Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Günəşdən qorunanlar...

Günəşdən qorunanlar...

25.07.2023 [11:37]

SPF-lərin orqanizmə xeyri və ziyanı

Günəşin faydaları saymaqla bitmir. Bütün canlılar üçün həyat mənbəyi sayılan Günəş şüaları insanı depressiyadan qoruyur. Mütəxəssislər, həmçinin günəş şüalarının D vitamini qaynağı olmağı ilə yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığını da bildirirlər. Lakin yer səthinə düşən radiasiya miqdarının normadan artıq olması Günəşin insan səhhətinə neqativ təsirini də artırır. Xüsusilə havalar isinən kimi Günəş şüasına allergiyası olan insanların dərisində müxtəlif xoşagəlməz reaksiyalar baş verir.

Zərərli ultrabənövşəyi şüalardan qorunaraq Günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Qızmar yay aylarında Günəş kremi istifadə etməyin vacib olduğunu hamımız bilirik. Lakin bu zaman bəzən ciddi səhvlərə yol verilir. Məsələn, keyfiyyətsiz və saxta Günəş kremlərindən istifadə bir çox fəsadlara gətirib çıxara bilər. Ona görə də orijinal günəş kremlərindən istifadə vacibdir.

Qeyd edək ki, Günəşdən qoruyucu kremlərin effektivliyi SPF faktoru ilə hesablanır. SPF Günəşin zərərli ultrabənövşəyi şüalarının yaratdığı qızartıları dayandırmaq qabiliyyətinə görə hesablanır. SPF 4-12-dən minimum qorunma, SPF 12-30-dan orta dərəcədə qorunma, 30 və yuxarı yüksək qorunma kimi hesablanır.

SPF kremlərin əks təsirləri

Günəş kremləri bəzən arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Günəşdən qoruyucu kremlərin tərkibindəki maddələrə qarşı allergik reaksiya yarana bilər. Klinik olaraq qoruyucu tətbiqin tətbiq olunduğu bölgədə qızartı, qaşınma və sulanma kimi reaksiyalar görünə bilər. Xüsusilə qoruyucu tərkibdə istifadə edilən PABA allergik reaksiyaya səbəb ola bilən bir maddədir. Allergiyası olan insanlar günəşdən qoruyucu seçərkən hipoalerjenik etiketli məhsulları seçməlidirlər. İnsanın dəri tipinə uyğun məhsul seçmək çox vacibdir.

Günəşdən qoruyucu kremlər gözlərlə təmasda olduqda göz ağrısı və qıcıqlanma, işığa qarşı həssaslığa səbəb ola bilər. Odur ki, qoruyucuların gözlərlə təmasının qarşısı alınmalı, təmasda olduqda gözlər dərhal bol su ilə yuyulmalı və həkimə müraciət edilməlidir.

Günəş kremi seçərkən nələrə diqqət edilməlidir?

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən kosmetoloq-həkim Nərgiz Zeynalovanın sözlərinə görə, Günəşdən qoruyucu vasitə dözümlü, toksik olmayan, fotosabit olmalı, dəridə yanmaya səbəb olmamalıdır, suya və tərə davamlı olmalıdır. Kosmetoloq qeyd edib ki, istifadə müddəti bitmiş Günəş kremi dəri üçün çox təhlükəli ola bilər: “İsti mühitlərdə günəşdən qoruyucu kremlər daha qısa müddətdə təsirini itirir. Günəşdən qoruyucu vasitələr - losyonlar, kremlər, gellər, məlhəmlər, mum çubuqları və spreylər şəklində mövcuddur. İnsanlar dəri tiplərinə uyğun Günəş kreminə üstünlük verməlidirlər. Kremlər quru dərilər üçün, gellər baş dərisi və ya tüklü bölgələr üçün, çubuqlar göz ətrafında istifadə üçün uyğundur.

SPF kremlərin düzgün istifadəsi

N.Zeynalovanın sözlərinə görə, Günəşdən qorunmaqla bağlı insanların səhv bildiyi məlumatlar var: “SPF kremlərini ancaq çölə çıxanda vura bilərəm” ifadəsi yanlışdır. Günəşdən qoruyucu məhsulları çöldə deyil, günəşə çıxmadan təxminən 30 dəqiqə əvvəl evdə sürtmək lazımdır. Çünki günəşdən qoruyucu məhsullar ancaq bu müddətdə dəridən sorularaq effektli olur. Kremləri dəriyə elə çəkmək lazımdır ki, bütün dərini əhatə etsin”.

Hər iki saatdan bir...

Kremi gün ərzində yalnız bir dəfə çəkməyin düzgün olmadığını vurğulayan kosmetoloq bildirib ki, SPF-ləri gündə bir dəfə istifadə etmək effektli olmaz: “Bu səbəbdən yayda kremi dəriyə hər iki saatdan bir sürtmək məsləhətdir. Dənizə və ya hovuza gedəndə isə bunu daha tez-tez etmək lazımdır. Daha yüksək dərəcəli kremlər istifadə etmək məsləhətlidir. Ona görə də SPF-in dərəcəsinə xüsusi diqqət etmək lazımdır. İnsanlar adətən gün qoruyucu kremlər alarkən tərkibinə elə də ciddi fikir vermirlər. Sadəcə, SPF sözünü görüb kifayətlənirlər. Ola bilər ki, nəmləndirici kremin tərkibində SPF olsun. Təbii ki, o krem gündən qorunmaq üçün köməkçi vasitə deyil. Ona görə də üzərində “gündən qoruyucu” sözləri yazılmış kremlərdən istifadə etmək lazımdır. Azərbaycan ərazisində SPF dərəcəsi 50-dən çox olan kremlər daha yaxşı hesab edilir. Ən azı, SPF 30 olmalıdır. Bir faktı da qeyd edim ki, hər 2 saatda bir çəkilən 30 dərəcəli krem yalnız bir dəfə sürtülən 100 dərəcəli SPF-dən daha təsirlidir”.

Saxta kremlər...

Kosmetoloq həmçinin saxta Günəş kremlərinin dəriyə ziyanları barədə danışıb: “Təəssüf ki, bəzən insanlar qiyməti daha ucuz olan məhsullara üstünlük verirlər. Lakin ucuz və keyfiyyətsiz Günəş kremlərinin dəridə müxtəlif xəstəliklər yarada biləcəyinin fərqində deyillər. Hətta belə kremlər dəri xərçənginə səbəb ola bilər”.

Məhsulun orijinal olduğunu necə bilək?

N.Zeynalovanın sözlərinə görə, yadda saxlamaq lazımdır ki, orijinal və keyfiyyətli məhsullar, həmçinin Günəş kremləri heç vaxt aşağı qiymətə satıla bilməz: “Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən məhsullar almaq məsləhət deyil. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda da təsadüf etmək olar. Ona görə də məhsulu almazdan əvvəl brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənmək lazımdır. Alıcılar ən yaxşı çıxış yolu kimi mağazadan aldığı məhsulların sertifikatını tələb edə bilər. Vicdanlı satıcı heç bir problem olmadan həmin sertifikatı təqdim edəcək”.

Y.SƏLİM

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31