu münasibətlər bundan sonra daha da inkişaf ediriləcəkdir” - Ulu Öndərin az qala 30 il əvvəl Almatıda söylədiyi bu fikirlər artıq günümüzün reallığıdır .

Hesab edirəm ki, Prezident Heydər Əliyevin 1994-cü il martın 14-də - Ramazan bayramı münasibətilə  Bakıdakı bir neçə məscid və ziyarətgahda olarkən səsləndirdiyi fikirləri də xatırlatmaq yerinə düşər: “İndi hər bir azərbaycanlının qəlbində bir niyyət var və bu amalla da müqəddəslərimizə üz tuturuq. Torpaqlarımızı erməni qəsbkarlarından azad etmək, ərazi bütövlüyümüzü və sərhədlərimizin toxunulmazlığını təmin etmək, respublikamızın tam müstəqilliyinə nail olmaq hamımızın ən ülvi istəyidir”.

(Ardı var)

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31