Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu Öndərin ata qayğısı

Ulu Öndərin ata qayğısı

06.06.2023 [10:47]

Heydər Əliyev onların bütün konsertlərinə gedərdi...

Günel ABBAS

Heydər Əliyev böyük siyasətçi, görkəmli ictimai-xadim olmaqla yanaşı, həm də bütün sahələri dərindən bilən bir rəhbər idi. Ulu Öndər mədəniyyət sahəsində çalışan sənətkarlara, istər bəstəkar, istər musiqiçi, istərsə də yazıçı olsun, hamısına böyük dəyər verərdi. Mədəniyyət tariximizi, musiqi tariximizi çox dərindən bilirdi. Onunla söhbət etmək, çıxışlarını dinləmək hər bir azərbaycanlı üçün böyük bir məktəb idi.

Ümummilli lider Heydər Əliyev həm də mədəniyyət xadimlərinin ən sadiq dostu idi. Bu gün onun hörmət etdiyi və bütün sənətkarlardan xüsusilə ayırdığı “Şöhrət” və “Şərəf” ordenli, “Dövlət Mükafatı Laureatı”, Xalq artisti Xuraman Qasımovanın doğum günüdür.

Heydər Əliyevlə ucalan sənət yolu...

Xuraman Qasımova Heydər Əliyevlə bağlı xatirələrindən mətbuata tez-tez açıqlama verir. Bu barədə uzun-uzun danışmağı xoşlayır. Hətta bu qədər obrazlı cümlələri məhz Heydər Əliyev üçün işlədir desək, yalan olmaz. Bu dəfə də, “Yeni Azərbaycan”a açıqlamasında xatirələri ilə bağlı danışıb. O, böyük fəxrlə deyir ki, Heydər Əliyevlə birgə keçirdiyi 25 ilə yaxın qiymətli xatirələrin hər biri qəlbində yaşayır: “Biz bu xatirələri zaman-zaman mətbuatda, televiziyada, qəzetlərdə bölüşmüşük. Çünki bizim yaradıcılığımız onun ölkəmizə rəhbərlik etdiyi illərdən başlayırdı. Təxminən 1969-1970 ci illərin əvvəlindən.. Biz səhnəyə gələndə hələ çox gənc idik. Nə yaxşı ki, Heydər Əliyev bizim yaradıcılığımızı və uğurlarımızı zamanında izləyib və qiymətləndirmişdi. Heydər Əliyev həyatımızda böyük rol oynayıb. Onunla dəfələrlə xaricdəki rəsmi tədbirlərə getmişik. Nitqini dinləyərkən nəinki biz, hətta xarici ölkələrin başçıları da Heydər Əliyevlə fəxr edirdilər. Onlar qeyd edirdilər ki, sizin çox gözəl ölkə rəhbəriniz var və bizdə belə rəhbər olsaydı, dünyanı fəth edərdik”.

Ulu Öndər ürəyini bizə açırdı...

Xalq artisti qeyd edib ki, Ulu Öndər onlara həmişə  “qızlar” deyə müraciət edərdi: “Rəsmi xarici səfərlərə gedərkən o, mütləq ziyalılardan ibarət kiçik bir nümayəndə heyətini də özü ilə aparardı. Onların içərisində biz də var idik. Elə bir konsert proqramımız yox idi ki, özü şəxsən gəlib bizi izləməsin. Xarici səfərlərdə olarkən bizimlə yaxından maraqlanırdı... Hələ Moskvada çalışdığı illərdə, çox nadir hallarda konsertlərimizə özü gələ bilməsə də, mütləq ailə üzvlərini göndərərdi. Bu, ilk növbədə bizə böyük hörmət və dəstək idi. Heydər Əliyev Azərbaycan incəsənəti, musiqisi ilə qürur duyurdu. Bəzən xüsusi görüşlərində, şam yeməklərində bizimlə çox gözəl, səmimi, maraqlı söhbətlər aparardı. Azərbaycan bəstəkarlarının, ələlxüsus da Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Rauf Hacıyevin əsərlərini çox sevərdi və hətta bizimlə birgə oxuyardı. Yadımdan heç çıxmaz ki, 1996-cı ildə Fidan xanım və mən onunla birlikdə şam yeməyində görüşmüşdük. Üçümüz birlikdə Niyazinin “Arzu” romansını ifa etmişdik. İfadan sonra bir az kədərlənib, kövrəlmişdi. Daha sonra öz həyatı, ömür-gün yoldaşı Zərifə xanım haqda bizə ürək dolusu danışdı. Ürəyini bizə açardı. Açıq deyərdi ki, o qədər məşğulam ki, sevdiyim ailəmi, yaxınlarımı görməyə vaxt tapmıram. Onu da anlamaq olardı, çünki böyük bir ölkəni idarə etmək heç də asan deyildi. Heydər Əliyevin yaşadığı şərəfli həyat hər birimizə bir örnəkdir. Hamı deyərdi ki, onun bizə xüsusi bir münasibəti, hörməti var. Bəli, tez-tez belə deyərdilər. Biz onunla hansı xarici səfərdə olurduqsa, ilk növbədə, fikirləşirdik ki, hansı ölkəni təmsil edirik. Prezidentimizin nə dərəcədə yüksək şəxsiyyət olduğunu bilirdik və bu nöqteyi-nəzərdən mədəniyyətimizin səviyyəsini yüksək tutardıq”.

Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova bildirib ki, bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyev və I vitse -prezidentimiz Mehriban Əliyeva Ulu Öndərin yolunu şərəflə davam etdirirlər. “Onlar mədəniyyət xadimlərinə daim dəstək olur, yaradıcılıqlarını izləyirlər. Cənab Prezident özü demişdi ki, mən hər bir azərbaycanlının prezidentiyəm və illər boyu da bunu təsdiq etdi. Biz Heydər Əliyevdən gördüyümüz o böyük dəstəyi bu gün ölkə rəhbərliyi tərəfindən hiss edirik”.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31