Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 7 ölkədən ortaq bəyanat...

7 ölkədən ortaq bəyanat...

03.08.2023 [11:30]

Ermənistan təxribatları dayandırmalıdır!

Yeganə BAYRAMOVA

Son zamanlar Ermənistan hökuməti siyasi məqsədlərinə çatmaq, Qarabağdakı erməni sakinlərinin reinteqrasiyasını əngəlləmək üçün süni maneələr yaratmağa çalışır. Rəsmi İrəvan birbaşa danışıqlar aparmaqdan imtina edərək sülh prosesini davamlı olaraq əngəlləyir. Məlumdur ki, Azərbaycan post-münaqişə dövründə Ermənistanla keçmiş müharibənin nəticələrinin aradan qaldırılması üçün davamlı səy göstərir. Regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün layihələr hazırlanır. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı göz önündədir.

Bu günlərdə Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları müştərək bəyanat yayıb. Bəyanatın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etməkdir.

Qeyd edək ki, sözügedən birgə bəyanatda bir sıra xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının da imzası var. Bu ölkələrə İndoneziya, Keniya, ABŞ, Qana, Hindistan və Pakistan daxildir.

Təkzib edirik!

Bəyanatda qeyd olunub ki, çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradılıb: “Azərbaycan Respublikasının Konstitusiyası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir. Azərbaycan öz Konstitusiyasına, qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyini də təmin edəcək.

Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışır. Bu iddialar tamamilə əsassızdır və təkzib edirik”.

Suveren və qanuni addım...

Vətəndaş cəmiyyəti təşkilatlarının birgə bəyanatında Laçın yolunun Azərbaycanın suveren əraziləri daxilində yerləşdiyi vurğulanıb: “Azərbaycan öz suveren hüququndan istifadə edərək, dövlət sərhədində Laçında nəzarət-buraxılış məntəqəsi yaradıb. Bu məntəqə Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları tərəfindən də istifadə olunur. Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli Sərəncamı ilə Ermənistanın tələbini rədd etməklə yanaşı, Azərbaycanın sərhəddə keçid məntəqəsinin yaradılması ilə bağlı addımının suveren və qanuni qərar olduğunu bir daha təsdiqləyib.

Azərbaycan tərəfinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədi. Beynəlxalq Qızıl Xaç Komitəsi də humanitar yardım üçün çox əlverişli və işlək olan bu yoldan istifadə etməyə hazırdır. Ağdam-Xankəndi yolu hər növ yüklərin daşınması üçün tam işlək vəziyyətdədir. Amma qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və bu yoldan istifadə etməkdən imtina edirlər”.

Azərbaycan blokada yaratmır...

Vətəndaş cəmiyyəti təşkilatları vurğulayıblar ki, humanitar böhran iddiaları, Ermənistanın və qanunsuz rejimin qalıqlarının provakasiyaları yalnız siyasi tamaşadan ibarətdir: “Ermənistan Qarabağdakı ermənilərin gündəlik ehtiyaclarının Azərbaycan hökuməti vasitəsilə asanlıqla həllinə mane olmaqla reinteqrasiya prosesini əngəlləyir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır, əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.

Bu, həmin Ermənistan tərəfidir ki, 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Həmin blokada Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinə mane olur, insanların və malların gediş-gəlişini əngəlləyir. Davam edən blokada Naxçıvan əhalisinə, onların iqtisadi fəaliyyətlərinə, zəruri xidmətlərə çıxışına və öz ölkəsi daxilində hərəkət azadlığına ciddi təsir göstərir”.

Reinteqrasiya əngəllənir...

Bəyanatda, həmçinin qeyd olunub ki, Ermənistan rəhbərliyi və qanunsuz rejimin qalıqları Qarabağ bölgəsinin erməni sakinlərinə təzyiq göstərir, öz siyasi məqsədlərinə çatmaq və reinteqrasiyaya qəsdən mane olmaq üçün yerli sakinləri girov kimi istismar edirlər: “Reinteqrasiya məqsədilə Azərbaycan yerli ermənilərlə fəal şəkildə əlaqə yaradır. Bu məqsədlə Azərbaycandan təmsilçi qismində məsul şəxs təyin edilib. Lakin Ermənistan tərəfi danışıqlarda irəliləyişə mane olub və ilk görüşdən sonra aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək təmasları davam etdirmək üçün Bakıya gəlməkdən imtina edib.

Azərbaycan Qarabağda su təchizatı, nəqliyyat və elektrik təchizatı ilə bağlı problemləri həll etmək üçün ixtisaslı şirkətləri cəlb etməklə uğurlu layihələr həyata keçirib. 2020-ci il müharibəsinin ardınca Azərbaycan yerli ermənilərin də istifadə etdiyi yeni, müasir tələblərə cavab verən Laçın yolunu çəkdi. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası, eyni zamanda, onların yaşayış standartlarını da yüksəldəcək”.

Təxribatları dayandırmağa çağırırıq

Bəyanatda vurğulanıb ki, azərbaycanlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən, məsələn, Xocalı, Xankəndi, Şuşanın kəndlərindən 30 il əvvəl qovulublar: “Azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması ermənilərin tez-tez istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 7-ci maddəsində açıq şəkildə göstərilib. Azərbaycan öz keçmiş məcburi köçkünlərinin dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz yurd yerlərinə qayıtmasını təmin edəcəkdir.

Ermənistan hökumətini təxribatları dayandırmağa çağırırıq. Çünki onlar Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mane olur və regionda sülh və təhlükəsizliyə nail olmaq üçün süni maneələr yaradırlar.

Beynəlxalq təşkilatlara müraciət edirik ki, adekvat reaksiya versinlər və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləsinlər”.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31