Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Strateji layihələr müştərək qaydada maliyyələşdiriləcək

Strateji layihələr müştərək qaydada maliyyələşdiriləcək

24.08.2023 [11:19]

Mübariz 

Azərbaycanla Özbəkistan arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı müzakirələrə xeyli müddət bundan əvvəl başlanılmışdı. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi belə bir maliyyə qurumunun yaradılmasını bir növ zərurətə çevirmişdi. Məlumdur ki, ayrı-ayrı beynəlxalq maliyyə qurumları regional miqyaslı layihələrin reallaşdırılmasına vəsaitlər yönəldərkən öz şərtlərini diqtə edirlər. Eyni zamanda, onların qərarları bir sıra hallarda siyasi təzyiq vasitəsinə çevrilir. Güclü iqtisadi potensiala malik Azərbaycan və Özbəkistan bütün bu məqamları nəzərə almaqla strateji layihələrini müştərək qaydada maliyyələşdirmək qərarına gəliblər. Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı müzakirələr nəhayət cari ilin fevralında Daşkəndddə baş tutan Regionlararası Forum çərçivəsində  sonuclanıb və bununla bağlı qərar verilib. Sonrakı mərhələdə Birgə İnvestisiya Fondunun yaradılmasını özündə ehtiva edən saziş müvafiq qaydada təsdiqlənib.

Fondun ilkin nizamnamə kapitalı 500 milyon ABŞ dollarına bərabərdir. Qurumun vəsaitləri prioritet layihələrin icrasına yönəldiləcək. Ekspertlər nəzərdə tutulan prioritet layihələr sırasında neft-qaz, “yaşıl enerji”, avtomobil və toxuculuq sənayesi, eləcə də kənd təsərrüfatı sektorunda reallaşdırılması nəzərdə tutulan layihələri önə çəkirlər. Fond iki ölkə  arasında iqtisadi əlaqələrin dərinləşməsi prosesində ciddi rol oynaya bilər. İlkin hesablamalara görə, fondun maliyyələşdirmə ehtimalı böyük olan layihələrin ümumi dəyəri 800 milyon dollardan çoxdur. Bu isə o anlama gəlir ki, Birgə İnvestisiya Fonduna yeni maliyyə vəsaitlərinin cəlb edilməsi yaxın perspektivdə qaçılmaz olacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev dost ölkənin dövlət başçısının respublikamıza baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatda bu məsələyə xüsusi diqqət çəkib. “Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında Birgə İnvestisiya Fondunun yaradılması Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələrin yaratdıqları ilk belə qurum deyil. Yeni geosiyasi maraqlar fonunda Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi həm də güclü iqtisadi potensial və ortaq maraqlarla şərtlənir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Verilən məlumatlara əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 trilyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Fond və onun aktivləri, əmlakı, gəlirləri və bununla bağlı əməliyyatlar, o cümlədən rəsmi istifadə üçün idxal olunan mallar və nəqliyyat vasitələri saxlama və bu kimi xidmətlərə görə ödənişlər istisna olmaqla, bütün birbaşa və dolayı vergilərdən, gömrük rüsumlarından, rüsum və xərclərdən azaddır.

Daha bir mühüm məqama da diqqət çəkək. Fondun təsisçisi olan Türk dövlətləri Asiyadan Avropaya yükdaşımaların reallaşdırıldığı Orta Dəhlizdə yer alırlar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda mətbuata verdiyi Bəyanatında ölkəsi üçün nəqliyyat sahəsinin çox ciddi komponent olduğunu diqqətə çatdırıb. Hazırkı geosiyasi reallıqlar şəraitində dost ölkənin beynəlxalq kommunikasiyalara çıxışının təmin olunması baxımından Azərbaycanın önəmi əhəmiyyətli dərəcədə artıb. Həm Azərbaycan, həm də Özbəkistan Orta Dəhlizlə daşımaların artırılmasında maraqlıdırlar. Hazırda bu dəhliz Avrasiya coğrafiyasında  ən əlverişli marşrut sayılır. ABŞ və Avropa İttifaqı bəhs olunan dəhlizin inkişafına ciddi siyasi dəstək verirlər. Avropa İttifaqı həm də maliyyə dəstəyi təmin etməyə hazırdır və bunu dəfələrlə bəyan edib.

Ötən il TDT-da birləşən ölkələr üzrə xarici investisiya qoyuluşunda artım baş verib. Belə ki, Azərbaycan iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 30,9 faiz artaraq 6,276 milyard dollara çatıb. 2022-ci ildə Özbəkistan iqtisadiyyatına 9,9 milyard dollarlıq xarici investisiya yönəldilib. 2022-ci ildə Türkiyəyə 12,8 milyard dollar birbaşa xarici investisiya yatırılıb. 2021-də bu göstərici 11,9 milyard dollar olmuşdu.

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31