Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiyada silahlı üsyan...

Rusiyada silahlı üsyan...

24.06.2023 [21:00]

Putin xalqa müraciət etdi - beynəlxalq aləm prosesi izləyir

Rusiyada daxili vəziyyət gərginləşib. “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiyanın hərbi rəhbərliyinə qarşı silahlı üsyana başlayıb. Y.Priqojin yayılmış səs yazısında Rusiya Müdafiə Nazirliyinin “Vaqner” qruplaşmasını artilleriya atəşinə tutduğunu və döyüşçülər arasında ölənlər olduğunu bildirib. Hərbi birləşmə rəhbəri müdafiə naziri Sergey Şoyqu ilə “hesablaşmaq” üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya yürüşə başladığını deyib.

Priqojin nə istəyir?

Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”in atəşə tutulmasını təkzib edib. Nazirlikdə təcili iclas çağırıldığı, Rosqvardiya və digər güc strukturlarının hazır vəziyyətə gətirildiyi bildirilib. Rusiya Milli Antiterror Komitəsinin yaydığı  məlumata görə, “Vaqner” silahlı qrupunun təsisçisi Yevgeni Priqojinin ifadələri silahlı üsyana təhrik maddəsi ilə cinayət işinin başlanması üçün əsas olub. Komitə üzvləri Priqojini qanunsuz hərəkətlərini dayandırmağa çağırıblar. “Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”, -deyə  məlumatda qeyd olunub.

Eyni zamanda, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında da Yevgeni Priqojinin bəyanatlarının silahlı vətəndaş münaqişəsinə çağırış olduğu vurğulanıb. Məlumatda bildirilir ki, FTX “Vaqner”in döyüşçülərini Y.Priqojinin əmrlərini yerinə yetirməməyə və onun saxlanılması üçün tədbirlər görməyə çağırıb. Rusiya hərbi müxbirləri ordu generalı Sergey Surovikin və general Vladimir Alekseyevin “Vaqner” döyüşçülərinə müraciətlərini yayıblar.

“Vaqner” bəzi hərbi bazaları ələ keçirib

Yaranmış vəziyyətlə bağlı Rusiyanın bir sıra şəhər və vilayətlərində antiterror rejimi tətbiq olunub, kütləvi tədbirlər ləğv edilib, bəzi magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Rusiyanın Bryansk və Sverdlovsk vilayətlərində yüksək döyüş hazırlığı vəziyyəti elan edilib. Qeyd edək ki, iyunun 24-də “Vaqner” qrupu Rostovu və Cənub Hərbi Dairəsinin qərargahını ələ kecirib. Bundan başqa, Voronej vilayətindəki hərbi bazaların da bu silahlı dəstənin nəzarəti altına düşdüyü barədə məlumatlar yayılıb. Ötən gün axşam saatlarında “Vaqner”in Lipetsk vilayətinə daxil olması barədə məlumatlar verilib. Silahlı dəstə Rusiya Müdafiə Nazirliyinə məxsus bir neçə helikopteri də məhv edib. 

“Əlimdən gələni edəcəyəm”

İyunun 24-də Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində silahlı qiyam təşkil edənləri və döyüş yoldaşlarına qarşı silah qaldıranları “satqın” adlandırıb, onların hərəkətini dövlətə və xalqa arxadan vurulan zərbə kimi səciyyələndirib. Vladimir Putin Rostovda vəziyyətin gərgin olduğunu, dövlət orqanlarının işinin iflic vəziyyətə gətirildiyini bildirib. “Silahlı qiyam təşkil edənlər və silahdaşlarına qarşı silah qaldıranlar Rusiyanı satanlardır. Bir prezident, Ali Baş Komandan və Rusiya vətəndaşı olaraq mən ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm. Qəti addımlar atılacaq”, - deyə o vurğulayıb.

V.Putin “Vaqner”ə qoşulanları silahı yerə qoymağa çağırıb. “Biz bütün sınaqlardan çıxacağıq və daha güclü olacağıq”, - deyə o əlavə edib. Putin, həmçinin yaranmış vəziyyətlə bağlı bir sıra ölkələrin rəhbərləri ilə telefon danışığı aparıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var.  Lakin Priqojin silahı yerə qoymayacağını bəyan edib. “Vaqner”in başçısı Rusiyanın müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun ona təslim olunmasını tələb edib.

Vəziyyət beynəlxalq birliyin diqqət mərkəzindədir

Rusiyada baş verən proseslər beynəlxalq birliyin də diqqət mərkəzindədir. Ağ Ev Rusiyadakı vəziyyəti izlədiyini və müttəfiqlərlə məsləhətləşəcəyini bəyan edib.

Avropa İttifaqı isə Yevgeni Priqojin ətrafında yaranan vəziyyəti Rusiyanın daxili işi adlandırıb. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviter hesabında yazıb. O, Rusiyadakı vəziyyəti diqqətlə izlədiklərini qeyd edib. G7 ölkələrinin xarici işlər nazirləri də  Rusiyadakı vəziyyəti müzakirə edib. Bu barədə isə Avropa İttifaqının komissarı  Cozep Borrell tviterdə məlumat yayıb: “Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə danışdım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir”.

Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti də Rusiyadakı hadisələrə münasibət bildirib. Kəşfiyyat “Vaqner” və Kreml arasındakı gərginliyi son dövrlərdə Rusiya dövlətinin qarşısında duran ən ciddi problem kimi xarakterizə edib. Məlumatda bildirilir ki, Priqojinin “Vaqner” muzdluları ilə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik açıq hərbi qarşıdurma mərhələsinə keçib. Vurğulanıb ki, Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnəcəyinə əsas verəcək”. “Priqojin tərəfindən “azadlıq yürüşü” kimi xarakterizə edilən əməliyyatda “Vaqner” qrupunun qüvvələri ən azı iki istiqamətdən işğal olunmuş Ukrayna ərazisindən Rusiyaya keçib. Rostov-Donda “Vaqner”, demək olar ki, əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib”, - açıqlamada deyilir. Britaniya kəşfiyyatı vurğulayır ki, “Vaqner” bölmələri Vorenej vilayətindən şimala doğru irəliləyir və hədəf Moskvaya daxil olmaqdır.

Zelenski də münasibət bildirib...

Rusiyada baş verən hadisələrə Ukrayna Prezidenti Volodimr Zelenski də münasibət bildirib. “Rusiya uzun müddətdir öz zəifliyini ört-basdır etmək üçün təbliğat aparırdı. İndi isə o qədər xaos var ki, heç bir yalanı gizlədə bilməz”, - deyən Zelenski əlavə edib ki, Rusiyanın zəifliyi göz qabağındadır: “Rusiya öz qoşunlarını və muzdlu qüvvələrini torpaqlarımızda nə qədər çox saxlasa, sonradan bir o qədər böyük xaos və bir o qədər çox problem yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı Rusiyanın gətirdiyi fəlakətdən və xaosun yayılmasından qorumağa qadirdir”.

V.Zelenski qeyd edib ki, “şər yolunu” seçən hər kəs özünü məhv edir: “Biz möhkəmliyimizi, birliyimizi və gücümüzü qoruyuruq. Bütün komandirlərimiz və əsgərlərimiz nə edəcəklərini bilirlər”.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31