Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yeni Klinika” - dünən və bu gün

“Yeni Klinika” - dünən və bu gün

12.07.2023 [10:30]

6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşların sayı durmadan artır.

Belə ki, ötən ilin iyun ayında Xidmətlər Zərfi daxilində ambulator tibbi xidmət üçün müraciət edən vətəndaşların sayı 198 təşkil etdiyi təqdirdə bu rəqəmlər cari ilin iyun ayında 12 836 nəfərə çatıb.

Statistik məlumatlara əsasən 2022-ci ilin iyun ayında 1048 olan ambulator tibbi xidmət sayı isə cari ildə 58 687-yə yüksəlib.  

2022-ci ilin avqust ayından stasionar olaraq xidmət göstərən tibb müəssisəsinə müraciət edən pasiyent sayı cəmi 4 nəfər olduğu halda, bu rəqəm cari ilin iyun ayı ərzində 370 nəfər təşkil edib.

Əməliyyat üçün müraciət edən pasiyentlərin sayı isə 4 nəfərdən 432 nəfərə yüksəlib.

Müasir texnika və avadanlıqla icra olunan əməliyyat və prosedurlar

Ötən dövr ərzində bu günədək 1500 vətəndaş müraciəti qəbul edən Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılmış, Terapiya, Qastroentrologiya, Urologiya, Ginekologiya Nevrologiya, Kardiologiya şöbələri isə stasionar olaraq fəaliyyət göstərməyə başlayıb.  

Xidmətlər Zərfi daxilində müraciət sayı 50 000 -i keçən rengenoqrafiya, stress test, qastroskopiya, kolonoskopiya, spirometriya, kolposkopiya, sistoskopiya, doppler, MRT, KT, EEQ, EKQ, EXO, USM kimi müayinələrin icrasına başlanılıb.

Mərkəzin özəlliklərindən biri də sahib olduğu əməliyyatxana, reanimasiya yerləri və ən müasir avadanlıqlarla təchiz olunmasıdır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində icra olunan mürəkkəb və unikal əməliyyatlar isə  klinikada peşəkar komandanın fəaliyyət göstərməsinin bariz nümunəsidir.

Tibb müəssisəsində Xidmətlər Zərfi daxilində ilk dəfə olaraq koronar angioqrafiya (anjio), “ivor-lewis”, ERCP prosedurları, “laparoskopik düz bağırsağın ön rezeksiyası”, “heller miyotomiya+dor fundoplikasiya”, “radikal sistektomiya”, ikitərəfli nefroureterektomiya (hər iki böyrəyin sidik axarlarının böyük hissəsi ilə bərabər çıxarılması) və s. əməliyyatları icra olunub.  

Bundan başqa invaziv kardiologiya sahəsi üzrə vətəndaşlara xidmətlərin göstərilməsinə başlanılıb.

Təlimlər və beynəlxalq təcrübə

Geniş akt zalı və təlim mərkəzinə sahib Yeni Klinikada, həmçinin müxtəlif  istiqamətlərdə həm daxili, həm də xarici təlim və tədbirlər keçirilir.

Belə ki, 2022-ci ilin sentyabr ayından etibarən klinikada fəaliyyət göstərən əməkdaşlara ünsiyyət bacarıqları, xidmət mədəniyyəti, etik davranış qaydalarına dair təlimlər keçirilib.

Yeni Klinika rəhbərliyinin təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi əməkdaşları vətəndaş məmnuniyyətinin təmin edilməsi, etikanın mahiyyəti və əsas anlayışları, etik davranış və təşkilati mədəniyyət arasındakı qarşılıqlı əlaqə barəsində marifləndirməkdən ibarətdir.

Klinikada, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində tibb müəssisəsinin Keyfiyyətə nəzarət, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Statistika və Arxiv, Yeməkxana şöbələri, İnfeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) komissiyasının müxtəlif mövzularda təlimləri baş tutub.

Bundan əlavə mərkəzdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil olunan xarici təlimlərin keçirilməsi təmin olunur.

Qeyd edək ki, müəssisənin tibbi və inzibati heyətinin bilik və bacarıqların artırılması məqsədilə cari müddət ərzində 30-dan çox mövzü üzrə 900-dən çox əməkdaşı əhatə edən ixtisasartırma təlimləri həyata keçirilib.

Beynəlxalq istiqamətdə də inkişaf edərək bir sıra nailiyyətlərə nail olan tibb müəssisəsində Azərbaycan və Almaniya həkimlərinin Yeni Klinikada təcrübə mübadiləsi təşkil edilib.

Ötən il Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada “Kolorektal cərrahiyyədə qabaqcıl texnikalar və perioperativ proseslərin effektiv təşkili” mövzusunda ustad dərsləri keçirilib.

Ustad dərslərində gənc cərrahlara kolorektal cərrahiyyədə xəstələrin perioperativ aparılmasının effektiv təşkili yolları təqdim edilməklə yanaşı canlı həyata keçirilən kolektomiya nümunəsində cərrahi texnikalar müzakirə edilib. Canlı video əməliyyat Manhaym Klinikasının Cərrahi Mərkəzinin cərrahları Vüqar Yaqublu, Stefen Seyfred və Yeni Klinikanın cərrahı Alim Əkbərovun iştirakı ilə baş tutub.

Sosial tədbir və layihələr

Günü-gündən inkişaf edən Yeni Klinika son bir il ərzində müxtəlif sosial layihələr və 17 tədbir həyata keçirməklə medianın diqqətində olmağı bacarmışdır.  

“Xəyal Qutusu” layihəsi çərçivəsində şəhid övladı Nuray Şükürzadənin, “ASAN Məktub” sosial proqramı çərçivəsində 26 aztəminatlı ailənin uşaqlarının arzularının reallaşdırılması və “Mərhəmət evi” uşaq sığınacağında olan uşaqların müayinəsinin təşkil olunması tibb müəssisəsinin sosial fəaliyyətinin əsas göstəricisidir.

Sosial media hesablarında olduqca aktiv olan tibb müəssisəsi həkim tanıtımları, əməliyyat çəkilişləri, sosial tədbirlər ilə yanaşı, yeni “Tibb Akademiyası” layihəsini izləyicilərinə təqdim edib. Layihə çərçivəsində müxtəlif ixtisaslı həkimlər hər həftə insanları maraqlandıran mövzu ətrafında çıxış edirlər.

Klinikada 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Həmkarlar İttifaqının dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Ekoloji tarazlığın bərpasına kömək etmək, ətraf mühitin qorunması hissini aşılamaq və təbiətə töhfə vermək məqsədi ilə son səkkiz ayda Yeni Klinikanın ərazisində 15-i xan çinarı olmaqla, 300-dən artıq ağac əkilib.

Mərkəzdə, həmçinin göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Azərbaycan səhiyyə sisteminin inkişafını təmin edən lu öndər Heydər Əliyevin həyat və siyasi yaradıcılığına, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşə yaradılmışdır.

Tibb müəssisəsində Azərbaycan dövlətinin prioritet istiqamətlərindən olan şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və gənclərin diqqətdə saxlanılması əsas götürülərək rəhbərlik səviyyəsində işə qəbul olunmuş şəhid ailəsi üzvləri, qazi, Vətən müharibəsi içtirakçıları və gənclərlə daim görüşlər keçirilir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük tibb müəssisəsində ötən dövr ərzində Anesteziologiya və reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ümumi cərrahiyyə, Əməliyyatxana xidmətləri, Radiologiya, xidmət sayı 400 000 keçən Laboratoriya, Qastroenterologiya,  Terapiya, Urologiya, Kardiologiya, Ginekologiya şöbələri və poliklinika fəaliyyət göstərməyə başlayıb. Poliklinikada, həmçinin Ürək-damar cərrahiyyəsi, Neyrocərrahiyyə, LOR, Revmatologiya, Endokrinologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

Ötən ilin iyul ayında cəmi 181 həkim və orta tibbi heyətin çalışdığı mərkəzdə hazırda direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayevin rəhbərliyi ilə 125-i həkim olmaqla, ümumilikdə, 350-ə yaxın yerli və xarici təhsil müəssisələrində təhsil alan tibbi heyət fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.

Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31