Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gəncliyin bayramı

Gəncliyin bayramı

12.08.2023 [12:10]

Azərbaycanın gənclər siyasəti dünyaya örnəkdir

Günel ABBAS

Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. 1998-ci ildə Lissabonda keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb. Ölkəmizdə isə “Gənclər günü” hər il fevral ayının 2-də qeyd olunur.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenidən əldə etmiş respublikamızda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir, dövlətçiliyimizə xələl gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr, separatçı mövqedən çıxış edir, Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu: “Yaranmış gərgin vəziyyət, Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və cəbhədəki uğursuzluqlar gənclərimizi də ruh düşkünlüyünə, bədbin əhvali-ruhiyyəyə sövq etmişdi. Dövlət müstəqilliyimizin əldə olunmasında müstəsna rol oynamış, xalq hərəkatının önündə gedərək azadlıq və müstəqillik ideyalarının daşıyıcıları olmuş, Vətənin müdafiəsi torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimiz diqqətdən kənar qalmışdılar.

Məhz belə bir vaxtda gənclərin strateji dövlət maraqlarının təminatçısı olduğunun dərk edilməsi və onlarla yeni məzmunda iş aparılması, dövlət siyasətinin həyata keçirilməsi olduqca vacib idi. Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə yeni hakimiyyətə qayıdan Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət gənclərlə iş sahəsində də ciddi dönüş yaratmağa imkan verdi. Gənclərə qayğı gündən-günə artdı. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradıldı. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə təkmilləşdirilmələrinə, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələrinə qayğı göstərildi”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşıb: “Belə ki, idmanımızın inkişafı da məhz onun sayəsində mümkün olub. Bütün bunlar dövlətin gənclərimizə qayğısının nəticəsidir. 1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti haqqında” Fərman imzaladı. Bu fərmanla geniş tədbirlər planı həyata keçirilməyə başlandı. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb.

Bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində dövlət-gənclər siyasətinin normativ hüquqi bazası formalaşıb. Respublika gənclərinin II forumundan sonra uşaq və gənclərin problemlərinin həllinə, hüquqlarının müdafiəsinə yönəldilmiş 3 qanun qəbul edildi. Respublikamız bu sahədə bir sıra hüquqi konvensiyaya qoşulub. Bütün bunlar bir daha sübut edir ki, gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir və o, ölkə rəhbərinin daimi nəzarətindədir.  Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçımızın onlara olan etimadlarını doğruldur. Qarabağı işğaldan azad edən gənclərin məhz müstəqillik dövrünün yetirmələri olması bu etimadın özünü doğrultmasına ən böyük nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “... sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da gerçəkləşdirəcək, inkişaf etdirəcək və daha işıqlı gələcəyə aparacaq”.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31